Anar Eyvazov: “Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması
və təslim olması tövsiyə edilir”
Oktyabrın 23-də gün ərzində və 24-nə keçən
gecə cəbhənin
Ağdərə, Xocavənd,
Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş
əməliyyatları davam
edib. Müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutan düşmən yaylım atəşli reaktiv sistemlərdən və digər artilleriya qurğularından
istifadə edərək,
həmçinin Tərtər,
Bərdə, Goranboy və Naftalanı atəşə tutub.
Bu barədə Müdafiə
Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın
24-də Hərbi İnformasiya
Mərkəzində keçirilən
brifinqdə deyib. Anar Eyvazov qeyd edib
ki, Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata
keçirdiyi əməliyyatlara
qarşı mütəşəkkil
müqavimət göstərə
bilməyən və döyüş mövqelərini
itirərək geri çəkilməyə məcbur
edilən düşmən
Ermənistanın Gorus
və Qafan rayonları ərazisindən
raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü
atəşə məruz
qoyub. Ermənistan tərəfinin bu
təxribatı törətməkdə
məqsədi Azərbaycan
Ordusunu cavab tədbirləri olaraq Ermənistan ərazisinə
atəş açmağa
təhrik etməkdir.
Bildirilib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirir. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi atəş zərbələri endirilib, onun silah-sursat və yanacaq anbarları sıradan çıxarılıb. Kommunikasiya xətləri nəzarətə götürülüb, dayaq məntəqələri dağıdılıb. Könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Sünik-Zəngilan yolunda hücum etməyə cəhd göstərən düşmən bölmələrimizin sərt müqaviməti ilə rastlaşaraq geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var. Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bundan başqa, Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə rayonu istiqamətində bir pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində düşmənə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib və ələ keçirilib. Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı başlandıqdan sonra döyüş sahəsində aciz qalan düşmən bütün vasitə və resurslardan istifadə etməklə informasiya mühitində dezinformasiya və təxribat xarakterli məlumatlar yayır. Düşmən rəsmiləri guya ordumuzun texnika itirdiyi, xüsusi təyinatlı bölmələrimizə ziyan vurulduğu, bir pilotsuz uçuş aparatının Ermənistan ərazisində vurulması, digərinin isə İran ərazisinə keçdiyi və bu ölkə tərəfindən qoşunlarımıza qarşı atəş açılması kimi feyk məlumatlar verməklə vəziyyətin gedişatına təsir etməyə çalışır. Onlar çoxsaylı feyk foto və videolar yaymaqla, beynəlxalq aləmdə Azərbaycan Ordusu barədə mənfi rəy formalaşdırmağa cəhd edirlər.
Anar Eyvazov deyib: “Bildiririk ki, peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır. Bu hədəflər dəqiq atəş zərbələri ilə məhv edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi foto və video görüntülər də buna əyani sübutlardır. Hər bir Azərbaycan əsgəri mülki şəxslərlə, hərbi əsirlərlə və düşmən meyitləri ilə davranış qaydalarını mükəmməl bilir. Onlara qarşı beynəlxalq humanitar hüququn prinsip və normalarına, eləcə də Cenevrə konvensiyalarına və ona əlavə olunmuş protokollara uyğun davranırlar. Buradan döyüşlər gedən istiqamətlərdə məskunlaşan dinc erməni əhalisinə və aldadılaraq Ermənistan ərazisindən işğal olunmuş ərazilərimizə gətirilən əsgər və könüllülərə Azərbaycanın Hərbi Komandanlığının müraciətini çatdırıram. Azərbaycanın Hərbi Komandanlığı bir daha döyüşlər gedən istiqamətlərdəki dinc əhalini hərbi obyekt və infrastrukturdan uzaq durmağa çağırır. Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə silahı yerə qoyaraq təslim olmağı təklif edir. Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır. Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq”.
“Azərbaycan əsgərlərinə
qarşı döyüşən erməni hərbçilərinin
vaxt itirmədən silahı yerə qoyması və təslim
olması tövsiyə edilir. Qələbə bizimlədir!”,
- deyə Anar Eyvazov
vurğulayıb.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.4.