Təcavüzkar Ermənistanı ifşa
etmək bütün dünyanın işi olmalıdır
Erməni işğalçıları məğlub olur, dizləri qırılaraq çökürlər. Azərbaycan torpaqlarında Ermənistan və havadarları tərəfindən qurulan bu faşist xislətli qurum nəyi vardısa, hamısını itirir. Və itirdikcə də azğınlaşır, simasızlığını, əxlaqsızlığını, qürursuzluğunu bir daha bütün dünyaya göstərir. Bütün bunlar isə işğalçının süqutudur.
Amma bu süqutu ləngitmək istəyənlər də var. Müəyyən qüvvələr Paşinyanın qəlsəmələrindən tutub onu məcbur edirlər ki, dirənsin, inadkarlıq etsin. Hətta bəzən erməni terrorçularının olmayan "qələbə”lərindən əfsanələr uydursun.
Paşinyanın psixoloji portretini bir cümlə ilə yaradası olsaq, deyə bilərik ki, o, canlı müqəvvadır. Mimikası, üzünün ifadəsi elədir ki, sanki ətrafında baş verənləri anlamır, dərk etmir. Bəzi məqamlarda isə ruhi xəstə kimi görünür. Bütün hərəkətləri idarə olunur, gülüşü dalğın və ya hikkəli görünməsi təbiətinin adi axarına deyil, ona verilən əmrlərə uyğundur. Kimin müqəvvasına çevrildiyini, hansı oyuna qoşulduğunu dərk etmək istəyir, gücənir, cəhdlər edir, amma ağlının məhdudluğundan, acizliyindən bacarmır. O, baş nazirdən çox uzaqdan idarə olunan əşyaya bənzəyir. Bu üzdən məğlubiyyətinin uçurumlarını dərk etə bilmir.
Paşinyan heç nəyi dərk etməsə də, bunu yaxşı bilir ki, onu hakimiyyətə hansı yolla "desant” atıblarsa, məqamında o cür də aradan çıxaracaqlar. Amma bunacan ağalarının qarşısında görməli işləri var. Ümumiyyətlə, bütün Ermənistanın siyası hakimiyyəti bu gündədir. İşğalçı olduqlarını etiraf etmək əvəzinə Azərbaycan tərəfindən terrora məruz qaldıqlarını bəyan edirlər. Erməni mətbuatındakı başlıqlardan ikisinə fikir verin: "Ermənistan prezidenti NATO-nun və AŞ-nın Qarabağla bağlı mövqeyindən məyusdur”, "Paşinyan Fransanı və ABŞ-ı Rusiyanın Qarabağla bağlı səylərini dəstəkləməyə çağırdı”. Yəni "əzabkeş”lər artıq görürlər ki, dünyada onlara münasibətdə yeni yanaşmalar tətbiq edilir. Buna görə şoka düşürlər.
Azərbaycan Ordusu qələbələri ilə işğalçı dövləti sülhə məcbur etmək istəyir. İstəyir ki, sonu məlum bu döyüşlərdə artıq qan tökülməsin. Bəs əvəzində Ermənistan nə edir? Döyüşlər Azərbaycan torpaqlarında getsə də, erməni təbliğat maşını əxlaqsız bir dirənişlə, etik çərçivələrə sığmayan nümayişkaranə sırtıqlıqla dünyaya hay salır ki, erməni xalqının mövcudluğu təhlükə altındadır. Onlar döyüş bölgəsində törətdikləri bütün hərbi cinayətləri həyasızcasına Azərbaycanın ayağına yazmağa cəhd edirlər. Bəyanatlarında yenə də "zavallı və məzlum erməni xalqı”nın "iztirab”larını tirajlayır, car çəkirlər ki, onlara qarşı genosid törədilir. Amma bir milyona yaxın dinc əhalini necə ata-baba yurdlarından qovduqlarını dilə gətirmirlər, Xocalı faciəsini yada salmırlar. Əksinə, əllərindən gələni etməyə çalışırlar ki, Rusiyanı, Fransanı bu münaqişəyə cəlb etsinlər.
Bütün bunlardan başqa ikinci bir təhlükəli məqam ondan ibarətdir ki, erməni terror təşkilatları artıq bütün dünyada baş qaldırır, Azərbaycan ərazilərində, bizə qonşu ölkələrdə zəncirvari terror aktlarına rəvac verməyə çalışırlar. Bunun üçün Azərbaycana Suriyadan muzdluların gətirilməsi barədə yalanlar uydururlar. Bu səs-küyün fonunda isə bütün dünyadan muzdluların Ermənistana daşınması baş verir. Sabah erməni terror dəstələri rəzil əməllərinə rəvac verəndə istənilən hadisəni Azərbaycan tərəfinin üstünə atacaqlar və aləmə car çəkəcəklər ki, bunu Suriyadan Azərbaycana gətirilən muzdlular ediblər.
Amma dünyada müəyyən dəyişikliklər baş verir, Azərbaycanın təcavüzə məruz qaldığını etiraf edən və ona dəstək verən ölkələrin sayı artır. Qarabağda erməni faşistləri məğlubiyyətə uğradıqca bizim haqlı olduğumuzu təsdiq edənlərin, bizə arxa duranların sayı çoxalır. Hətta Qarabağdan çıxan bəzi ermənilər də etiraf edirlər ki, onlar gec-tez işğal olunmuş ərazilərdən çıxmalı idilər. Bu reallıqları bütövlükdə dünya birliyi nə qədər tez etiraf edəcəksə, Qafqazda da sülh bir o qədər tez bərpa olunacaq.
Bahadur İMANQULİYEV
Azərbaycan. - 2020.- 21 oktyabr.- S.6.