Müharibə və koronavirus Paşinyanın sonunu
gətirir
Ermənistanda xaotik
vəziyyət hökm sürür
Müharibədə uğursuzluğa düçar olan Ermənistanda həm də koronavirusun yayılması sürətlənib. Son statistik rəqəmlərə əsasən, virusa yoluxanların sayı gündəlik 2,5 min nəfər civarındadır.
Ümumilikdə isə indiyədək Ermənistanda virusa yoluxanların sayı 73 mini ötüb. İnfeksiyadan ölənlərin sayı isə 1145 nəfəri keçib. Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib ki, koronavirusun yayılmasının rekord artım tempi dayanmasa, Ermənistanı "İtalyan modeli” təhlükəsi gözləyir.
Onun sözlərinə görə, ölkədəki həkimlər koronavirus xəstələrini və ya yaralı əsgərləri seçmək kimi çətin vəziyyətlə üzləşiblər. Abovyan onu da qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilirmiş: "Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı. Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər”.
Xatırladaq ki, pandemiyada "İtalyan modeli” termini İtaliyada bir gündə on minlərlə insanın təhlükəli infeksiyaya yoluxması, bəzən sutkada minlərlə insanın koronavirusdan ölməsindən sonra yaranıb. İndi Ermənistan da eyni təhdidlə üz-üzədir. Özü də bütün bunlar cəbhə zonasında Ermənistanın çoxsaylı itkilərlə üzləşməsi fonunda baş verir. Bu hal Nikol Paşinyan iqtidarının Ermənistandakı dayaqlarını daha sürətlə sarsıdır.
Erməni politoloq Agasi Yenokyan da baş nazirin ermənilərin ümidlərini doğrultmadığını qeyd edir. O, əsasən mətbuat sahəsindəki vəziyyətdən danışaraq bildirib ki, Paşinyan hərbi vəziyyət bəhanəsi ilə tətbiq etdiyi senzuradan daha çox siyasi rəqiblərini susdurmaq məqsədilə istifadə edir: "Vətəndaşları polisə aparırlar və Nikol Paşinyanın ailəsi haqqında kifayət qədər günahsız qeydlərə görə cərimə edirlər. Eyni zamanda, hakimiyyətin himayədarlıq etdiyi jurnalistlər və KİV məhdudiyyətlər olmadan yalan yayırlar. Əslində medianın məhdudiyyətləri müharibə vəziyyəti haqqında deyil, müxalifətçiləri susdurmaq üçündür. Bu böhran vəziyyətində belə hakimlər üçün ən vacib olan kürsülərinə yapışmış vəziyyətdə qalmaqdır, milli birlik əvəzinə, səlahiyyətlilər tərəfindən müharibə vəziyyətində daxili siyasi təzyiqlər davam etdirilir və azad sözə qarşı kampaniya bu təzyiqlərin ən vacib komponentidir”.
Ermənistan həm də başqa bir problemin məngənəsində sıxılır. Söhbət Dağlıq Qarabağı tərk edən on minlərlə erməninin ölkə üçün əlavə sosial problemlər yaratmasından gedir. Ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib ki, 90 min Qarabağ ermənisi Ermənistana qaçıb. Dağlıq Qarabağın erməni əhalisi 146 min nəfər olub. Onların 55,2 mini Xankəndidə, 24,3 mini Xocavənddə, 19,9 mini Ağdərədə, 18,1 mini Əsgəranda, 13,6 mini Hadrutda, 9,3 mini Laçın, Qubadlı və Zəngilanda, 5,4 mini Şuşada, 3,1 mini Kəlbəcərdə yaşayırmış. İndi onların böyük qisminin Ermənistana üz tutması ölkədə ciddi sosial problemlərə yol açıb.
Hazırda Paşinyana olan təzyiqlərin biri də ordudakı problemlərlə bağlıdır. Ermənistanın müdafiə nazirliyinin rəsmisi Artsrun Ovannisyan medianın "biz müharibəyə hazır idikmi” sualına cavab olaraq qeyd edib ki, ordudakı mövcud çatışmazlıqların aradan qaldırılması uzun və çoxillik prosesdir. Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan bildirib ki, onlar uzun illər ərzində hərbi xərclərdə çox geri qalıblar: "Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir. Azərbaycan dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.
Ermənistanda çörək, süd, ət və digər zəruri qida məhsullarının qiymətləri gündən-günə artır, inflyasiya həddi, işsizlik göstəriciləri yüksəlir. Cari ilə nəzərdə tutulan 4 milyard dollarlıq büdcəni 2,3 faiz kəsirlə proqnozlaşdıran Ermənistanda hazırda büdcə kəsiri 5,4 faizə çatıb, xarici borclarının ÜDM-də payı 60 faizi ötüb. Ölkədə rəsmi işsizlik səviyyəsi 20 faizin üzərindədir, bu səbəbdən gənclərin miqrasiyası artır.
Beləliklə, görünən budur ki, Paşinyan getdikcə ölkəni daha dərin uçuruma aparır. Ermənistan əhalisi isə onlar üçün mənasız müharibədə döyüşmək istəmir. Hətta Qarabağda erməni icmasının gəncləri bölgəni tərk edib. Ermənistan hakimiyyəti düşdüyü məğlub vəziyyətdən çıxmaq üçün yol axtarır. Ancaq daxili kin, hikkə və nifrət onlara reallığı dərk etməyə imkan vermir. Bu da işğalçı ölkənin məğlubiyyətini daha qaçılmaz hala gətirir. Bundan istıfadə edən Paşinyanın rəqibləri onu devirməyə can atır. Xüsusən keçmişdə iqtidarda olmuş hərbi xunta bu istiqamətdə aktiv fəaliyyətdədir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 25 oktyabr.- S.1;6.