“Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazilərinin bir hissəsini
azad etdik və azad etməyə davam edirik”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Fransanın
"Figaro” qəzetinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?
-Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.
- Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var. Eşitmişəm adı Neqsol olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz?
- Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.
İnternet bağlantısına gəldikdə
isə biz IT sektoruna böyük sərmayələr
yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80
faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə
çox inkişaf etmiş şirkətlərimiz, özəl
şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət,
mənim bildiyimə görə öz planı olan və
regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi
kommersiya cəhətdən gəlirli layihələri həyata
keçirməkdir. Əlbəttə ki,
coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan
bu gün çox vacib regional tərəfdir.
- Növbəti
sualım belədir. Bir aydan çox davam edən
toqquşmalardan sonra cəbhədə hazırda həyata
keçirilən hərbi əməliyyatların necə
olduğunu bizə təsvir edə bilərsinizmi?
-
Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum
nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin,
şəhər və kəndlərin bir hissəsini azad edə
bilmişdir. Biz hər gün azad edilmiş yeni
şəhər və kəndlər haqqında məlumat
veririk. Bu, asan deyil, çünki otuzillik
işğal müddətində Ermənistan işğal
edilmiş ərazilərdə çox möhkəm istehkamlar
qurmuşdur. Odur ki, təmas xəttini
keçmək asan deyildi. Lakin biz bunu etdik,
müxtəlif istiqamətlərdə - şimalda, cənubda.
Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli
bacarığını və potensialını nümayiş
etdirir. Biz Ermənistanı
döyüş meydanında məğlub edirik və onlar bizdən
qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi
bərpa etmişik. Bu sərhədin 130
kilometrdən çox hissəsi işğal altında idi.
Beləliklə, biz döyüş meydanında
çoxlu işlər görmüşük və bu, davam
edir. Ermənistan atəşkəsi iki dəfə
pozmuşdur. Əgər onlar atəşkəsi
pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi
kobud şəkildə pozaraq gecə vaxtı Gəncə
şəhərinə ballistik raket atıblar və ikinci dəfə
bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar
dayanardı, siyasi həllə üstünlük verilmiş
olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə
davam edəcəyik.
- Onlar Gəncəni
ona görə bombardman ediblər ki, Gəncədə
Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi
var idi və bu F-16 qırıcı təyyarələrdən
biri erməni təyyarəsini vurmuşdur. Onlar
buna görə Gəncəni bombardman etdiyini deyirlər.
- Bu, feyk
xəbərdir. Hesab edirəm ki, indi hər kəs
bunun Ermənistan tərəfindən feyk xəbər
olduğunu başa düşür. Türkiyənin
F-16 qırıcı təyyarələri ona görə
buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə
hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər,
onlar səmada deyillər. Ermənistanın
Su-25 təyyarəsi dağa
çırpılmışdır və onlar bunu guya
Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən
vurulduğu kimi qələmə verməyə
çalışırdılar. Lakin bu,
münaqişənin ilk günlərində, sentyabrda baş
vermişdir. Lakin onlar oktyabrın 10-da
ballistik raketlərlə Gəncəyə hücum ediblər.
Bu, birincisi. İkincisi,
ballistik raket Ermənistanın ərazisindən
buraxılmışdır və böyük ölkələr
buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və
raketin hədəfinin nədən ibarət olduğunu bilirlər.
Raketin hədəfi mülki şəxslərə
zərbə endirmək idi. Onlar Gəncə
şəhərində insanların yaşadığı ərazini
vurublar. Beləliklə, bu, beynəlxalq
terror əməli idi, bu, Ermənistanın hərbi cinayət
siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq
qazandırmaq olmaz və onlar buna görə məsuliyyət
daşıyacaqlar.
-
Türkiyənin müdaxiləsini və Türkiyədən
müxalif Suriya döyüşçülərini qəbul
etməklə Siz yerli bir münaqişənin regional bir
müharibəyə çevrilməsindən qorxmursunuz?
- Əvvəla, Türkiyə əsla münaqişəyə
cəlb edilməyib. Türkiyənin iştirakına dair
heç bir dənə də sübut yoxdur. Ermənistanın
Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk
saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər
yüksək səviyyəli rəsmilər Azərbaycana
güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT
Təhlükəsizlik Şurasının Ermənistan
qoşunlarının ərazilərimizdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən qətnamələrinin icrasına dəstəyi ifadə
ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi,
Azərbaycan tərəfində heç bir əcnəbi
döyüşçü yoxdur. Bu,
başqa bir feyk xəbərdir. Bu, bəzi
ölkələrin bəzi rəsmiləri tərəfindən
yayılmışdır. Lakin bu vaxtadək,
toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir
müddətdə bizə nə Fransadan, nə də Rusiyadan
heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri
vermişdir və biz onlardan sübut tələb etmişdik.
Biz dəlilləri tələb etmişdik.
Yalnız sözlər. Heç
bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir
məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə
vuruşacaq əcnəbilər lazım deyil, çünki
bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim
müasir avadanlığımız var, bizim 30 ildir ki,
işğaldan əziyyət çəkən motivasiyalı
insanlarımız var. Biz hətta tam səfərbərlik belə
elan etməmişik. Bizə döyüşdə
əlavə insan lazım olsa, biz daha çoxlarını
çağırarıq. Odur ki, bu, Azərbaycanı
təcavüzkar kimi təqdim etmək üçün daha bir
cəhddir və həmçinin onlara döyüş meydanında
qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq
üçün Ermənistanın cəhdidir.
- Cənab
Prezident, dediniz ki, Sizin çox müasir
avadanlığınız var, bu, doğrudur. Sizin
bütün növ dronlarınız var, bəziləri
Türkiyədən gəlir, həmçinin effektiv kamikadze
dronları İsraildən, ərəb ölkələrindən
gəlir. Beləliklə, İsrailin hərbi
avadanlığının yardımı Sizin
üçün çox önəmlidirmi və onlar Sizə
hərbi irəliləyişi əldə etməyə imkan
verirlərmi?
- Biz hərbi
avadanlığı bir çox ölkələrdən
alırıq. Bizə hərbi
avadanlığı ən çox təchiz edən Türkiyə
və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan
aldığımız silahlara görə pul ödəyirik.
Ermənistan Rusiyadan silahları pulsuz əldə
edir. Biz, həmçinin İrandan,
Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə
ki, bizim bu gün ordumuza ərazi
bütövlüyümüzü bərpa etməyə
kömək edən müasir silahları almaq imkanımız
var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən
bərpa olunur. Təbii ki, bizim regionda istənilən
ölkə silah alır. Dünyada
heç də bütün ölkələr özlərini
100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey
yoxdur. Əlbəttə ki, biz silahlara
görə ödəniş edirik, biz yaxşı silahları
alırıq və onlar bizə yerində kömək edir.
Lakin ərazilər dronlar vasitəsilə
işğaldan azad edilmir. Ərazilər əsgərlər,
orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən
azad edilir.
- İran hərbi əməliyyatlar zamanı
döyüşlərin sərhəddə keçirilməsi
ilə bağlı şikayət etmişdir. Bu mübahisəni
İranla həll etmisinizmi, İran rəhbərləri ilə
danışmısınızmı?
- Bəli,
biz bunu etmişik. Mənim bildiyimə görə
İranın rəhbərləri, həm də Ermənistan tərəfi
ilə danışmışlar. Çünki
toqquşmalar İranla sərhəd olan Araz
çayının yaxınlığında gedirdi və təsadüfən
silahların bəziləri sərhədi keçmişdir.
Lakin bu gün biz Azərbaycan-İran sərhədini
erməni işğalçılarından tamamilə təmizlədiyimizi
elan etdik. Buna görə orada artıq
heç bir toqquşmalar baş vermir və Araz
çayının o biri tərəfində - İranda olan qardaşlarımız
üçün artıq heç bir narahatlıq olmayacaq.
- Bu
müharibəni durdurmaq üçün mümkün ən
yaxşı vasitəçi kimdir? Bu,
Rusiyadırmı? Mümkün ən
yaxşı vasitəçi Rusiyadırmı?
- Bizim
üç vasitəçimiz var. ATƏT onlara mandat verib.
Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik
etməyə və tərəflərə həll yolunu
tapmağa kömək etməyə çalışırlar.
Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik
Şurasının üzvləridir, daimi üzvləridir.
Bu üç ölkə mənim istinad etdiyim və
erməni qoşunlarının
çıxarılmasını tələb edən həmin qətnamələri
qəbul etmişdir. Lakin əfsuslar olsun
ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
əməl etmək üçün Ermənistana kifayət qədər
beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi
hücumundan sonra biz özümüzü müdafiə etməli
idik və ədaləti güc yolu ilə bərpa etməli
idik. Biz bunu da uğurla edirik.
Bu 3 vasitəçinin hər biri mühümdür. Mən
müşahidə edirəm, görürəm və bilirəm
ki, Dağlıq Qarabağ məsələsində onların
çox nadir yekdil yanaşmaları olur. Bu,
bəlkə də onların maraqlarının üst-üstə
düşdüyü yeganə məsələdir.
– Cənab
Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki,
ondan sonra bu müharibəyə son qoymağa hazır
olasınız?
– Biz bu
gün dayanmağa hazırıq. Mən bunu
oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə
bağlı razılığa gələndən bəri
deyirdim. Mən demişdim ki, problemin həllinin
hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər
yaxşıdır. Biz danışıqlar
masasına keçmək istəyirik. Lakin
əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə
pozdu və Gəncəyə hücum etdi. Oktyabrın
17-də onlar növbəti atəşkəs qüvvəyə
minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün
dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən
görülər. Əgər onlar
dayanmasalar, biz işğal edilmiş bütün əraziləri
azad etmək üçün sona qədər gedəcəyik.
– Beləliklə,
bu, münaqişədən çıxmaq üçün
Sizin planınızdır, Azərbaycanın planıdır.
– Bəli.
Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər
onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib
hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas
prinsiplərə açıq şəkildə sadiq olsalar,
onda əlbəttə, hər şey dayanar və biz
danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin
içindəyəm. Mən Ermənistanın
iki əvvəlki prezidenti ilə işləmişəm və
biz böyük olmasa da, irəliləyiş əldə
etmişdik. Biz mütəmadi olaraq
görüşürdük. Moskvada, Parisdə,
Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən
sonra o, təkcə bəyanatları ilə deyil, həm də
hərbi təxribatları ilə danışıqlar prosesini
pozmaq üçün faktiki olaraq hər şeyi etdi.
Artıq hakimiyyətə gələndən 2 il
və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm
ki, siyasi həll mümkündür. Lakin
Ermənistan hökuməti başa düşməlidir ki, indi
onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas
xətti artıq mövcud deyil. Biz yerində
yeni reallıq yaratdıq və onlar bunu nəzərə
almalıdırlar.
– Sizin
Qarabağın gələcəyi ilə bağlı baxışınız
necədir?
– Mən
bunu dəfələrlə açıq şəkildə ifadə
etmişəm və indi sizə deyə bilərəm, həmçinin
mən vasitəçilər, Minsk qrupunun həmsədrləri
vasitəsilə əvvəlki Ermənistan hökumətinə
bizim gələcəyi necə görməyimizlə
bağlı müəyyən mesajlar vermişəm. Biz
Qarabağı insanların ləyaqət və sülh
içində, azərbaycanlı və erməni
icmalarının yanaşı yaşadığı Azərbaycanın
çiçəklənən, təhlükəsiz ərazisi
kimi, bizim Azərbaycanın bütün digər yerlərində
etdiyimiz kimi, inkişaf etdirməyi
planlaşdırdığımız ərazi kimi görürük.
Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli
iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi
çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi
çox aşağıdır. Pandemiyadan əvvəl
bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin
bu amilin geniş vüsət aldığı Dağlıq
Qarabağla müqayisədə fərq gecə ilə
gündüz qədərdir. Beləliklə,
biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar
üçün daha yaxşı həyat təmin edə bilərik.
Mən əminəm ki, iki millət, iki xalq
barışacaq. Çünki XXI əsrdə
özünü təcrid etmək, etnik təmizləmə
aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə
çalışmaq mümkün deyil. Bu,
mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək
heç kim "Dağlıq Qarabağ
respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə
də Qarabağın gələcəyi üçün, təkcə
Dağlıq Qarabağ üçün deyil, bütün
Qarabağ üçün, - bu, Azərbaycanın
böyük regionudur, - ən yaxşı yol sülh şəraitində,
harmoniyada yaşamaq və yenidən yaxşı qonşu
olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar.
Mənim planım bundan ibarətdir.
- Mən
xatırlayıram ki, 1990-cı illərin əvvəllərində
Bakıda antierməni poqromları var idi. Ona
görə də ermənilər inanmırlar, deyirlər ki,
yaşaya bilməzlər, Azərbaycan ərazisində
yaşamaq üçün, həyatları üçün
qorxurlar.
–
Münaqişə Ermənistandakı millətçilər tərəfindən
maliyyələşdirilən Dağlıq Qarabağdakı
separatçılar Azərbaycandan ayrılmaq üçün
plana start verəndən sonra başladı. Sovet
İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə
bilmirdilər. Ona görə də onlar
Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində
poqromlara başladılar. Müharibə və
toqquşmaların ilk qurbanları Dağlıq
Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq
Qarabağda, əsasən Şuşada, eləcə də
paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə
etnik təmizləməyə məruz qaldı. Sonra
Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların
çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə
məruz qaldı, qovuldu. Həmin
toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın
başqa şəhərlərində, Dağlıq
Qarabağda baş verirdi. Ona görə də
bu, insanların barışa bilməməsi üçün
bir növ səbəb olmamalıdır. Avropada
Fransa və Almaniya arasında neçə dəfə
müharibə baş verib? Neçə dəfə
digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb
olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20
ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı
arasında yaxşı münasibətlər quruldu və indi
heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət
aşılanır. Onlar Türkiyəyə
və Azərbaycana qarşı tarixi nifrət
aşılayırlar. Ermənistanın
sabiq prezidenti Köçəryan açıq şəkildə
bəyan etdi ki, azərbaycanlılar və ermənilər
birlikdə yaşaya bilməzlər. Lakin
baxın, onlar məsələn, Gürcüstanda necə
birlikdə yaşayırlar. Gürcüstanın
bəzi kəndlərində azərbaycanlılar və ermənilər
yanaşı yaşayırlar. Rusiyada da
eyni şəkildə. Azərbaycanda minlərlə
erməni yaşayır. Niyə bu,
Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin
vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə
sağaltmaq lazımdır. Münaqişənin
bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu
yaraları sağaltmaq məqsədilə hər şeyi etmək
üçün böyük töhfə verməsinə
ehtiyac var.
-Bu, mənim
sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir
müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan
Şimali Kipr məsələsinə diqqətini cəmləmək
üçün öz dəstəyini və Qafqazdakı siyasətini
dayandırar?
-Türkiyə
və Azərbaycan qardaş ölkələrdir və bizim
qardaşlığımız bir çox vəziyyətlərdə
sınaqdan keçib. Bu konkret məsələdə
Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini
açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan
tək deyil, Türkiyə onun yanındadır. Beləliklə,
bu, çox güclü siyasi dəstəkdir və biz buna
görə çox minnətdarıq. Bu,
birincisi. İkincisi, demək istəyirəm
ki, biz döyüş meydanında nə ediriksə
özümüz edirik. Bəli, müasir
silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən
Azərbaycan əsgərləri və zabitləridir.
Bizim Türkiyə ilə münasibətimizin böyük
tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə,
Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi
- Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi
olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb
edilmək üçün legitim hüququ var. Çünki
qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi
təmin edə bilən və təmin edən, gündəliyi
çox aydın ölkə olaraq o, beynəlxalq hüququ
müdafiə edir. Beynəlxalq hüquq deyir ki,
bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə
olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb
edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz
köçürməklə, azərbaycanlılara
qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini
irsimizi dağıtmaqla 30 ildən çoxdur ki,
torpaqlarımızı işğal altında saxlamaq istəyir.
Türkiyənin rolu çox müsbətdir.
Ermənistanla müharibə dayanandan və
siyasi nizamlama həyata keçiriləndən sonra əminəm
ki, Türkiyənin rolu çox mühüm və müsbət
olacaq.
-Beləliklə,
Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi
Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə
sahib olmaq üçün Ermənistanı silmək planı
var?
– Xeyr, bu,
yenə də erməni fobiyaları və erməni təxribatlarıdır.
Mənim Paşinyan hakimiyyətə gəlməzdən
əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim
sülhməramlı planda kommunikasiyalara açıq-aydın
istinad var idi. Sülh sazişi imzalanandan
sonra bütün kommunikasiyalar açılır, o cümlədən
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın əsas hissəsi arasında. Beləliklə,
Türkiyənin, Azərbaycanın və Mərkəzi
Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə
bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan
vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir
yolunu tikdik. Beləliklə, Türkiyə
malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi
vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə
daşınır. Lakin Türkiyədən
Naxçıvana, Ermənistana, Azərbaycana yol daha
qısadır. Ona görə də məsələ
onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və
dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq
üçün Ermənistanı silmək istəyirlər.
Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir,
bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti
əhalini Türkiyə ilə qorxutmağa
çalışmamalı, türk və Azərbaycan
xalqlarına qarşı nifrəti dayandırmalıdır.
– Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?
– Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq.
-Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?
– Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.
-Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident.
– Təşəkkür edirəm.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.1-2.