Azərbaycan-Türkiyə birliyi
sarsılmazdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə
Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki,
qonaqları salamlayan Prezident
İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: Xoş gördük.
Prezident İlham Əliyev: Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.
Türkiyə dövlətinin
və xalqının dəstəyi xüsusi
önəm daşıyır. Türkiyə və Azərbaycan
dünya miqyasında bir-birinə ən
yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan
qədər bir-birinə yaxın ikinci
ölkə tapmaq mümkün
deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük
Millət Məclisinin
açıqlamaları, Sizin,
hörmətli cənab
Sədr, açıqlamalarınız,
nazirlərin açıqlamaları,
Türkiyədən adi
vətəndaşlardan mənə
gələn məktublar
böyük həmrəyliyin
təzahürüdür.
Bu mövqeyə,
qardaşlıq mövqeyinə
görə və gəldiyiniz üçün
bir daha Sizə təşəkkürümü
bildirirəm. Əminəm ki, səfəriniz
bizim qardaşlıq əlaqələrimizin tarixində
yeni gözəl səhifə olacaqdır.
Xoş gəlmisiniz.
***
Türkiyə Böyük
Millət Məclisinin
Sədri Mustafa
Şentop: İnşallah.
Xoş gördük, cənab Prezidentim. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını
çatdırmaq istəyirəm.
Türkiyə Böyük Millət
Məclisindən deputatlarımızın
hamısının Sizə
salamları var, parlamentimizin duaları sizinlədir.
Burada fərqli partiyalardan dostlarımız var. Biz təmsilçilik
qabiliyyəti yüksək
olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.
Bunu Türkiyədə
hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir
daha açıqlama verdi. Amma bütün
bunları bir də Bakıda təkrarlamaq, söyləmək
istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti
üçün dua edirik, o sevindirici xəbərləri aldıqca
da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.
Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. "Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.
Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2020.- 20 oktyabr.- S.1-2.