Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan icması üzvləri ilə görüşüb
Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərinin sonunda ABŞ-ın Azərbaycan icması fəalları ilə görüş keçirib.
Ölkəmizin Vaşinqtondakı səfirliyində təşkil olunmuş tədbirdə nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü, mövcud vəziyyət, azərbaycanlı mülki əhalinin, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinin hədəf alınması, dinc insanlar arasında çoxsaylı itkilərin olması haqqında söz açıb. Qeyd olunub ki, sülh danışıqları prosesində ciddi irəliləyiş əldə edilməyib və son iki ildə Nikol Paşinyan hökumətinin destruktiv siyasəti nəticəsində danışıqlar kifayət qədər pozulub. Nazir deyib ki, 2019-cu ilin avqust ayında Ermənistanın müdafiə naziri ABŞ-ın erməni icma üzvləri ilə görüşdə “yeni ərazilər üçün yeni müharibə” prinsipini təbliğ edərək, rəsmi Yerevanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirib.
Nazir Ermənistanın beynəlxalq
hüquq, o cümlədən
beynəlxalq humanitar hüququ
kobud şəkildə pozmasını xüsusi vurğulayıb. Diqqətə
çatdırıb ki, Ermənistanın
işğalçı siyasəti nəinki Azərbaycan, bütün region üçün təhlükədir. Bölgədə
davamlı sülhün və rifahın təmin
olunması üçün işğal faktının aradan
qaldırılması və dövlətlərin beynəlxalq
tanınmış sərhədlərinə hörmətin təmin
olunmasının vacibliyi vurğulanıb.
ABŞ-ın Azərbaycan icmasının Qarabağ
həqiqətlərinin yerli ictimaiyyətə
çatdırılmasının vacibliyi qeyd olunub. Nazir
icma üzvlərinin informasiya
müharibəsində fəallıq göstərdiklərinə
görə təşəkkürünü bildirib.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.4.