Cəbhədən gələn qələbə xəbərləri gəncəlilərə dərdlərini unutdurur

 

Cəbhədə məğlubiyyətlərlə üzləşən Ermənistanın hərbi-siyasi hakimiyyəti vandallıq edərək ölkəmizin dinc yaşayış ərazilərini hədəfə almaqda davam edir. Lakin xalqımız, o cümlədən iki dəfə raket atəşinə məruz qalmış gəncəlilər nikbindirlər. Çünki biziraket, nə də düşmənin hər hansı təxribatı sındıra bilər.

Gəncənin 3 yaşayış məntəqəsində olan evlərin yeri xarabazarlığa çevrilsə də, sakinlər arasında qələbəyə böyük inam varonlar Ali Baş Komandanın ətrafında sıx birləşərək uzun illər ürəklərində bəslədikləri bu arzu ilə yaşayırlar.

Oktyabrın 17-də Gəncənin mərkəzinə atılan raket şəhərdə çox böyük dağıntılar törətmişdir. Nəticədə 14 nəfər həlak olmuş, 55 nəfər yaralanmış və 20-yədək ev tamam dağılaraq yararsız hala düşmüşdür. Tək bu faktlar Ermənistan xuntasının anti-insani, faşist simasını bir daha üzə çıxarır.

Gəncəyə raket hücumu gecə yarı olmasına baxmayaraq, bütün şəhər sakinləri hadisə yerinə tələsirdilər. Tələsirdilər ki, dağılmış evlərin altında qalan insanlara müəyyən qədər köməkləri dəysin. Ancaq Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, eləcə də aidiyyəti qurumların nümayəndələri artıq hadisə yerində idilər və uçqun altında qalanların sağ qalması üçün tədbirlər görürdülər.

Hadisə vaxtı daha çox faciə ilə üzləşən Əsgərovlar ailəsi oldu. Bir ailədən 5 nəfər həlak olmuşdu. 15 yaşlı Nigar Əsgərova ad gününə hazırlaşırdı. Lakin onun ad günü erməni terroru nəticəsində yasa döndü. Çünki ailədən körpə uşaqdan başqa heç kim qalmamışdı.

Raket hücumunda Şahnəzərli ailəsinin də itkisi az deyildi - 3 nəfər. Röyal, onun həyat yoldaşı Züleyxa və 1 yaşlı qızı Mədinə həyatlarını itirmişdir. Yalnız ailənin digər qızı Xədicənin həyatını xilas etmək mümkün olmuşdur.

Məlum olduğu kimi, Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs humanitar xarakter daşıyırdı və bu, Ermənistana həm də şans verirdi ki, daha ağır zərbələr almaqdan qaçsın. Lakin Paşinyan rejimi bu imkanı nəinki əldən verdi, eləcə də təcavüzkarlıq siyasətini davam etdirməkdə israrlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Humanitar atəşkəsin imzalandığı andan cəmi 14 saat sonra Ermənistan silahlı qüvvələri razılaşmanı pozaraq cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərimizi atəşə tutdu. Təəssüflər olsun ki, bu terrora beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri susmaqla reaksiya verdi. Amma ordumuz susmadı. İşğal altında olan daha bir neçə yaşayış məntəqəsini azad etməklə düşmənə növbəti dəfə yerini göstərdi.

Azərbaycan Ordusunun qazandığı bu qələbələr gəncəlilərdə böyük ruh yüksəkliyi yaratmışdır. Ali Baş Komandanın cəbhədəki uğurlarımızla bağlı verdiyi bəyanatlar, Ermənistan rəhbərliyinə ünvanladığı sərt mesajlar insanların qələbə əzmini daha da gücləndirmişdir. Xüsusilə "ermənilərin bu cinayət əməllərinə beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymət verilməsini artıq gözləməyəcəyik və düşmənin cavabını özümüz verəcəyik” bəyanatı Gəncə sakinləri arasında qürurla qarşılanmışdır. Bütün xalqımız kimi, gəncəlilər də bu fikirdədirlər ki, müharibə vətənimizin son qarış torpağı işğaldan azad olunanacan davam etməlidir.

Faciə zamanı evi dağılmış Pərvin Qasımova deyir ki, eybi yoxdur, ondan da yaxşısını tikərik, təki Qarabağımız düşmən tapdağından azad edilsin, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalansın.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 21 oktyabr.- S.6.