“Biz
Ermənistanın işğal edilmiş ərazilərdə
yerləşən əsas hərbi-texniki potensialını
praktiki olaraq məhv etmişik”
İlham Əliyev
Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə
verib. AZƏRTAC videomüsahibəni təqdim edir.
-Hər vaxtınız
xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşürük. Mən, Yuliya
Şarifulina TASS agentliyi adından cənab Prezidentə
Dağlıq Qarabağ ətrafında vəziyyətlə
bağlı bir neçə sual verəcəyəm.
- Salam, cənab Prezident.
Prezident İlham Əliyev:Salam.
- Sağ olun ki, bizi qəbul
etməyə razılıq vermisiniz. Aydındır ki, son
vaxtlar Siz kütləvi informasiya vasitələrinə
çoxsaylı müsahibələr vermisiniz. Lakin
vəziyyət sürətlə dəyişir. Biz bunu hər gün müşahidə edirik.
Biz bəlkə də hələ zamana uyğun olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı
anlamaqda bizim auditoriyaya kömək edəcək bəzi baza məsələləri
üzərində daha ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq
danışıqlar marafonunun şahidləri olduq. Siz necə
hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə
yerinə yetirilməsinə qayıtmaq mümkündür,
yoxsa həmin atəşkəs tamamilə pozulub?
- Biz öz tərəfdaşlarımızla
əlaqələr çərçivəsində üzərimizə
götürdüyümüz öhdəliklərə sadiqik.
Həm əvvəldən, həm də münaqişənin
nizamlanmasına dair danışıqlar prosesində biz həmişə
həm beynəlxalq hüquqa, həm də münaqişənin
dinc yolla həllinə sadiqliyimizə, o cümlədən
Moskva danışıqlarından sonra Azərbaycanın öz
üzərinə götürdüyü öhdəliklərə
əsaslanmışıq, həmin öhdəlikləri yerinə
yetirməyə çalışırdıq və
hazırlaşırdıq. Lakin təəssüf
ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə
pozdu. Danışıqlardan sonra heç
24 saat keçməmiş Gəncə şəhərinə
hücum edildi. Gecə vaxtı -
yatmış Gəncə şəhərinin
yaşayış məhəllələrinə məqsədyönlü
şəkildə zərbə endirildi. Birinci
hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və
yaralananlar hədsiz çox idi. Yəni,
Ermənistan atəşkəsi nümayişkaranə şəkildə
pozdu. Beləliklə o, vasitəçilərə
hörmətsizlik, Moskvada belə uzun danışıqlardan
sonra öz üzərinə götürdüyü öhdəliklərə
hörmətsizlik göstərdi. Bundan əvvəl,
həlak olanların cəsədlərinin, əsirlərin və
girovların mübadiləsi məqsədilə atəşkəsin
şərtləri razılaşdırıldıqdan sonra Ermənistan
döyüş meydanında da atəşkəs rejimini
pozurdu. Lakin görünür, onlar bununla
kifayətlənmədi və Gəncə şəhərinə
hücum etdilər. Yeri gəlmişkən,
yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət
etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya
birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi
o deməkdir ki, bu, ermənilərə baha başa gələcək.
BMT-nin Baş katibi də, Avropa İttifaqı
da, bir çox ölkələr də bu beynəlxalq terrorizm
aktını milli səviyyədə pisləyiblər.
Vəziyyətin hələ də qaynar
fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə
demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir.
Bu prinsiplər çoxillik danışıqlar
prosesində işlənib hazırlanıb. Mən öz
açıq çıxışlarım və bu günlərdə
mətbuat nümayəndələri ilə əlaqələrim
çərçivəsində təsdiq etmişəm ki, əgər
Ermənistan danışıqlar məcrasında
özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları
dayandırmağa hazırıq. Lakin Yerevandan
eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən
hazırlanmış baza prinsiplərinə tamamilə ziddir.
Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda
baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli
bəyanatlarla çıxış edib. Prinsip
etibarilə, Ermənistanın yeni rəhbərliyinin
bütün fəaliyyəti danışıqlar prosesinin
pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə
yox, məhz pozmağa. Mən onların
çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri
və Azərbaycanın dinc əhalisinə hücumları barədə
danışmışam. Buna görə də,
əgər erməni tərəfi nəhayət başa
düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə
aparır, biz hərbi əməliyyatları yenidən
dayandırmağa və məsələni
danışıqlar masası arxasında həll etməyə
hazırıq.
- Sizin ölkəniz hərbi
xətt üzrə təcili görüş keçirilməsinin
zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir. Yəni, əgər Sizin ölkə
razıdırsa, onda həmin görüş hansı formatda,
hansı tərəflərin iştirakı ilə keçirilə
bilərdi?
- Bilirsinizmi, indiki halda birinci dərəcəli
məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin
siyasi iradəsidir. Bizim tərəfdən bu iradə
var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm.
Özü də bunu elə bir vaxtda təsdiq
edirəm ki, işğal altında olan ərazilərdə
daha 13 yaşayış məntəqəsinin azad olunması
bu gün elan edilib. Elə bir vaxtda ki, erməni
ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz
üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam
etməsini istəmədən, insanların həyatını
qoruyub saxlamağı arzu edərək bu məsələni
siyasi yolla həll etməyə hazırıq.
Hərbçilər arasında əlaqələr
məsələsinə gəldikdə isə bu məqamlar
baza prinsiplərində dəqiq müəyyən edilib və
biz baza prinsiplərinə sadiqik, onların barəsində
danışmışam, zənnimcə, təkrarlamağın
mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal
edilmiş ərazilərin qaytarılması, Dağlıq
Qarabağın gələcəyinə dair
danışıqlar, qaçqınlar və məcburi
köçkünlərin əvvəlki yaşayış yerlərinə,
o cümlədən Dağlıq Qarabağa, Şuşaya
qaytarılmasıdır. Bütün bunlar
baza prinsiplərində yazılıb. Ermənistan
tərəfi də müxtəlif mərhələlərdə
bütün bunlara razılıq verib. Buna
görə indi sizin müraciət etdiyiniz məsələ
baza prinsiplərində razılaşmanın sonundadır.
İşğala son qoyulması ilə
bağlı bütün məsələlər
nizamlandıqda xarici sülhməramlı qüvvələrin
iştirakı nəzərdə tutulurdu. Lakin
nizamlanması tələb edilən əsas məsələlər
razılaşdırılmadığına görə, tərəflər
bu məsələyə hələ də başlamayıblar.
Buna görə həmin qüvvələrin kimlərdən
ibarət olacağı, orada hansı beynəlxalq
qurumların, hansı ölkələrin təmsil
olunacağı barədə dəqiq anlayış yox idi.
Odur ki, bütün bu məsələlər
müzakirə edilmirdi. Lakin aydın idi ki,
sülhməramlı qüvvələrin tərkibi Azərbaycan
və Ermənistan ilə
razılaşdırılmalıdır. Həmin
qüvvələrin dislokasiya yerləri də müəyyən
edilməmişdir. Ona görə, bu
gün təmas xəttinin olmadığı, status-kvonun
pozulduğu, - onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və
Fransa dövlət başçılarının bəyanatları,
status-kvonun qəbuledilməz olması barədə dövlət
başçılarının dəfələrlə səsləndirdiyi
bəyanatları çərçivəsində etmişik.
Biz bu bəyanatları eşitmişik, lakin
onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya
etdik. Yəni, status-kvo yoxdur, təmas xətti
yoxdur. Hərbi müşahidəçilər
texniki baxımdan necə və harada yerləşdirilə bilər?
Axı, döyüş meydanında vəziyyət
hər gün dəyişir. Hansısa
xarici müşahidəçilər oraya gələndə
harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə,
körpülərin üstündə? Yəni,
bütün bunlar çox ətraflı işlənib
hazırlanma tələb edir. Bu, öz hərbi
kontingentini oraya göndərməyi lazım bilənlər
üçün böyük riskdir. Ona
görə də bütün bunlar - sülhməramlıların
tərkibi, mandatı, müddəti, məqsədləri
razılaşdırılmalıdır. Əlbəttə,
bütün bunlar baza prinsipləri çərçivəsində
olmalıdır, həmin prinsipləri isə artıq dediyim
kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib
edir.
- Lakin hər halda, vəziyyət
tələb edərsə, Sizin ölkəniz
rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə
razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada
daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti
etiraz edərdiniz?
- Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da
ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində
ölkələr öz arasında çox sıx
qarşılıqlı fəaliyyət göstərir.
İndi, münaqişənin qaynar fazası dövründə
mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında
müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi
həmin ölkələr arasında fikir
ayrılığı doğurmayan yeganə məsələdir.
Yəqin ki, bu, həqiqətən belədir.
Ona görə ki, haraya baxsaq hər yerdə
sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair,
özü də qarşılıqlı. Buna
görə, əlbəttə, mən əminəm ki, həmsədrlik
formatı çərçivəsində bu məsələ
həmin ölkələr arasında
razılaşdırılmalıdır. Bu
məsələ razılaşdırılandan sonra tərəflərə
təqdim edilməlidir. Yəni,
bütün bunlar baza prinsiplərində də nəzərdə
tutulmuşdur. Ona görə sülhməramlıların
və ya indi adlandırmaq istədikləri kimi desək,
müşahidəçilərin kimlər olacağını
biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif
edəcəklər. Azərbaycan və Ermənistan
isə öz tərəflərindən bu və ya digər
ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm
ki, bu məsələnin birtərəfli qaydada həlli
hansısa hərbi kontingentin müəyyən edilməsi
üçün üç həmsədr ölkə
arasında əməkdaşlığın ruhuna uyğun
olardı. Ən başlıcası, onlar
harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və
ya razılaşmayacaq. Biz mandatı - onun,
necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi
məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə
dayanıb kimin haraya atəş açmasını
müşahidə edəcəklər? Əvvələn,
bu, təhlükəlidir. İkincisi, məsələn,
atəşkəsi kimin pozduğunu müşahidə etmək
üçün hətta onu kimin pozduğu müəyyən
edilsə belə, sonra nə olsun? Həmin
insanları məsuliyyətə cəlb edəcəklər?
Hansısa cinayət işləri
açılacaq? Buna görə, ilk
növbədə, baza prinsiplərinin implementasiyası
qaydası müəyyən edilməlidir. Erməni
tərəfi, baş nazirin şəxsində bu prinsiplərə
sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni
tərəfi isə baş nazirin şəxsində hər
şeydən danışır, amma bu barədə
danışmır. Rusiya KİV-lərinin nümayəndələri
ilə bizim paralel əlaqələrimiz çərçivəsində
mən aydın demişəm ki, biz işğala son
qoyulmasını, erməni və azərbaycanlı əhalinin
əvvəlki yaşayış yerlərində birgə
yaşamasını, azərbaycanlıların Şuşaya,
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər
yaşayış məntəqələrinə
qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə
sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat
barədə danışır. Yəni o,
bu prinsipləri qəbul etmir, daha əvvəl
özünün "Qarabağ Ermənistandır və
nöqtə” kimi və digər səmərəsiz bəyanatları
ilə əslində, danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə
gətirib çıxarmamış status-kvoya yenidən
qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi
deyir: bəli, biz Azərbaycanın ərazi
bütövlüyünü tanıyırıq, ikincisi, biz
baza prinsiplərinə sadiqik, üçüncüsü, biz
işğal edilmiş ərazilərdən öz
qoşunlarımızı çıxarmağa razıyıq.
Bax, onda gəlin müşahidəçilər
məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə
razılaşdırıla bilər. Lakin
bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif
edilir? Dayanmaq? Bizim ərazilərimizin
işğaldan azad olunmasını davam etdirməmək?
Bizə təklif edirlər ki, Ermənistana
güzəştə gedək, birtərəfli güzəştə,
lakin əvəzində bizə heç nə təklif edilmir.
Bu, ədalətsizlikdir. Hesab
edirəm ki, Azərbaycana münasibətdə bu,
düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi
desin, qoy, Ermənistanın çox danışmağı
xoşlayan və çox vaxt danışdıqları ölkəsinə
çox baha başa gələn baş naziri desin ki, bəli,
torpaqlar işğaldan azad ediləcək, qoşunlar
çıxarılacaq. Mən qoşunların
işğal edilmiş ərazilərdən
çıxarılması qrafikinin verilməsini də təklif
etmişdim. Sonra biz Moskvada birgünlük
danışıqlar çərçivəsində bunu etməyin
texniki baxımdan mümkün olmadığını başa
düşdük və bu mövqedən geri çəkildik.
Bununla belə, biz Ermənistan tərəfinin
öz qoşunlarını işğal altında olan ərazilərdən
çıxarmağa hazır olmasını eşitmədik.
Bu, baş verən kimi belə adlandırılan
müşahidəçilər məsələsinə
baxıla bilər.
- Prinsip etibarilə
nizamlamanın ardıcıllığı barədə
danışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli
şəkildə Azərbaycana qaytarılması, lakin
Qarabağın qəti statusu müəyyən edilənə
qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti
altında saxlanılması şərti ilə nizamlamaya
başlamağa razıdırlarmı?
- Bilirsiniz, axı bütün bunlar baza
prinsiplərində yazılıb və biz bunu qəbul
etmişik. Bizim mövqeyimiz həmişə
çox konstruktiv olub və biz həmişə demişik ki,
bəli, biz anlayırıq, insanlar arasında əlaqə
olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin
tərkib hissəsidir. Bununla bərabər,
axı baza prinsiplərində yazılıb ki, təkcə
Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə
zəmanət təqdim etməli idi. Ermənistanla
Azərbaycan arasında sərhəddə kommunikasiyalar
açılır. Həmçinin nəzərdə
tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə
maneəsiz yerüstü keçmək imkanına malik olacaq.
Hazırda Ermənistan bu imkandan məhrum deyil,
lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək
qat-qat rahatdır və bu, hava şəraitindən,
dağlarda qar yağmasından və sair məsələlərdən
asılı deyil. Yəni, bütün bunlar Azərbaycan
ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı
məcburi köçkünlərin qovulduğu bütün
torpaqlara, təkcə yeddi rayona deyil, həm də
Dağlıq Qarabağın ərazisinə, - münaqişə
başlayana qədər orada yaşayan bütün əhalinin
25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə
tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə,
Dağlıq Qarabağ ilə Ermənistan arasında
Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş
də nəzərdə tutulurdu. Biz bu
mövqeyimizi bir daha təsdiq edirik.
- Cənab Prezident, sirr deyil
ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və
Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi
barədə xəbərlərə görə
narahatlığını bildirib. Siz bunu necə
şərh edərdiniz?
- Mən bu barədə dəfələrlə
açıq demişəm ki, bu cür narahatlıqlar əsassızdır.
İndiyə qədər bizə heç bir tərəf
heç bir fakt təqdim etməyib. Bu
cür bəyanatlar təkcə Rusiya tərəfindən
deyil, Fransa tərəfindən də səslənirdi və
biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət
etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim
edilsin. İndiyə qədər bizə
sözlərdən başqa heç bir fakt təqdim edilməyib.
Nə Prezident kimi mənə, nə bizim
xüsusi xidmətlərin rəhbərlərinə, nə də
Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir
fakt təqdim edilməyib. Yaxşı, əgər
belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə
üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad
edirlər. Bilirsiniz, indi nə istəsən
yazmaq olar. Ona görə biz bu
yanaşmanı əsla qəbul etmirik və bəyənmirik.
Bu, birincisi.
İkincisi, mən artıq demişəm
ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm
də texniki təchizat baxımından
üstünlüyünü göstərib. Biz Ermənistanın
işğal edilmiş ərazilərdə yerləşən əsas
hərbi-texniki potensialını praktiki olaraq məhv
etmişik. Mən bu rəqəmləri
göstərmişəm. 230-dan çox tank əsasən
pilotsuz uçuş aparatları vasitəsilə, habelə
tank əleyhinə müasir mübarizə sistemləri – bunu
gizlətmirəm, özü tuşlanan "Spike” raketləri
vasitəsilə məhv edilib. Biz dünənə qədər
36 tankı qənimət götürmüşük,
çoxlu sayda digər texnikanı, o cümlədən ən
müasir "S-300” zenit-raket komplekslərini, bir neçə
işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi
qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş
qurğularına qarşı işləməlidirlər, lakin
PUA-lar onları məhv edib. Məgər
bunları Suriyanın harasındansa gəlmiş
terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri
azad edərkən kim orada həmin
terrorçuları görüb? Bunlar bizim əsgərlər
və zabitlərdir. Bizim ehtiyatda
olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min
döyüşçümüz var. Biz hətta səfərbərlik
elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən
səfərbərlik elan etdik, neçə nəfər cəlb
etməyimiz barədə rəqəmlər göstərmək
istəmirəm. Lakin onlardan əsasən
azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə
nəzarətin təmin olunması üçün istifadə
edirik. Biz ehtiyatda olanları
döyüşə buraxmırıq, hazırda onlar bizim azad
etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni
tərəfin təxribat cəhdlərinin
qarşısını alsınlar. Buna
görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var.
Açıq deyim, mən təəssüflənirəm ki,
belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana
qara yaxmağa cəhd göstərilir. Eyni
zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə
olması bizə aydındır. Onlar
bütün bu illər ərzində qürrələnir,
özlərinin "məğlubedilməz ordusu” ilə
lovğalanırdı. Biz onları
torpaqlarımızdan elə qovduq ki, dabanlarına
tüpürüb qaçdılar. Belə
halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür
etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu
deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir.
Bizim tərəfimizdən heç bir ölkə
münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə
heç bir terrorçu yoxdur. Qarşı
tərəfə, erməni tərəfinə gəldikdə
isə biz Rusiya tərəfinə belə bir
narahatlığımızı
çatdırmışdıq ki, qarşıdurmanın aktiv
fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə
külli miqdarda silah keçirilir. Bizdə
bu barədə məlumatlar var, uçuşların xəritələri
var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə
çatdırılıb. Əlbəttə,
bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar
doğurur. Bax, vəziyyət belədir.
Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən
Ermənistana göndərilmiş silahların nomenklaturunu,
bunların hansı nəqliyyat vasitələri ilə,
hansı aviaşirkətlər tərəfindən
çatdırılması barədə məlumatları dərc
edə bilərik. Bunlar indi əsasən
qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik.
Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət
edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri
ilə humanitar yüklər və Fövqəladə Hallar
Nazirliyinin yükləri adı altında Ermənistana
ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən,
bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm
Gürcüstan, həm də İran öz hava məkanını
hərbi yüklər üçün bağladıqlarına
görə, bu cür qaçaqmalçılıq
metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə
bildirmişik ki, bu işlərin qaçaqmalçılıq
yolu ilə görüldüyünü güman edirik.
Ona görə ki, Rusiyanın, həmçinin Fransa və
ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi
saxlamalı olan ölkə kimi münaqişənin aktiv
fazası dövründə erməni tərəfini
silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni
mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə
beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah
alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz,
o cümlədən bu məsələnin araşdırılmasına
yönəlmişdi. Ona görə ki, əgər Rusiya
silahları qaçaqmalçılıq yolu ilə, necə
deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir
və daşınırsa, araşdırmaq lazımdır, bu,
necə ola bilər? Bizim bu
cür narahatlığımız var və bizim
narahatlığımız faktlara əsaslanır. "Terrorçular” məsələsinə gəldikdə
isə bunlar hamısı əsassız sözlərdir.
- İlham Heydər oğlu,
amma 26 il ərzində dünya hər halda
başa düşməyib ki, Ermənistan ilə Azərbaycan
arasında Qarabağ üzrə yekun razılaşma necə
görünə bilərdi. Siz bunu necə görürsünüz,
hər halda sülh naminə hansısa güzəştlər
mümkündürmü?
- Bilirsiniz, mən yenə də demək
istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç
bir nəticəyə nail olmasalar da, - buna görə də
haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz
qalırlar, - lakin mən son 17 ildə bu məsələ ilə
praktik surətdə gündəlik rejimdə məşğul
olan və bu illər ərzində vaxtının çox hissəsini
məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm
ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz
qalmayıb. Buna görə də mən bu
cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil. Ermənistanın
keçmiş rəhbərliyi, bundan əvvəlki iki
prezidenti ilə mənim əlaqələrim dövründə
biz irəliyə çox böyük addımlar
atmışdıq. Biz
razılaşdırılması, ümumiyyətlə,
qeyri-mümkün görünən məsələlərin
razılaşdırılmasında irəliyə getmişdik.
Bütün bunlar nəticəyə nail olmaq istəyi və
güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında
idi. Müəyyən mərhələdə,
nizamlamaya həddən artıq
yaxınlaşdığımız vaxtda erməni tərəfinin
geriyə addım atması başqa bir məsələdir.
Bu, artıq faktdır, hərçənd onlar həmişə
bizi bunda ittiham etməyə çalışırdılar.
Lakin son anda onlar Kəlbəcər və
Laçının qaytarılmasından imtina etdilər.
Çünki digər beş rayon
çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və
Laçının nə vaxt qaytarılacağı məsələsini
müzakirə edirdik. Yəni, biz müddəti
müzakirə edirdik. Bu məsələnin
həll olunacağına nə mənim, nə də Minsk
qrupunun şübhəsi yox idi. Düşünürəm
ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən
sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər.
Lakin sonra erməni tərəfi bir addım geri
çəkildi və Kəlbəcərlə
Laçının qaytarılması məsələsi həll
edilməmiş qaldı. Başqa sözlə desək,
elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik
ermənilərin nəzarəti altında qalmalı idi və
mən bununla qətiyyən razı ola bilməzdim.
Odur ki, mən yenə də sizin
sualınıza qayıdıram, Minsk qrupu nizamlama
üçün bünövrə yaradıb. Buraya ərazilərin
işğaldan azad edilməsi, məcburi köçkünlərin
qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı
və erməni icmalarının birgə
yaşayışı daxildir. Bu, beynəlxalq
hüququn və ümumiyyətlə, bəşəri əxlaqın
normalarına tamamilə uyğun gəlir. Çünki
Ermənistan prezidentlərindən biri ermənilərin və
azərbaycanlıların milli uyuşmazlığından
danışarkən, o, bir daha özünün faşist mahiyyətini
nümayiş etdirib. Niyə azərbaycanlılar və
ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə,
qarışıq ailəyə sahib ola
bilirlər? Niyə bəzi gürcü kəndlərində
ermənilər və azərbaycanlılar bir yerdə
yaşayır, həm müsəlman, həm də xristian
bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda
minlərlə erməni bizim vətəndaşlarımız
kimi layiqli həyat yaşayır? Buna
görə də bu cür faşist niyyətli tezislər, əlbəttə
ki, nizamlamaya kömək etmirdi. Beləliklə,
sadaladığım bütün bu baza prinsipləri, üstəgəl
kommunikasiyaların açılması nizamlamanın əsasıdır.
Minsk qrupunun həmsədrləri də Azərbaycanın
mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın
indiki rəhbərliyi başqa yolla getdi. Baş
nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da
torpaq verməyəcəklər. Onlar
qondarma "Dağlıq Qarabağ respublikası”nın xəritələrini
dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
hüdudlarından kənarda olan yeddi rayonun hamısını
da oraya daxil ediblər. Onlar bizim
bütün şəhərlərimizin, kəndlərimizin
adlarını dəyişiblər. Bizim döyüş
meydanında gördüklərimiz, sadəcə, onların 30
il ərzində qurduqları müdafiə
xəttini yarıb keçmək deyildi. Biz
gördük ki, onlar bu əraziləri verməyə
hazırlaşmırdılar. Ona görə ki, orada o qədər
iş görülmüşdü, mühəndis
kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər
sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan
çıxıb getməyə
hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa
çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə
tam informasiya təqdim edəcəyik. Buna
görə bir daha demək istəyirəm ki, indi baş verənlərin
bütün təqsiri şəxsən Paşinyanın üzərindədir.
Bu insan, sadəcə, təsadüfən hakimiyyətə
gəlməyib, o, həm Azərbaycan xalqına, həm də
erməni xalqına həddən artıq iztirab və qəm-qüssə
gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın
Rusiya ilə əməkdaşlığının əleyhinə
çıxış edirdi. Onun
partiyası "Çıxış” adlanırdı –
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından
çıxış, Avrasiya İqtisadi Birliyindən
çıxış. Paşinyanın bütün
komandası praktik olaraq Qərbin, Soros Fondunun, "Amnesty
International”, "Transparency”, "Human Rights Watch”, "Freedom
House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarətdir. Bu
gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar
vaxtilə Rusiya səfirliyinə yumurta atır,
"Rusiyalı işğalçılar, rədd olun”
şüarları ilə çıxış edirdilər.
Buna görə də mən, düzünü
desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən
hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə
təəccüblənirəm. Onların
gecə vaxtı Gəncə şəhərinə ballistik
raketlərdən zərbə endirməsi, özü də
mümkün qədər daha çox insanı məhv etmək
üçün yaşayış massivlərinə bilərəkdən
zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda
döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına
yığmasalar, onların sonu çox acınacaqlı olacaq.
Buna görə də sualınıza
qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq,
hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə
indi, nə qədər ki, gec deyil, nə qədər ki,
qarşımızda diz çöküb bu prinsipləri qəbul
etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə
keçirmək üçün onun hələ vaxtı var.
- Sonda məntiqə uyğun
olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəçiliyi
ilə Ermənistandan olan həmsöhbətinizlə
görüşmək üçün Moskvaya gəlməyə
hazırsınızmı?
- Bilirsiniz, mən Moskvada çox
olmuşam. İndiki halda mən belə dəvət
almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident
Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri
Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri
arasında üçtərəfli görüşlər
keçiriblər. Lakin Ermənistanda
hakimiyyət şərti Sorosun əlinə keçəndən
sonra bu cür əlaqələr dayandırıldı.
Rusiya münaqişənin nizamlanmasında həmişə
mühüm rol oynayıb və mən bu barədə
demişəm, bunun üçün həm tarixi, həm də
coğrafi xarakterli obyektiv səbəblər var. Səbəblərdən
biri də budur ki, Rusiya onilliklərboyu bizim regionda aktiv fəaliyyət
göstərir və qarşılıqlı əlaqələr
yüksək səviyyədədir. Buna görə
də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən,
Xarici İşlər nazirlərinin görüşünün
təşkil olunması barədə təklif gələn
kimi biz dərhal razılaşdıq. Bu da
bizim mövqeyimizin göstəricisidir. Axı,
o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini
artıq uğurla azad etmişdi və bu, münaqişənin
təqribən on gündən çox davam etdiyi vaxt baş
vermişdi. Kimin nəyə qadir olması
praktik olaraq artıq hamıya aydın idi. Döyüş
əməliyyatlarının sonrakı gedişatını təxmin
etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya
imtina etmədik. Biz dedik, bəli, biz hazırıq.
O vaxt Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən
naziri göndərirəm, yeri gəlmişkən, Xarici
İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk
qrupu ilə danışıqlar aparırdı. Münaqişənin
qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə
oraya gedib çatmadı, hərçənd o da, orada
olmalı idi. Buna görə biz
qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq
üçün Moskvada və ya hər hansı başqa bir
yerdə görüşməyə həmişə
hazırıq. Biz də sülh istəyirik,
lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi
də istəyirik.
-Cənab Prezident, müsahibəyə
görə sağ olun.
-Siz sağ olun.
Azərbaycan.- 2020.-20
oktyabr.- S.1; 3.