İlham Əliyev Xudafərinə də azadlıq bəxş etdi

 

Milli rəmzimiz tarixi simvolumuzda dalğalanır

 

Azərbaycan Prezidenti İlham Əliyev 18 Oktyabr - Müstəqillik Günündə xalqa növbəti qələbə müjdəsini verdi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Və torpaqlarımızı erməni terrorçularından təmizləyən qəhrəman hərbçilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xüdafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport verdilər. Bu kadrları seyr etdikcə, dinlədikcə yenə ürəyimiz qürurla doldu. Zəfər xəbəri bizi yeni qələbələrə ruhlandırdı.

Xudafərin körpüsünün erməni təcavüzündən qurtulmasına yalnız biz sevinmədik. Əcdadlarımızın ruhu da şad oldu bu xəbərə.

Çünki Xudafərin tarixi-mənəvi baxımdan da müstəsna əhəmiyyətə malikdir. Bu körpü bir zamanlar o taylı-bu taylı Azərbaycan, hazırda isə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr yaradır.

Böyük strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü həm də Qarabağ üzrə gedən döyüşlərdə olduqca əhəmiyyətli məntəqələrdən biridir. Belə ki, Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir. Sonra Zəngilan başlayır, ardınca da Qubadlı rayonu gəlir...

Qeyd edək ki, iki Xudafərin körpüsü var. Belə ki, tarixən Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri hesab edilib. Burada genişlənən çay yatağı iri qayalıq sahələrə malikdir. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir.

Ehtimala görə, hər iki körpünün özülləri antik dövrə aiddir. Bu körpülər qitələrarası qarşılıqlı əlaqələrdə böyük əhəmiyyət daşıyıb. Hər iki körpü İpək yolunun üzərində yerləşib. Bu körpülər ölkədaxili və ölkələrarası yollarda da olduqca gedişli-gəlişli olub. Ayrı-ayrı dövrlərdə Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun - güneydən AranaQarabağa güclü mövsüm axınlarının da qovşağı olub.

Tarixi mənbələrə əsasən, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpülərin böyüyü Xudafərin kəndindədir. Bu körpü 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə, onu "...hicri 15-ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirmişdir”. Əski körpünü yenidən qurduğu kimi, onun ucaltdığı körpüsonralar dəfələrlə bərpa və təmir olunub. İndiki 15 aşırımlı körpü XII əsrin abidəsi sayılır.

Körpü tağlarının dayaqları qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən 15 aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,70 metr, ən kiçik tağ aşırımı 5,80 metrdir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir.

15 aşırımlı körpüdən 750 metr qərbdə yerləşən digər körpü də Xudafərin adlanır. XIII əsrdə, Elxanilər dövründə tikilmiş həmin körpünün üç aşırımı qalıb. Bu 11 aşırımlı körpü daşdan inşa olunub və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Araşdırmaçıların fikrincə, bu körpü XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikilib. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 metrdir. 1930-cu illərədək nisbətən salamat qalmış ikinci körpü ilə o taya-bu taya gedib gəlmək olurmuş. Həmin illərdə Azərbaycanın şimalı və cənubu arasında əlaqələri kəsmək üçün İranSSRİ-nin birgə qərarı ilə körpünün sahil tağları dağıdılıb. Həmin vaxtdan yerli əhali körpüyə ikinci ad - Sınıq körpü adını verib.

Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlı olan Xudafərin körpüləri Azərbaycan memarlıq üslubunu özündə əks etdirən dəyərli abidələrdir.

Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının, XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının şahidi olan Xudafərin körpüsü 2020-ci ilin oktyabrında Cəbrayılın işğaldan azad olunduğu günləri də gördü. Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni təcavüzündən azad etdi. Körpünün özü isə 18 oktyabrda erməni işğalından azad olundu. Azərbaycan xalqının və dövlətinin taleyində, həyatında müstəsna əhəmiyyəti olan Xudafərin körpüsünün üzərində bayrağımız yenidən dalğalandı.

Otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki evlər, bağçalar, məktəblərlə yanaşı, tarixi abidələrimizin də dağılması barədə məlumatlar alırdıq. Digər milli-mənəvi dəyərə malik abidələrimiz kimi, Xudafərin körpüsündən də narahat idik. Artıq bu abidə təhlükədən qurtuldu. Xudafərin onun dəyərini bilən, tarixinin bir parçası olan övladları ilə birlikdədir.

Mədəniyyət Nazirliyinin Xudafərin körpüsü ilə bağlı bəyanatında qeyd edildiyi kimi, müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin UNESKO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan - 2020.- 21 oktyabr.- S.1; 5.