İşğalçı Ermənistan ordusu əsgərlərini özgə torpağında urvatsız ölümə məhkum edir

 

 

Prezident İlham Əliyev son günlər dünyanın "CNN International”, "CNN-Türk”, "Sky News”, "Euronews”, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə” kimi əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu "TPT Haber”, Rusiyanın aparıcı "Rossiya-1”, "Pervıy Kanal”, RBK televiziya kanallarına, digər KİV-ə müsahibələrində və Azərbaycan xalqına müraciətlərində Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçılıq xislətini bir daha ifşa etdi. Dövlət başçısı 30 ildir erməni vandallarının törətdiyi vəhşilikləri xatırladaraq son hadisələr üzərində ətraflı dayandı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev istər daxili, istərsə də xarici auditoriya qarşısında çıxışlarında vurğuladı ki, Ermənistan silahlı qüvvələri bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın müqabilində aldığı "dərs”dən nəticə çıxarmadı. Sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum etdi. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.

Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Bu günlər vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik” deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. Qısa müddətdə işğal altında olan torpaqlarımızın xeyli hissəsi yağı tapdağından azad edildi. Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan, onlarca kənd və strateji yüksəklik geri alındı. Neçə illərdir yolumuzu intizarla gözləyən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı dalğalandı.

Cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusuna olmazın zərbələr endirdi. Düşmənin 16 komanda məntəqəsinin darmadağın, 190-dan artıq tankının, çoxsaylı artilleriya qurğularının, raket sistemlərinin məhv edilməsi faktının özü çox söz deyir. Erməni işğalçılarının eləcə də xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi.

Prezident İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində demişdir: "Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də erməni əsgəri mövqelərini qoyub qaçır. Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçir.

Ümumiyyətlə, son aylar Azərbaycanın əsgərindən ən yüksək rütbəli zabitinədək hərbçilərimizin hamısı bir daha sübuta yetirdi ki, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Bizim sıravi əsgərimiz düşmən üzərinə şığıyanda onun qarşısında daş da, qaya da, bütün istehkamlar da ram olur. Lazım gələndə generalımız da səngərdə vuruşub, sözün tam mənasında, əsgər kimi şəhid ola bilir. Və hər şəhidimizin xatirəsi bizim üçün əzizdir, müqəddəsdir. Hər biri anılır, xatırlanır, örnəyə, nümunəyə çevrilir.

İşğalçı Ermənistan ordusu isə əsgərlərini özgə torpağında urvatsız ölümə məhkum edir.

Torpaqlarımızı işğal edən (əlbəttə, bu, müvəqqətidir), nəqmələrimizi oğurlayan, mətbəximizə sahib çıxmağa can atan ermənilər çox güman ki, atalar sözlərimizi də eşitməmiş olmazlar. Belə isə, arığın nə işi var qoruqda... Erməni əsgəri əzəli-əbədi, ata-baba Azərbaycan torpağı olan Qarabağda nə axtarır? Onun Goranboyda, Tovuzda, digər bölgələrimizdə itirdiyi nə isə varmı? Yoxdur. İtirilən erməni siyasətçilərinin ağlıdır, müqabilində tapdıqları isə məğlubiyyət, rüsvayçılıq, biabırçılıq və ucuz ölümdür

"Sky News” televiziya kanalına müsahibəsində dövlət başçısı bunu olduqca aydın və sərt şəkildə ifadə edərək vurğulamışdır: "Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərləri hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazisində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri oradaedir?”

Ermənistanın baş naziri Nikol Paşinyan törətdiyi olmazın bədnam əməllərdən ar etməyərək bütün dünyadan imdad istəyir. Guya onun başçılıq etdiyi erməni faşistlərinin heç bir günahı yoxdur, guya onları haqsızcasına çapıb-talayırlar, öldürürlər. Belə olanda ata-babalarımız yaxşı deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.

Amma, yox! Vəhşi düşmən nə qədər təxribat törətsə də, məğlubiyyətindən hiddətlənsə də, daha da azğınlaşıb dinc əhalini - körpəni, qadını, qocanı qətlə yetirsə də, Azərbaycan xalqının bağrı yarılan deyil. Çünki bunlar düşmənin acizliyini göstərən hərəkətlərdir və biz getdikcə mənən cılızlaşan, hər sahədə ondan güclü olduğumuz düşmənə qalib gələcəyik.

"Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq”, - deyir Prezidentimiz. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan xalqı buna inanır. Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılacağı gün uzaqda deyil.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 25 oktyabr.- S.6.