Hikmət Hacıyev: Ermənistanın
mülki Azərbaycan vətəndaşlarına,
xüsusilə uşaqlara və yeniyetmələrə
qarşı dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir
Ermənistanın mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
Prezidentin köməkçisi deyib: “Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Oktyabrın 17-də Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisigilə qonaq gəlmişdi.
Mərhum Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn ediləcək. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib.
Cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin hazırda Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.
Ermənistandan
fərqli olaraq Azərbaycan mülki insanları və mülki
obyektləri hədəfə almır. Azərbaycan tərəfindən
beynəlxalq humanitar hüquqda
təsbit olunmuş hərbi zərurət,
legitim hərbi hədəflər və cavab tədbirlərinin
proporsionallığı kimi tələblər
ciddi şəkildə nəzərə
alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də
qeydə alındığı kimi, Ermənistan
tərəfi atəş nöqtələrini mülki
obyektlərin içərisində və
yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan
istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində
yaşayan mülki
insanları hərbi obyektlərdən kənar durmağa
çağırırıq. Müzəffər Ali Baş Komandan,
Prezident İlham
Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın
mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan
tərəfə keçmək istəyən mülki
şəxslərə və hərbçilərə bütün humanitar
yardım və dəstəyi göstərməyə
hazırıq. Mülki insanlara
qarşı törədilmiş müharibə cinayətlərinə,
hərbi avantüraya görə məsuliyyəti
tam şəkildə Ermənistanın siyasi-hərbi
rəhbərliyi daşıyır”.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.3.