Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib
Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş ediblər.
Diaspora
Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və
türk icmalarının iştirak etdiyi yürüş Ermənistan
ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini,
o cümlədən Gəncə şəhərini raket atəşinə
tutması nəticəsində mülki şəxslərin qətlə
yetirilməsinə etiraz olaraq təşkil olunub.
Yürüş
iştirakçıları Ermənistan silahlı qüvvələrinin
dinc əhalini hədəf almasını insanlığa
qarşı törədilən cinayət adlandırıb,
işğalçı və terror siyasəti yürüdən
Ermənistanın beynəlxalq hüquq normalarını kobud
şəkildə pozduğunu bildiriblər.
Yürüş
iştirakçıları müxtəlif dillərdə “Qarabağ
Azərbaycandır!”, “Gəncə üçün dua et!”,
“Erməni terrorçuluğuna son!”, “Mülki insanlar
toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz
terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,
“Ermənistan, BMT qətnamələrinə əməl et!” “Ermənistana
inanma”, “Ermənistanın
işğalına son!” “Ermənistanın
təcavüzünə son”, “Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.
Azərbaycan.-2020.- 25 oktyabr.- S.6.