Azərbaycan Vətən savaşında iradəsini və hökmünü göstərir

 

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə işğal altında qalan torpaqlarımız düşməndən təmizlənir

 

 

Otuz ildən bəridir ki, işğal altında qalan torpaqlarımız bu gün ordumuzun gücü, dövlət rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə düşməndən təmizlənir, nisgilli yurdlarımız azadlığına qovuşur. Bu qüruru bütün ruhumuzla duyub hiss edirik.

Tarixi zəfər günü üçün hər kəs əlindən gələni etməyə çalışır. İnsanlarımızda çox böyük sevinc, fəxarət, milli vəhdət var. Bu, bizim həmrəyliyimizin gücü, qüvvəsidir. Milli vəhdətimizin yaratdığı ruh yüksəkliyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti, xalqa, Vətənə sevgisi ətrafında əldə edilmiş bu həmrəyliyi heç nə sarsıda bilməz.

Kifayət qədər güclənmiş Azərbaycan hazırda öz iradəsini və hökmünü göstərir, müstəqillik qazandığı ilk gündən qarşısına qoyduğu hədəfə doğru irəliləyir, öz kökünə layiqli, yüksək inkişaf etmiş, ərazidə tərəqqinin və sülhün nümunəsi olan bir dövlət qurur. Erməni cəlladlarının işğalda saxladıqları bütün dini, mədəni, qədim abidələrimizi dağıtdıqları, barına-bərəkətinə xələl gətirdikləri yurdlarımızda tarixi yaddaşımızı bərpa edir. Həm də ədalətin, insan hüquq və azadlıqlarının, regionda daimi sülhün təmin edilməsi uğrunda vuruşur.

 

 

Dağlıq Qarabağda heç bir referendum olmayacaq: məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır

 

 

Prezident İlham Əliyev bütün yerlixarici ölkə rəsmiləri ilə görüşlərində, müsahibə və çıxışlarında bir məsələni daim vurğulayır: Azərbaycan müstəqil ölkədir və müstəqilliyini qoruya biləcək gücə və iradəyə malikdir. "Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”, - deyən dövlət başçısı Təhlükəsizlik Şurasının son iclasında bu məqamı kifayət qədər dəqiq və birmənalı şəkildə bəyan etmişdir. Bir dövlətin müstəqillik rəmzlərindən birincisi onun ərazi bütövlüyüöz sərhədləri daxilində olan torpaqlarının həm əmin-amanlığının, həm də tərəqqisinin təminidir. Bu gün Azərbaycan yüksək iqtisadi, mədəni, siyasi inkişaf yolundadır.

Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji kurs sayəsində tarixinin ən parlaq mərhələsini yaşayan Azərbaycan dövlətinin humanitar, ictimai-siyasi, iqtisadi uğurları dünya ölkələri tərəfindən layiqincə dəyərləndirilir. Əhalinin sosial öhdəliklərinin yerinə yetirilməsi istiqamətində aparılan tədbirlər beynəlxalq qurumlar tərəfindən də müsbət qarşılanır. Dövlət başçısının taktiki gedişləri, operativ reaksiyası, aşkarlıq sayəsində istənilən təhlükə ilə mübarizədə ən vacibilkin resurs olan hakimiyyət və cəmiyyət arasında artıq güclü etimad təmin edilmişdir.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dəfələrlə dünyaya çatdırmışdır. Mövzu ilə bağlı ortaya qoyduğu faktlar və qətiyyətli mövqeyi ilə bir daha böyük lider olduğunu hər kəsə nümayiş etdirmişdir. Qarabağda referendum oyunlarına birdəfəlik nida qoymuşdur.

Oktyabrın 21-də Azərbaycan Prezidentı Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində ikinci atəşkəsin uğursuz olmasının səbəblərindən danışarkən bildirdi ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq: "Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar? Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır... biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”. Uzun illər ərzində sülh danışıqlarının prinsiplərinə sadiq qalaraq münaqişənin müzakirələr yolu ilə həllini tapacağını ümidlə gözləyən, amma Ermənistanın davamlı təxribatları ilə üzləşərək sonda problemin hərbi yolla aradan qaldırılmasına qərar verən Azərbaycanın dövlət başçısı referendum oyunlarına sərt və birmənalı mövqeyi ilə cavab verdi. Biz dinc yolla almalı olduğumuz ərazilərimizi indi hərbi yolla, şəhid verərək alırıq. Buna görə də referendum məsələsi tam qüvvədən düşür.

 

 

Ermənistan dünya üçün böyük təhlükədir

 

Azərbaycan Prezidenti öz çıxışlarında dönə-dönə hər bir vətəndaşın rifahının, təhlükəsizliyinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını vurğulayır. Bu, güclü dövlətin ilk zəruri şərtidir. Hər bir insanın qanuni hüquqlarının bərpası və öz doğma torpaqlarında rahat yaşamaq imkanıdır. İnkişaf azad torpaqlarda mümkündür.

Digər tərəfdən, məlumdur ki, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaradır. Zəngin iqtisadi potensiala malik bu regionun resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, bölgəyə investisiya axınını zəiflədir, həyata keçirilən irimiqyaslı layihələr üçün böyük risklər doğurur.

Mülki əhalinin qətlə yetirilməsini öz döyüş hazırlığı taktikasına çevirmiş Ermənistan ordusu dünyanın əhəmiyyətli qlobal enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket atəşinə tutmaqla region üçün nə qədər böyük təhlükə mənbəyinə çevrildiyini bir daha nümayiş etdirdi. Hələ Səngəçal terminalına hücum edəcəklərini söyləyirlər. Bu da onların terrorçu xislətinin bir göstəricisidir. Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində bu məsələyə də xüsusi toxunaraq qəti mövqeyini bildirdi: " TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb”.

XXI əsrin üçüncü onilliyi ərəfəsində, bəşəriyyətin gəlib çatdığı indiki inkişaf mərhələsində iki qonşu ölkədən birinin təcavüzkar siyasəti ucbatından belə bir regional münaqişənin baş verməsi, insan itkilərinin olması, mülki və sənaye obyektlərinə böyük ziyan dəyməsi, insanların rifahına, elmə, təhsilə, səhiyyəyə, innovasiyalara, insan kapitalına, mədəniyyətin inkişafına və digər bu kimi yüksək dəyərlərə sərf edilməli olan vəsaitin silahlara xərclənməsi, əlbəttə, adamı ağrıdır. Amma işğalçıya öz yerini göstərməkdən ötrü əfsuslar olsun ki, bəzən hərbdən başqa yol qalmır. Dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının beynəlxalq hüquqi vasitələri hələ ki, dövlətlər arasında dinc münasibətlərin tam təminatı rolunda çıxış edə bilmir.

 

 

 

Beynəlxalq hüquq bizim tərəfimizdədir

 

 

İndiyə qədər beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli qərarlar qəbul olunub. BMT Təhlükəsizlik Şurasının 7 bəyanatında və 4 qətnaməsində (822, 853, 874, 884 nömrəli qətnamələr) Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə göstərilib. Torpaqların azad edilməsi, qaçqınların öz yurdlarına qayıtması tələb olunub. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti və diplomatik prinsipiallığı nəticəsində, Ermənistan istisna olmaqla, 54 üzv dövlət tərəfindən Azərbaycanın haqlı mövqeyini müdafiə edən xüsusi sənəd imzalanıb.

Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar - Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər nüfuzlu qurumlar münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul ediblər. NATO-nun müvafiq sammitlərində də Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib.

Uzun illər ərzində Ermənistanın bu beynəlxalq tələblərə məhəl qoymadığını, mövcud status-kvonu hər vəhclə uzatmağa çalışdığını və beynəlxalq ictimaiyyətin də buna göz yumduğunu, üstəlik, düşmənin yeni təxribatlara, xalqımıza qarşı təhqiramiz davranışlara əl atdığını görən Azərbaycan pozulmuş haqq-ədaləti indi məhz müzəffər ordusunun gücü ilə bərpa etməkdədir və bunu edir.

Prezident İlham Əliyev müsahibəsində bu prinsipialmühüm məsələyə də münasibət bildirərək qeyd etdi ki, əfsuslar olsun, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır: "Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir”.

 

Haqq davamızda qardaş dəstəyi

 

Regionda sülhün, sabitliyin, inkişaf mühitinin təmin edilməsinə dəstək verməli olan, bu münaqişənin həllini həqiqətən səmimi şəkildə istəyən beynəlxalq təşkilatların, vasitəçi ölkələrin üzərinə böyük vəzifələr düşür. Eyni zamanda sülh missiyasında ədalətin təmin olunması üçün bölgədə mühüm rola malik Türkiyənin də bu prosesdə iştirakı mütləq təmin edilməlidir. Azərbaycan Prezidenti bununla bağlı ölkəmizin mövqeyini müxtəlif müsahibələrində bəyan edib. Həm Azərbaycana dost, qardaş münasibətindən, həm də özünün strateji dövlət maraqlarından irəli gələrək regionda sabitliyin, davamlı inkişaf mühitinin olmasını arzulayan Türkiyə Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas təminatçılarından biri rolunda çıxış edə bilər. Ümumən Azərbaycan xalqı hər zaman olduğu kimi, Türkiyənin son hadisələrdə tutduğu mövqeyi, bizə uzatdığı qardaş əlini, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin digər rəsmilərinin işğalçı Ermənistana və onun havadarlarına qarşı sərt bəyanatlarını heç zaman unutmayacaq. Bu, Azərbaycan və Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq, qardaşlıq münasibətlərinin növbəti təntənəsidir. Dağlıq Qarabağ münaqişəsində ədalət, beynəlxalq hüquq normaları məhz Azərbaycanın tərəfindədir. Dünyaya sülh, insanlara rifah istəyən hər kəs bu gün münaqişənin həllində Azərbaycan və Türkiyəyə dəstək verməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına verdiyi müsahibəsində bəyan edir: "Artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Orta Asiyadan, Əfqanıstandan, Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir... Çox şadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu, bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir”.

Yeni dünya nizamına sürətlə uyğunlaşan Türkiyə və Azərbaycan birliyi ən yaxın gələcəkdə regionu dünyanın rifah mərkəzinə çevirəcək.

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 25 oktyabr.- S.1;4.