Rəcəb Tayyib Ərdoğan: Türkiyə bu günədək azərbaycanlı qardaşlarının yanında yer alıb və yer almağa davam edəcək

 

Türkiyə bu günə kimi azərbaycanlı qardaşlarının yanında yer alıb və bundan sonra da yer almağa davam edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən konqresində söyləyib.

Ermənilərin Azərbaycan torpaqlarına hücumu ilə başlayan toqquşmaların azərbaycanlıların işğal altındakı ərazilərini azad etmək mübarizəsi olduğunu vurğulayan Ərdoğan deyib: “Evlərinə bomba düşmüş Nigar qızımızı dünən axşam televizorda izlədim. Nigar qızımız gözüyaşlı dərdlərini söyləyirdi. Biz, inşallah onları gözüyaşlı qoymayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaqlar”.

Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan torpaqları işğal edilərkən, azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri və dilləri bağlı, qulaqları kar şəkildə gözləyənlər vardı. “Həmin kəslərin bu gün etdikləri “Döyüşlər dayansın” açıqlaması riyakarlığın zirvəsidir. İki dövlət, bir millət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizəsində hər cür dəstəyi verməyə davam edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

 

 

Azərbaycan.-2020.- 25 oktyabr.- S.1.