Ermənistanı diz çökdürmüşük
Oktyabrın 20-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət
edib.
AZƏRTAC müraciəti təqdim edir.
Prezident İlham Əliyevin müraciəti
- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.
Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.
Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.
30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra "referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma "Dağlıq Qarabağ respublikasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.
Ona görə, bu gün
Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir.
Artıq bizim qarşımızda diz çöküb, onlara
diz çökdürmüşük, onlara layiq olan yeri
göstərmişik. Qovuruq onları bizim
torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər
gün xoş xəbərlər gəlir. Hər gün
bayrağımız yeni bir yaşayış məntəqəsində
ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi
"güclü ordusu” haqqında uydurmalar ortalığa
atırdı, "yenilməz Ermənistan ordusu” barədə
miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan
ordusu?”. Görün, necə qaçır bizim
qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə
vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi
dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi.
Otuz il ərzində beynəlxalq aləm nə
üçün sanksiya tətbiq etmədi təcavüzkar
dövlətə qarşı? Mən dəfələrlə
demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi
öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir.
O, bizi aldadır, danışıqları imitasiya
üçün aparır. Onlara inam yoxdur və
mən haqlı çıxdım. İndi
baxın orada qurulmuş istehkamlara. Belə
istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən
ölkə oradan çıxarmı? Çıxmaq
istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır.
Bu gün də onların dövlətinin rəhbərləri
gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan
haqqında, döyüş meydanında baş verən hadisələr
haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə
vuruşur. Azərbaycan xalqı, Azərbaycan
gəncləri, Azərbaycan əsgəri onlara dərs verir.
Təkbaşına vuruşuruq, hər kəs
bunu bilir. Amma özlərinə
sığışdıra bilmirlər, çünki miflər
dağılır, miflər onların ideologiyasının əsasdır.
Tarix haqqında yalan. Əfsuslar
olsun ki, onu da indi bir çox ölkələrə qəbul
etdirə biliblər, tarixi yalanı. Xocalı
haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı
soyqırımını törədib. Gəncənin
bombalanması haqqında onların rəsmi nümayəndələri
yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini
təşkil etməyib. Nə vicdan var, nə
əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur.
Ağıl olsaydı deyərdilər ki,
baxın, bu ballistik raketin start nöqtəsi və atış
istiqaməti dünyada aparıcı ölkələr tərəfindən
izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş
tapşırığı verilir. O təsadüfən o
yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma
ağıllarını itiriblər, guya, dünyanı
aldatmağa davam edirlər ki, bəs kim
atıb Gəncəyə bu raketi? Biz
özümüzə atmışıq? Necə
ki, yalan danışırdılar, Azərbaycan özü
Xocalı soyqırımını törədib, indi də
yalan danışırlar. Bütün
dünyaya yalan danışır, bütün müsahibələrdə
yalan danışır. Bu
yalançıları biz bundan sonra da qovacağıq.
Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk
ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi
isə imdad diləyirlər. Ona-buna zəng edirlər,
kömək edin, kömək edin! Bəs, hanı sənin
"müzəffər ordun”, hanı sənin "yenilməz
ordun?!”. Bizim
üçün müqəddəs olan Cıdır
düzündə Ermənistanın baş naziri sərxoş
vəziyyətdə rəqs edirdi. Fikirləşməli
idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə
bilər? Amma hesab edirdi ki, heç kim
onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr
onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi,
erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri.
Ona görə azğınlaşmışlar,
ona görə qudurmuşlar. Onlara yerlərini
göstərdik, onların başından elə zərbə
vurduq ki, çətin ayılsınlar. Onların
ordusunu, texnikasını demək olar ki, məhv etmişik.
Qaçırlar, hələ qaçacaqlar.
Bir sözlə,
döyüş meydanında bizim
üstünlüyümüz artıq heç kimə sirr
deyil. Biz haqq yolundayıq. Bizim
işimiz haqq işidir. Biz öz
torpağımızda vuruşuruq, şəhidlər veririk,
öz ərazi bütövlüyümüzü bərpa
edirik. Bundan sonra da bu addımlar
atılacaq. Ermənistan hələ nə
qədər gec deyil bəyanat verməlidir ki, işğal
edilmiş torpaqlardan çıxıram. Ondan
sonra döyüşlər dayana bilər.
Mən hər dəfə
xalqıma müraciət edərkən xoş xəbərlər
çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz
"Twitter” hesabımda, "Twitter” vasitəsilə
işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin
adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan
xalqı bu xəbərləri hər gün gözləyir, hər
gün! Hər gün, hər saat ki, nə vaxt
bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq?
Amma istəyirəm, əziz xalqım bilsin ki, hər
kəndin, hər yüksəkliyin götürülməsi
böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar
deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də
ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların
istehkamlarına, onların toplarına, onların raketlərinə
qarşı, eyni zamanda, təbii relyefə qarşı
vuruşmalıyıq və torpaqlarımızı
işğalçılardan qarış-qarış azad
edirik. Çox çətin məsələdir.
Gün gələcək, bu
haqda geniş məlumat veriləcəkdir. Əminəm,
Azərbaycan xalqı yaxşı başa düşür ki,
bu gün nəyi demək mümkündürsə onu deyirik.
Çünki döyüşlər gedir və
biz istəyirik ki, tezliklə bu döyüşlər başa
çatsın, tezliklə ərazi
bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə
verilən məlumat və məlumatın həcmi tam kifayətdir.
Bu gün ənənəyə,
gözəl ənənəyə sadiq qalaraq Azərbaycan
xalqına yeni bilgilər vermək istərdim. Düşmənin
məhv edilmiş və hərbi qənimət kimi
götürülmüş texnikaları ilə bağlı məlumatı
əziz xalqıma çatdırıram.
Beləliklə, düşmənin
241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi
götürülüb - toplam 280 tank. Amma yenə də hələ
ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm
Ermənistan ərazisində. Haradandır
onlarda bu qədər tank? Bir də ki, bu,
bütün bu məsələni tənzimləyən beynəlxalq
konvensiyalara ziddir. Bəs bu konvensiyalara
monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?
Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik.
39 tank saz vəziyyətdə götürülüb və bu
gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə
onların öz tankları ilə atəş açırlar.
Piyadaların 50
döyüş maşını məhv edilib, 24-ü qənimət
kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən
17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi
götürülüb. 25 qumbaraatan hərbi
qənimət kimi götürülüb. 53 tank əleyhinə
vasitə məhv edilib. 70 "Qrad” qurğusu məhv
edilib. İki "Uraqan”, iki "YARS” məhv
edilib. Bir TOS məhv edilib. Dörd "S-300” zenit-raket kompleksi məhv edilib.
Son dəfə mən bu məlumatı Azərbaycan
ictimaiyyətinə çatdıranda iki "S-300” zenit-raket
kompleksi məhv edilmişdi. Bu gün
artıq dörd kompleks məhv edilib. Hər
bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir,
çox bahalı hərbi texnikadır. Üç
TOR zenit-raket kompleksi məhv edilib. Qırxa
yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib.
Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki
raket kompleksi - "Elbrus”, bir ballistik raket, bir "Toçka-U”
raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv
edilib. 198 yük avtomobili məhv edilib.
Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri
idi. 102 yük avtomaşını hərbi
qənimət kimi götürülüb. Biz
düşmənin hərbi texnikasını bundan sonra da məhv
edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.
İndi isə əziz
xalqımın səbirsizliklə gözlədiyi bizim
yaşayış məntəqələrinin azad edilməsi
haqqında məlumatı böyük qürur hissi ilə
çatdırıram.
Füzuli rayonu – azad edilmiş kəndlərin
adları: Dördçinar, Kürdlər, Yuxarı
Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli,
Yuxarı Aybasanlı.
Cəbrayıl rayonu - azad edilmiş kəndlər:
Safarşa, Həsənqaydı, Fuğanlı,
İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.
Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir!
Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!
Azərbaycan.- 2020.- 21 oktyabr.- S.1-2.