İndi bütün Azərbaycan hünər meydanıdır

 

 

30 ilə yaxın idi ki, Qarabağ erməni işğalçılarının tapdağı altındaydı. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradılsa da, onun həllində heç bir irəliləyişə nail olunmamışdı. Doğrusu, məsələnin həlli bu üçlüyün səlahiyyətləri və iradələri çərçivəsində də deyildi, çünki onların işi "vasitəçilik” etmək olub.

Lakin səbrin həddi var. Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır, nöqtədeməsi məsələnin danışıqlar yolu ilə həll edilməsinə nöqtə qoydu. İndi söz rəşadətli Ordumuzundur. Əsgərlərimizlə birlikdə bütün xalqımız qanımıza susamış yağı düşmənlə mübarizə yox, artıq müharibə aparır bu ölüm-dirim savaşında biz heç vaxt olmadığı kimi bir həmrəyik.

Bu gün hər kəs ordumuz, əsgərlərimiz, qələbəmiz haqqında fikirləşir. Gənclərimiz qələbəmizi təmin etmək üçün könüllü olaraq Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələrinə müraciət edirlər. Təkcə gənclər deyil, ahıllar belə, döyüşə atılmağa hazır olduqlarını bildirirlər. Hamı istəyir ki, bacardığı qədər ordumuza kömək etsin. Analar haqq savaşında qələbə çalmağımız üçün dualar edir, qurbanlar deyirlər.

Cəbhədən gələn xoş xəbərlər isə ürəkləri sevindirir. İşğaldan azad olunan şəhər, qəsəbə kəndlərimizdə, strateji yüksəkliklərdə dalğalanan bayrağımız hər birimizi qürurlandırır. Uzun illərdən bəri suya həsrət qalmış rayonlarımızda Suqovuşanın azad edilməsi sayəsində əkin sahələri cana gəlir.

Haqq-ədalət savaşında bizə inam, güc-qüvvət verən Ali Baş Komandanımız İlham Əliyevlə həm Türkiyə onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın, qardaş türk xalqının hər an yanımızda olması, bizi siyasi-mənəvi baxımdan dəstəkləməsidir. Bu birlik, bu qardaşlıq azğın düşmənin, onun havadarlarının istər siyasi-diplomatik, istərsə savaş yoluna basılmaz sədd çəkib.

İnam başladığın işi sona çatdırmağa stimul verən əsas şərt olsa da, öz-özünə yaranmır, bunun üçün ölçülüb-biçilmiş siyasət, strategiya taktika lazımdır. Qarabağın 30 ildən çox düşmən tapdağı altında qalması hər birimizə ruhən əzab verirdi o üzdən xalqımız bu əzabdan xilas olmağa tələsirdi. Güclü dövlətlərin qoltuğuna qısılan düşmən isə hiyləgərliyindən qalmırdı.

Amma hər şeyin öz vaxtı vardı. Nəyi zaman etməyi yaxşı bilən Ali Baş Komandan bu dəfə qədər praqmatik eyni zamanda qətiyyətli lider olduğunu göstərdi. Özü təkcə göstərmədi, həm eyni vaxtda bir neçə cəbhədə gedən mübarizənin sərkərdə kimi önündə oldu.

Bu gün qələbə müjdəli xəbərlər hər kəsin ürəyini qürur hissi ilə doldurur, sevincdən hər kəsin gözləri yaşarır. Bu hissləri bizə yaşadansa ordumuzdur. Ordumuzun güclü olması isə ölkəmizin iqtisadi gücü ilə bağlıdır. Bunu yaxşı bilən hər bir vətəndaşımız qələbəyə öz işi, əməli ilə kömək etməyə çalışır. Arxa cəbhədəki əmək coşqusu göz qabağındadır. Pambıq tarlaları, meyvə bağları, çay plantasiyaları da bu gün hünər meydanıdır. Çətin pandemiya şəraiti olmasına baxmayaraq, hər kəs çalışır ki, alın təri və min bir zəhmətlə yetişdirdii nemətləri tez, itkisiz yığıb təhvil versin. Eyni zamanda fermerlər, torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün toxum səpirlər, heyvandarlar mal-qaranın qışdan gümrah çıxarılması, ət-süd məhsullarının azalmaması üçün işlərini sahmana salırlar.

Biləsuvarlı fermer Lətif Cəfərov ömrünün 85 payızında da yorulmaq bilmədən çalışır. Bu il taxıl əkdiyi sahələrin hər hektarından 45 sentnerdən çox məhsul götürüb. O həm də təcrübəli pambıqçıdır. Hazırda əkib-becərdiyi pambığın yığılması ilə məşğuldur. İlin çətin gəlməsinə baxmayaraq, hər hektardan 50 sentner məhsul götürmək fikrindədir. Qabaqcıl fermer əkinçiliklə yanaşı, heyvandarlıqla da məşğuldur. Təsərrüfatında 50 başdan çox iri, 200 başdan artıq xırda mal-qarası var. Deyir ki, əsgərlərimizə ət lazım olsa, kömək etməyə hazıram, bunun üçün rayon rəhbərliyinə müraciət etmişəm.

Salyanlı iş adamı Elşad Mehdiyev, neftçalalı fermer Əlihüseyn Hacıyev, cəlilabadlı torpaq mülkiyyətçisi Rüstəm Rüstəmov, lənkəranlı çayçı-fermer Araz Yaqubov və yüzlərlə başqaları da ordumuza, əsgərlərimizə ərzaq göndərməyə hazır olduqlarını bildiriblər. Bütün bunlar sübut edir ki, belə günlərdə xalqımız bir olmağı, bir məslək, əqidə ətrafında birləşməyi bacarır. Birlik olan yerdə isə uğur, qələbə olur.

 

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 25 oktyabr.- S.7.