Azərbaycanın Hərbi Komandanlığı işğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmağı tövsiyə edir

 

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmağı tövsiyə edir. Eyni zamanda, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Komandanlıq, həmçinin bildirib ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

 

Azərbaycan.-2020.- 25 oktyabr.- S.5.