Tərəfdaşlarımızla yeni layihələr gerçəkləşdirəcəyik - həm də işğaldan azad etdiyimiz torpaqlarda!

 

Bu fikir dövlət başçısının Yaponiyanın "Nikkei”qəzetinə müsahibəsində də vurğulandı

 

 

1990-cı illərin sonundan fəaliyyət göstərən Bakı-Novorossiysk və Bakı-Supsa xətləri, 2006-cı ildən istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri marşrutları Azərbaycandan karbohidrogenləri indiyədək fasiləsiz, təhlükəsiz şəkildə dünya bazarlarına ixrac edir. Erməni terrorçuları və vandalları son günlər Yevlax rayonunun Aran qəsəbəsinə və Xızı rayonuna - Sitalçay ərazisinə raketlər tuşlayaraq məhz həmin mühüm əhəmiyyətli obyektləri hədəfə alıblar. Raketlər ölkəmizin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib və xoşbəxtlikdən, yaxınlıqda yaşayan əhaliyə, eləcə də neft-qaz kəmərlərinə ziyan dəyməyib.

Erməni faşistləri Azərbaycanı bu kəmərlərə, həmçinin Səngəçal terminalına hücum edəcəkləri ilə hədələyirlər. Bu da onların qan tökmək, odla oynamaq xislətindən qaynaqlanır. .

Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində bu məsələyə də toxunmuşdur: "Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər”.

TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) əlaqədar sualı cavablandırarkən dövlət başçısı bildirib ki, bu kəmərlə bağlı bütün işlər qrafikə uyğun gedir. Belə ki, TAP-ın tikintisi artıq tamamlanıb və yaxın vaxtlarda kəmərin rəsmi açılışı gözlənilir.

Azərbaycanın iri neft-qazixrac layihələrində Yaponiyanın "İtoçu”,”İnpekskimi tanınmış şirkətləri də iştirak edir və sözügedən müsahibədə müharibə mövzusu ilə yanaşı, bu məsələlərdən də bəhs olunması təsadüfi deyil. Ümumiyyətlə isə Azərbaycanın dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkə kimi bir çox jurnalistlər, o cümlədən "Nikkeinin əməkdaşları üçün maraqlı olması da təbiidir.

Ölkəmizin karbohidrogen ehtiyatları hələ çoxdur. Artıq böyük həcmdə təbii qaz ixrac etməyə başlamışıq. Qarşıdakı onilliklərdə neft istehsalı da sabit qalacaq. Azərbaycan dövləti düzgün və uzaqgörən siyasət yeridərək bununla yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Odur ki, sözügedən müsahibədə ölkəmizin postneft dövrünə necə keçəcəyi və həmin vaxt Yaponiya şirkətlərindən hansı gözləntilərimiz olacağı barədə də sual səsləndirilib.

Yaponiya şirkətləri Azərbaycanda, həmçinin elektrik enerjisi sahəsində fəaliyyət göstərir. Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikilmişdir. Onların gücü 800 meqavata yaxındır. Bu stansiyalar elektrik enerjisi istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Gələcək əməkdaşlıq üçün də perspektivlər var və dövlət başçısı bu barədə demişdir: "Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”.

Prezidentimiz Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı gündəliyi olduğunubu prosesin uğurla davam etdiyini də vurğulayıb. Doğrudur, son aylarda dünyanı sınağa çəkən koronavirus pandemiyasının mənfi təsiri ölkəmizdən də yan keçməyib. Bu il ümumi daxili məhsul aşağı düşür, lakin geriləmə o qədər də ciddi deyil - 4 faizdən aşağıdır . Bəzi başqa ölkələrlə müqayisə bunun pis nəticə olmadığını göstərir. Qeyri-neft sənayesində hətta artıma nail olunub. Bu, şaxələndirmə proqramının uğurla icra olunduğunun daha bir göstəricisidir. Sənayenin, biznes imkanlarının, turizmin, innovasiya sektorunun və kənd təsərrüfatının pandemiyadan əvvəl sürətlə inkişaf etdiyi bildirilib. Əsas məsələ kimi isə indi Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi qeyd olunub: "Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır”.

Düşmən tapdağından xilas etdiyimiz ərazilərdə həyat yenidən qaynayacaq. Bu yerlərin müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqları var. Əlbəttə, bu, kənd təsərrüfatının inkişafına yeni təkan verəcək. Ərazilərimizin azad edilməsi ilə əlaqədar aqrar sahənin gələcək inkişafına artıq başlanıb.

Xatırladaq ki, Azərbaycan son illər mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Bu, bir çox digər ölkələrlə birlikdə qlobal layihələr gerçəkləşdirməyimizə imkan verib. Yaponiyanın "Nikkei” qəzetinə dövlət başçısının müsahibəsi də göstərdi ki, tərəfdaşlarımızla münasibətlərimiz uğurla davam edir. Biz yeni-yeni layihələr gerçəkləşdirəcəyik. Həm də təkcə neft-qaz sektorunda deyil, iqtisadiyyatın bir çox sahələrində. Həm də işğaldan azad etdiyimiz torpaqlarda!

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 25 oktyabr.- S.7.