İlham Əliyevin növbəti siyasi-diplomatik zəfəri
BMT Təhlükəsizlik Şurasında
Azərbaycanın maraqlarına
cavab verməyən bəyanatın layihəsi
geri götürülüb
Qədim yurd yerimiz olan
Dağlıq Qarabağın
azad edilməsi üçün başlanan
Vətən müharibəsi
davam edir. Cəmi bir
neçə həftə
ərzində ordumuz cəbhənin bütün
istiqamətlərində uğurlu
əks-hücum əməliyyatları
keçirərək işğal
olunmuş ərazilərimizin
bir qismindən düşməni qovub, Azərbaycan-İran dövlət
sərhədinin 132 kilometrlik
hissəsinə nəzarətimizi
təmin edib.
Danışıqlar Azərbaycanın
şərtlərinin yerinə
yetiriləcəyi təqdirdə
mümkündür
Azərbaycan-Ermənistan münaqişəsinin həlli
ilə bağlı
ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə 1994-cü ildən
bəri aparılan danışıqlar məhz
işğalçıya təsir
göstərilməməsi səbəbindən nəticəsiz
idi. O cümlədən BMT Təhlükəsizlik Şurasının
1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı
qətnamələr yerinə
yetirilməmiş qalıb.
Ötən dövrdə nə
BMT, nə də digər təşkilatlar Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərinin işğaldan
azad edilməsinə maraq göstəriblər.
Maraqlıdır ki, Ermənistanın
işğalçı siyasətinə
göz yuman
və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq
təşkilatlar, bəzi
dövlətlər Azərbaycanın
uğurlu hərbi əməliyyatları başlayandan
bəri atəşin dayandırılması, problemin
danışıqlar masası
ətrafında həlli
üçün canfəşanlıq
edirlər.
Lakin Azərbaycanın
şərtləri və
tələbləri var
və bunu Prezident İlham Əliyev xalqa müraciətlərində və
müsahibələrində bəyan edib. Bildirilib ki,
danışıqlar Azərbaycanın
şərtlərinin yerinə
yetiriləcəyi təqdirdə
mümkündür. Bəli, bu
gün döyüş
meydanında olduğu
kimi, danışıqların
keçirilməsinə dair
şərtləri də
Azərbaycan diktə edir.
Ermənistana daha bir zərbə BMT-də vuruldu
Bu günlərdə BMT Təhlükəsizlik
Şurasının (TŞ) Ermənistanın Azərbaycana
təcavüzü ilə
əlaqədar keçirilmiş
qapalı iclasından
sonra ATƏT-in Minsk qrupunun
həmsədr ölkələri
olan Rusiya, ABŞ və Fransa tərəfindən TŞ prezidentinin
bəyanatının layihəsi
hazırlanmış və
razılaşdırılması üçün üzv ölkələr arasında
yayılmışdı. Lakin bəyanatın
layihəsində TŞ-nin
1993-cü ildə qəbul
etdiyi və Ermənistan qoşunlarının
Azərbaycanın işğal
edilmiş ərazilərindən
çıxarılmasını tələb edən 822,
853, 874 və 884 saylı
qətnamələrə istinad
yer almamışdı.
Buna görə də TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv
olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam,
Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent
Vinsent və Qrenadin - layihəyə
TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr
bunun qəbuledilməz
olduğunu bildiriblər.
Həmsədr ölkələr tərəfindən bəyanatın
iki dəfə sükut proseduru vasitəsilə qəbuluna
cəhd göstərilməsinə
baxmayaraq, QH ölkələri
prinsipial mövqe nümayiş etdirərək
TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr
ölkələr rüsvayçılıqla
bəyanat layihəsini
geri çəkməyə
məcbur olublar.
Xatırladaq ki, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də
müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış
bəyanat layihəsi isə sırf onların üslubunda idi. Atəşkəsə
nail olunması, danışıqların
aparılması kimi şablon, çeynənmiş
fikirlər. Dişsiz, məzmunsuz, ünvansız,
işğalçı və
işğala məruz
qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Layihə ilə tanışlıq
göstərir ki, həmsədr ölkələr
öz xislətlərinə
sadiq qalaraq erməni təəssübkeşliyindən
əl çəkə
bilmirlər. TŞ qətnamələrinə bu
münasibət ilə
onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf
deyillər, onlar açıq-aşkar işğalçının
tərəfini tuturlar.
TŞ mənasız bir quruma çevrilib
Bəs nəyə
görə həmsədr
ölkələr TŞ-nin
1993-cü ildə qəbul
olunmuş qətnamələrindən
bu qədər qorxurlar? TŞ qətnamələrinin
adı çəkiləndə
nəyə görə
narahat olurlar? Çünki həmin qətnamələrdə
Ermənistan qoşunlarının
işğal olunmuş
Azərbaycan torpaqlarını
dərhal və qeyd-şərtsiz tərk etmələrinə dair tələblər yer alıb. TŞ-nin 884 saylı qətnaməsində "822, 853, 874 saylı qətnamələrin
icra edilməsi üçün təcili
addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun
olaraq işğalçı
qoşunların Azərbaycanın
işğal edilmiş
digər ərazilərindən
çıxarılması tələb
edilir.
Həmin vaxt bu qətnamələrin
qəbuluna indi Minsk qrupunun həmsədri olan dövlətlər də müsbət münasibət bildiriblər. Amma indi
hazırlanan layihədə
həmin qətnamələrə
istinad edilməməsi
özünün səsinə,
imzasına hörmət
etməmək, öz-özünü
təhqir etmək deməkdir. Münaqişənin indiyə qədər
həll olunmamasının
günahkarı da Ermənistan və Minsk qrupunun həmsədr ölkələridir. Son baş verənlər də həmsədrlərin
Azərbaycan cəmiyyətində
niyə qıçıq
və qəzəb yaratdığını aydın
surətdə izah edir.
Görünən başqa bir reallıq odur ki, TŞ-nin özü də tamamilə mənasız bir quruma çevrilib. Dünyada onun
kimi antidemokratik bir qurum yoxdur.
Çünki TŞ daimi üzvlərinin
girovuna çevrilib.
Daimi üzvləri isə ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Nəyə görə Türkiyə,
Pakistan, İndoneziya, Braziliya,
Cənubi Afrika kimi ölkələr
TŞ-nin daimi üzvü olmamalıdır?
Nəyə görə TŞ-nin daimi üzvləri
arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə
vaxta qədər müstəmləkə keçmişinə
malik, neokolonist düşüncəli ölkələr
həll etməlidir?
Azərbaycan Prezidentinin uğurlu
xarici siyasətinin nəticəsi
Qeyd etdiyimiz kimi, Azərbaycanın maraqlarına uyğun olmayan bəyanat layihəsinin qəbul edilməməsində QH-yə üzv olan ölkələrin tarixi rolu olub. Onlar ədaləti, beynəlxalq hüququ dəstəkləməklə QH-nin prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.
Bəzən bir sıra müxalifət nümayəndələri "QH-yə qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, "Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma bu gün hər kəs gördü ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nin sədri seçilib. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19-la bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Buna görə BMT TŞ-də ədalətsiz bəyanatın qəbul edilməməsi və QH-yə üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 25 oktyabr.- S.1-2