Epidemiya vəziyyəti
məhdudlaşdırıcı tədbirlər görməyi
zəruri edir
Virusu nəzarətolunan
həddə salmaq vətəndaşların
nizam-intizamı və məsuliyyətindən
asılıdır
Koronavirus pandemiyası dünyanın
bir nömrəli problemi olmaqda davam edir. Təhlükəli virus payız-qış mövsümünün
başlaması ilə
insanların yoluxma riskini daha da
artırıb. Son statistikaya
əsasən, hazırda
dünyada COVID-19-a yoluxanların
sayı 42 milyonu ötüb,
1 milyondan çox
insan bu virus səbəbindən dünyasını
dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) rəhbəri Tedros
Adanom Qebreyesus koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh
edərkən xəbərdarlıq
edib ki, növbəti bir neçə ay çox çətin olacaq:
"Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik,
xüsusilə şimal
yarımkürəsində. Növbəti bir neçə
ay çox çətin
olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”.
ÜST rəhbəri dünya
ölkələrinin liderlərini
ölüm hallarının
artması, səhiyyə
sistemlərinin çökməsi
və məktəblərin
bağlanmasının qarşısının
alınması istiqamətində
dərhal addımlar atmağa çağırıb.
Tibb işçilərimizi iki
cəbhəyə bölməyək
Bir müddət
əvvələ qədər
Azərbaycanda COVID-19-a qarşı
aparılan mübarizədə
müsbət dinamika əldə olunsa da, təəssüf ki, son günlər bunun əksi ilə qarşılaşırıq. Ölkəmizdə koronavirusa yoluxma sayının pik həddə çatması
ciddi narahatlıq yaratmaya bilməz. İndi cəbhə bölgəsində
şiddətli döyüşlərin
getdiyi bir məqamda xəstəxanalarda
COVID -19-a yoluxanların sayının
artması yolverilməzdir.
Belə arzuolunmaz hal tibb işçilərimizin
iki cəbhəyə bölünməsinə rəvac
verə bilər ki, buna heç
birimiz razı olmamalıyıq.
Buna görə də
mövcud sanitar-epidemioloji
vəziyyət, koronavirusa
yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, xüsusi
karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin
tətbiq olunmasına
qərar verilib. Belə ki,
oktyabrın 19-dan noyabrın
2-dək ölkə üzrə
bütün təhsil
müəssisələrində tətil elan olunub.
Nazirlər Kabinetinin müvafiq
tapşırığına əsasən, dövlət
qurumlarında çalışan
işçilərin say həddi
30 faizədək azaldılıb,
digər əməkdaşlar
məsafədən iş
rejiminə keçirilib.
Özəl sektorda və
digər sahələrdə
fəaliyyət göstərən
qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunub. Yüksək
risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin
ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə
edilib. Eyni zamanda Nazirlər
Kabinetinin qərarına
əsasən, noyabrın
2-dək Bakı Metropolitenində
sərnişindaşıma fəaliyyəti də dayandırılıb.
Bəzi
yerlərdə yüksək
yoluxma faktları aşkarlanıb
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gündən karantin qaydaları yenidən sərtləşdirilib. Belə
ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin
təhlilinə əsasən,
son günlər Ağstafa,
Biləsuvar, Xaçmaz,
İsmayıllı, Qax,
Zaqatala rayonlarında və Mingəçevir şəhərində yüksək
yoluxma faktları qeydə alınıb.
COVID-19 virusunun yayılma sürətinin azaldılması,
eləcə də onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə oktyabrın
24-dən Ağstafa, Biləsuvar,
Xaçmaz, İsmayıllı,
Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə
operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin,
eləcə də yükdaşıyan avtomobillərin
hərəkəti istisna
olmaqla giriş-çıxış
dayandırılıb. Eyni zamanda,
adıçəkilən rayonlarda
və şəhərdə
həftəsonları ictimai
nəqliyyatın hərəkəti
də dayandırılıb.
Qurum vətəndaşları
COVID-19 virusu ilə mübarizə sahəsində
mövcud karantin tələblərinə riayət
etməyə, eləcə
də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən
istifadə etməyə,
ictimai yerlərdə kənar şəxslərlə
minimum kontaktda olmağa
çağırıb.
"İnsanların məsuliyyət
hissinin azalması bizi daha çox
narahat etməlidir”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, insanlarda bu məsələ ilə bağlı məsuliyyət hissinin azalması daha çox narahatlıq yaradıb. Müşahidələr göstərir ki, aprel, may, iyun, iyul aylarında insanlar virusa yanaşmada daha ciddi idi, həm bir-birini, həm də özünü qoruma vərdişləri kifayət qədər yüksək idi. Avqust-sentyabr aylarında yoluxma sayında azalma başlayan kimi elə düşündülər ki, daha koronavirus ölkədə bitdi: "Düzdür, indi müharibə dövrüdür, insanlarımızın müəyyən hissəsinin əhvali-ruhiyyəsi ön cəbhəyə köklənib. Amma bu bizə əsas vermir ki, arxa cəbhədə düşmən olan koronavirusla mübarizəni də zəiflədək”.
COVID-19-dan birdəfəlik qurtuluş yolu olan peyvəndlərlə bağlı hələlik proqnozlar ümidverici deyil. TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, koronavirusla bağlı hazırda təsdiqlənmiş, öz effektivliyini dəqiq sübuta yetirmiş bir peyvənd növü çox təəssüf ki, yoxdur. O, məlumat verib ki, peyvənd hər hansı bir müddətdə təsdiqlənsə belə, bu, müəyyən qrup insanlara vurulacaq. "Bunlar da yaşlı şəxslər, xroniki xəstəliyi olanlar, ürək-damar sistemi xəstəliyi, şəkərli diabeti olanlar, xroniki böyrək, qaraciyər xəstəlikləri olan şəxslər, ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkənlərdir. Biz ölüm statistikalarını araşdırdığımız zaman görürük ki, onlarda ağırlaşma və ölüm riski çox yüksək olur”, -deyə o bildirib.
Göründüyü kimi, hazırda bu qorxulu bəladan qorunmaq yalnız profilaktik tədbirlər görməklə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə mümkündür. COVID-19-la bağlı hazırkı vəziyyətdə mövcud karantin rejiminə ciddi əməl etmək, maska taxmaq, mümkün qədər ictimai yerlərdə olmamaq, evdən yalnız zəruri hallarda çıxmaq, şəxsi gigiyenaya riayət etmək həyati əhəmiyyət daşıyır. Eyni zamanda, müvafiq pandemiya qaydalarına riayət etməklə həm sağlamlığımızı qoruya bilmək, həm də dövlətimizə və ordumuza böyük dəstək vermiş olarıq.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 25 oktyabr.- S.8.