XİN sosial
şəbəkələrdə erməni istifadəçilər
tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına
münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılmasına münasibət bildirib.
XİN-dən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik. Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib və nəticədə 24 türk diplomatı qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib.
Ermənistan silahlı qüvvələrinin bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.
Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.
Bildiyiniz kimi, 1961-ci il
Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun
şəxsiyyətinə, azadlığına və şərəfinə
qarşı hər hansı hücumun
qarşısının alınması qəbul edən ölkənin
məsuliyyətindədir və bu xüsusda, tərəfimizdən xarici ölkələrdəki
diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin
möhkəmləndirilməsi tədbirlərinin görülməsi
üçün müvafiq
müraciətlər göndəriləcək”.
Azərbaycan.-2020.-20 oktyabr.- S.6.