“Biz döyüş
meydanında tarixi ədaləti bərpa edirik”
Oktyabrın
26-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev xalqa müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
Prezident İlham
Əliyevin müraciəti
-Əziz həmvətənlilər.
Bir aya yaxındır ki, ikinci Qarabağ
müharibəsi davam edir. Bu müharibə xalqımız
üçün Vətən müharibəsidir. Biz Vətən
torpaqlarını işğalçılardan azad edirik. Bu
müddət ərzində Şanlı Azərbaycan Ordusu bir
çox yaşayış məntəqələrini
düşməndən azad edibdir. Biz döyüş
meydanında tarixi ədaləti bərpa edirik. Çünki
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu
torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz
Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya
ictimaiyyətinə çatdırmaq üçün son illər
ərzində böyük işlər
görülübdür. Çünki 1990-cı illərin əvvəllərində
Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər
də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət
göstərən erməni lobbi təşkilatları həm
bölgənin tarixi ilə bağlı, həm münaqişənin
tarixi ilə bağlı yanlış məlumat ötürərək
dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş
təsəvvür yarada bilmişlər. Məhz buna
görə, torpaqlarımız işğal altına
düşə-düşə bizə qarşı sanksiyalar tətbiq
edilmişdir və bu sanksiyalar bu günə qədər
qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində
Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki,
guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və
bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür
edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının
qarşısına heç bir arqument gətirə bilməmişdir.
Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində
biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə
bağlı, münaqişənin tarixi ilə bağlı
kifayət qədər məlumatlandırmışıq.
Görülən bütün bu işlər, bax, bu gün bizə
kömək göstərir, çünki artıq dünyada
bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha
obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz
nəticəsində buna nail ola bilmişik. Mən deyəndə
ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən
Münhen təhlükəsizlik konfransında bütün
dünyaya və bu, canlı formatda aparılmış
diskussiya əsnasında sübut edə bilmişəm ki, bu,
bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində
Kürəkçay sülh anlaşması haqqında məlumat
vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə,
geniş ictimai fikirdə heç bir məlumat yox idi.
Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə
haqqında geniş məlumat yox idi. Kürəkçay
sülh müqaviləsini Qarabağ və Şuşa xanı
İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən
Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa
bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra
indiki döyüş meydanında vəziyyəti maraqla izləyən
geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək,
baxacaq görəcək ki, o müqavilədə erməni
xalqı haqqında bir kəlmə də yoxdur.
Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni
xalqı Kürəkçay, Gülüstan, Türkmənçay
sülh müqavilələrindən sonra bizim dədə-baba
torpaqlarımıza gətirildi. Məqsədyönlü
şəkildə gətirildi və ölkəmizin ən dilbər
guşələrindən biri olan Qarabağda yerləşdirildi,
onlara şərait yaradıldı. Məqsəd aydın idi -
imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək,
müsəlmanları öz dədə-baba torpaqlarından
qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu
idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə
çatdılar. Ondan sonra erməni əhalisi
qonşu ölkələrdən kütləvi qaydada gətirildi,
Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların
dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər
onlara xas olan xasiyyəti nümayiş etdirərək
yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib
çıxmağa başladılar. XX əsrin əvvəllərində
bolşevik inqilabından sonra böyük təhlükə
var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı
Ermənistana verəcək. Qafqaz bürosunun protokolları
var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına
baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq
hesab edirəm ki, Nəriman Nərimanovun və
reallığı düzgün qiymətləndirən digər
şəxslərin səyləri nəticəsində buna nail
ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir
ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın. Bütün bu illər ərzində saxta
erməni alimləri, ermənilərə havadarlıq edən
dairələr sübut etməyə
çalışırdılar ki, Stalin Dağlıq
Qarabağı Ermənistandan ayırıb Azərbaycana
veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun
protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir
ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan
sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o
bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm
ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha
aşağı səviyyəli bir özünüidarəetmə
mexanizmi mövcud idi. İndi tarixə
baxmaq kifayətdir, hər kəs görsün ki, orada
yaşayan ermənilər böyük hüquqlara, imkanlara
malik idi.
Sovet
vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş
vüsət almışdı. Halbuki bunun
üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər
orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni
idi, 1-i azərbaycanlı, o da Şuşa
rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq
Qarabağın 1-ci katibi, hökumət
başçısı, parlament başçısı ermənilər
idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o
bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə,
Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, –
indi adını mən bərpa etmişəm, - Suqovuşan su
anbarı tikilib. Bütün bunlar Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına edilən
investisiyalardır. Amma onlar nankorluq göstərdilər,
vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan
rəhbərliyinin mövcudluğundan istifadə etdilər və
separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri
görürdü və əsas hazırlıq işlərinin
hədəfində Heydər Əliyev dayanmışdı.
Çünki yaxşı başa
düşürdülər ki, Heydər Əliyevin
varlığı, sovet rəhbərliyində onun böyük
nüfuza malik olması onların planlarını alt-üst
edirdi. Ona görə Ermənistandan, digər
yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan
Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər.
Qəsdən şər-böhtan kampaniyası
aparılırdı ki, Heydər Əliyev amili aradan
qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən
gedəndən sonra 2 həftə keçməmiş baş
qaldıran erməni separatçılar məsələ
qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan
ayrılsın, Ermənistana verilsin və bizim
xalqımızın bəlaları o gündən
başladı. Ondan sonra Dağlıq
Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi
yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər
təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın
Azərbaycandan qoparılması üçün zəmin
yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar
ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə
tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət
göstərmədi, sadəcə olaraq başını
salıb aşağı Moskvadan nə deyirdilər onu da
edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik
edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox
idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli
danışa bilmirdilər. Dağlıq
Qarabağın tarixi budur və ondan sonra Azərbaycana
qarşı genişmiqyaslı hərbi əməliyyatlar
başlamışdır, torpaqlarımız işğal
altına düşmüşdür. 1992-ci ilin may
ayında Şuşa və
Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin
işğal altına düşməsi Dağlıq
Qarabağla Ermənistan arasında coğrafi bağlantı
yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan
Respublikası ilə sərhədi yox idi.
Bax, bu faciəvi hadisələr sanki yeni reallıq
yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq
vasitəçilər öz üzərilərinə
götürdülər, 1992-ci ildə Minsk qrupu
yaradıldı. Minsk qrupunun fəaliyyəti
göz qabağındadır. Minsk qrupuna həmsədrlik
edən ölkələr müəyyən müddətdən
sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində
cəmləşdirdilər, faktiki olaraq bu məsələni
inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup
kimi iflic vəziyyətə düşdü və üç
ölkə bu məsələ ilə məşğul
olmağa başlamışdır. Amma
bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan
üçün oldu. Ermənistan elə
bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin,
daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ,
əbədi qalsın əsarət altında bizim
torpağımız, əbədi qalsın işğal
altında bizim torpağımız. Bəs,
nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya
təzyiq edə bilibmi? Yox! Təzyiq etmək
istəyibmi? Yox! Dəfələrlə mən onların
qarşısında məsələ
qaldırmışdım: əgər məsələnin həllini
görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana.
Sizin əlinizdədir. Siz BMT
Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz,
istənilən məsələni həll edə bilərsiniz.
Xüsusilə bu ölkələrin rəsmi
nümayəndələri deyirlər ki, bu məsələdə
onların fikri üst-üstə düşür. O da
maraqlı bir məsələdir. Necə olur,
bütün başqa məsələlərdə - nüvə
silahları ilə bağlı, Yaxın Şərqdə olan
vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə
bağlı, Avropada olan vəziyyətlə bağlı
bunların maraqları daban-dabana ziddir. Hansı
başqa məsələdə bunların maraqları
üst-üstə düşür? Heç
bir məsələdə. Ancaq
Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs
başa düşür. Çünki bu
dondurulmuş vəziyyət təbii ki, bu ölkələr
arasında bizdən başqa hər kəsi qane edirdi, ilk
növbədə, Ermənistanı qane edirdi.
Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma
aparır. Bir söz deyən var? Yoxdur! Bu,
cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə
konvensiyalarına ziddir. Bir söz deyən
var onlara ki, sən niyə qanunsuz məskunlaşma
aparırsan? Özü də bunu
nümayiş etdirirsən. Ərəb
ölkələrindən erməniləri gətirirsən,
yerləşdirirsən, o cümlədən Şuşada.
Bir söz deyən yoxdur. Bu,
nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə
qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir,
Azərbaycan mədəni irsini sil. Bu idi mesaj.
Yoxsa, bu üç ölkə məgər
imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin?
İstəmirdilər. Bu
reallıq onları qane edirdi.
Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa
qiymət vermək olmaz. Elə bil, bizi bu vəziyyətlə
barışmağa sürükləyirdilər ki, yeni
reallıqlar yaranıbdır, siz də reallıqlarla
hesablaşmalısınız. Biz yeni bir
reallıq yaratmışıq. İndi hər
kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı
işğalçılardan azad etməyə başlayanda,
görün, nələr baş verir. Nə
qədər böyük təzyiq göstərirlər Azərbaycana,
hər tərəfdən. Əl-ayağa
düşdülər. Bəs, nə oldu?
İyirmi səkkiz il bu məsələni
belə süründürə-süründürə elə
bil ki, həll edirdiniz. Gəlib-getmək, orada
görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza
yığılmışıq. Bu
düşmənlə nə qədər danışıqlar
aparmaq olar? Özü də düşmən
harınlaşır, azğınlaşır, qudurur və bizə
deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi
variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı
deyilmi? Biz nə edirik? Biz
BMT Təhlükəsizlik Şurasının qətnamələrini
təkbaşına yerinə yetiririk. Halbuki
bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq.
Hesablaşın! Ancaq nə görürük?
Orada görüş, burada görüş, atəşkəs
belə oldu, atəşkəsi kim pozdu.
Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı
xilas etməkdir. Təcavüzkarı, Xocalı
soyqırımını törədəni, Gəncəni Ermənistan
ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu fəaliyyət.
Atəşkəs rejiminə gəldikdə, ayın 10-da
birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim
mövqeyim elə idi ki, bu, humanitar xarakter
daşımalıdır və həlak olanların cəsədlərinin,
girovların, əsirlərin dəyişdirilməsi
üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi
kobudcasına pozdu, özü də namərd şəkildə,
gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs
elan olundu. Yenə də iki dəqiqədən
sonra Ermənistan bunu pozdu. İndi bu gün
səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım,
bir neçə dəqiqə keçmiş atəşkəs
Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna
yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş
vermişəm, hələ ki, Azərbaycan Ordusu
özünü təmkinlə aparsın, təxribata
uymasın. Mənim mövqeyim xalqıma bəllidir.
Bu məsələ öz həllini
tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə.
Mən təklif etmişəm ki, əgər istəyirsinizsə
sülh yolu ilə həll olunsun, yaxşı, biz
dayandıraq. Ancaq dərhal bizə deyilməlidir
ki, Ermənistan bizim torpaqlarımızdan çıxır.
Cədvəl verilməlidir - neçə
gündən sonra bu rayondan, neçə gündən sonra bu
rayondan, neçə gündən sonra bu rayondan
çıxmalıdırlar. Cədvəl
verilməlidir. Ermənistan bu cədvəli
verib? Verməyib. Belə
olan halda əgər atəşkəs davam edəcəksə
və yenə də məsələ dondurulmuş vəziyyətdə
qalacaqsa bu, bizi qane edə bilməz. Bu,
birincisi.
İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan
döyüş meydanında artıq bizim
qabağımızda diz çöküb və sadəcə
olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini
yenə də səfərbər etmək istəyir, yenə də
silahlanmaq istəyir və bizə qarşı yeni
işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar
var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana
kütləvi surətdə silahlar göndərilir, müxtəlif
növ silahlar. Bütün siyahılar bizdə
var. Onların bəziləri bizim mətbuatda da dərc edilib.
Bütün siyahı var, nə vaxt, hansı təyyarə
gəlib, haraya gəlib, nəyi gətirib, necə
boşaldıb, haraya göndərilib? Yaxşı,
atəşkəsi istəyən niyə silah göndərir
Ermənistana? Axı, Ermənistan diz
çöküb, artıq onun başından elə
vurmuşuq ki, ayıla bilmir. Ermənistanın
baş naziri - Cıdır düzündə sərxoş vəziyyətdə
rəqs edən, özünü böyük sərkərdə
kimi aparan indi yıxılıbdır onun-bunun
ayağının altına kömək istəyir, imdad diləyir,
özünü alçaldır, xalqını
alçaldır. Yaxşı, silah verməyin
qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə
qurtarsın, silah verməyin. İki
gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər
tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz
buna səssizmi qalacağıq?
Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan
xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm,
bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də
tam məlumat deyil. Çünki müəyyən
diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə,
onu deyirəm, həm Azərbaycan xalqına, həm də
bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə,
deyin ki, çıxsın torpağımızdan, dərhal rədd
olsun! Şuşada, Cıdır düzündə
sərxoş vəziyyətdə oynayan o təlxək bəyan
etsin ki, çıxıram. Yoxsa, gündə
beş-altı dəfə dünya liderlərinə zəng
etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və
biz haqqı, ədaləti müdafiə edirik.
Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin
həlli üçün hüquqi baza kifayət qədər
genişdir. Biz bu bazanı genişləndirmişdik.
Bu gün təkcə BMT Təhlükəsizlik
Şurasının qətnamələri yox, digər sənədlər
mövcuddur. BMT Baş Assambleyası qətnamə
qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar.
Avropa İttifaqı ilə paraflanmış sənəddə
ölkəmizin suverenliyi, sərhədlərimizin
toxunulmazlığı və ərazi bütövlüyü
haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi
bazadır və bu baza imkan verir ki, bu gün biz
döyüş meydanında düşmənə dərs verək,
qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir?
Minsk qrupunun həmsədr ölkələri BMT
Təhlükəsizlik Şurasının iclasını
çağırırlar. Bir dəfə
artıq bunu etmişdilər. Orada qəbul
edilmiş sənəd görünür ki, onları qane etmədi.
Bu dəfə də bir neçə gün
bundan əvvəl biz yeni sənədin ortaya
çıxmasını gördük, xəbər tutduq.
Dərhal biz hərəkətə keçdik və
bu sənədin qəbul edilməsinə imkan vermədik.
Baxmayaraq ki, üç həmsədr ölkə
BMT Təhlükəsizlik Şurasına üzv olan digər
ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Məqsədi çox
aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin
torpaqlarımızdan çıxarılması barədə qəbul
edilmiş qətnamələr kölgədə qalsın,
onlar arxada qalsın, onlar ya qüvvədən
düşsün, ya da ki, öz əhəmiyyətini itirsin.
Bu idi məqsəd. Bu, nə
dərəcədə ədalətlidir? Biz
yenə də işğalçıya dəstək göstərilməsi
cəhdini gördük. Amma nə oldu nəticədə?
Keçmədi. Necə
keçmədi? Qoşulmama Hərəkatına üzv
ölkələr kişi kimi buna imkan vermədilər,
bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə
də hədələr oldu. Amma durdular kişi
kimi bizim arxamızda, necə ki, biz onların arxasında
dururuq. Bu, onu göstərir ki, keçməyəcək.
Mənim əziz qardaşım, Türkiyə
Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki,
dünya 5-dən böyükdür. Tam
haqlıdır. Bax, bu səsvermə onu
göstərdi. Birləşdilər, yenə
də Ermənistanın maraqlarına cavab verən sənədi
ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti
pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə
də ədalət var. Ədalət və beynəlxalq
hüquq bizim tərəfimizdədir. Ona
görə biz yolumuzu davam edəcəyik. Atəşkəs
istəyirlərsə, işğalçı dövlətə
desinlər rədd olsun, çıxsın torpaqlarımızdan.
Yoxsa axıra qədər gedəcəyik,
axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə
ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan
və qaçacaq. Çünki biz
haqlıyıq və biz güclüyük.
Mən
son bir neçə il ərzində
demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu
biz etməmişik. Baxın, görün
indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl
qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik
Şurasına məhəl qoyurlarmı? Xeyr.
İstədiklərini edirlər, hərə
öz yerində, öz tərəfində, biri ora girib, biri
bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət
yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik?
Halbuki, biz müdafiə edirik, beynəlxalq
hüququn kənarında heç bir addım atmırıq.
Ermənistan torpağına girmirik, beynəlxalq
birlik tərəfindən tanınmış
torpaqlarımızı bərpa edirik. Əgər
BMT Təhlükəsizlik Şurasının daimi üzvlər,
Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə,
çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən
kömək istəmirik. Mane olmasınlar və
Azərbaycan xalqının səbri ilə oynamasınlar.
Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə
nail olacağıq. Bəs, necə olacaq
bizim münasibətlərimiz? Azərbaycan
xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər.
Azərbaycan indi o dövlət deyil ki, onun
maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər
xahişlərlə, təkliflərlə, əməkdaşlıq
təklifləri ilə. Bəs, hansı
üzlə bizə baxacaqlar? Bu gün
bütün imkanları səfərbər ediblər bizə
qarşı. Mən bir ay buna dözürdüm,
bir ay. Demirdim bunları,
yığılmışıq boğaza. Bu,
birincisi.
İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.
Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər.
İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.
O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar - iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat? Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi.
Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır.
İndi isə əziz xalqıma bəzi məlumatlar
vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu
günə qədər Ermənistanın məhv edilmiş və
hərbi qənimət götürülmüş
texnikasının bir hissəsinin siyahısını təqdim
edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət
kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum
edilib. Amma hələ tankları var. Görün nə qədər
tank olub onlarda. Piyadaların döyüş maşını
– 50-si məhv edilib, 29-u qənimət kimi
götürülüb – cəmi 79 ədəd. Müxtəlif
çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət
kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv
edilib, 45-i qənimət kimi götürülüb, toplam 106.
Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82
"Qrad” qurğusu məhv edilib. 2 "Uraqan” Yaylım Atəşli
Raket Sistemi, 1 "TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 "TOR”,
40-a yaxın "OSA”, 4 "KUB”, 1 ”KRUQ”, 2
"S-125” qurğusu məhv edilib. "S-300” ən
bahalı qurğulardan biridir, 6 "S-300” atıcı
qurğusu məhv edilib. Bir aşkaretmə
stansiyası, bir lokator. Qiyməti bəllidir.
Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi
məhv edilib, "Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv
edilib, onlardan 20-si sursatı ilə. 173
yük avtomobili hərbi qənimət kimi
götürülüb. Biz düşməni
toplam 404 yük avtomobilindən məhrum etmişik.
İndi bir daha sual verirəm. Hər dəfə bu
sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm.
Haradandır bu pul, haradan? Müşahidəçilər,
vasitəçilər, politoloqlar, ermənipərəstlər
desinlər ki, haradan gəlir? Bizim pulumuz
var, hər şey şəffaf. Nə qədər
pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs
bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən
ölkə haradan alıbdır? Ermənistanın
xarici dövlət borcu təxminən 8 milyard dollardır.
Valyuta ehtiyatları isə 1,5 milyard
dollardır. Özü də bu, sərbəst vəsait
deyil, bu, bank rezervləridir. Onlardan istifadə
edə bilməz. Əgər istifadə etsə,
onların dırnaqarası valyutası da kəllə-mayallaq
gedəcəkdir. Kim verib sənə bu qədər
silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər
gün müsahibə verirəm. Mənə
sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə?
Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var,
görmürsünüz nə gəzir? Gedin
baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib
və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə
mənəvi dəstək vermək üçün
saxlayıblar. Bir də ki, əgər bizə
qarşı kənardan təcavüz olarsa, o F-16-ları
görəcəklər onlar. Yaxşı,
orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər.
Yaxşı, mən bu suallara cavab verirəm.
Amma Ermənistana da, silahları onlara verənlərə
də sual verin. Verin bu sualları, nə
üçün silah verirsən? Pulunu
vermisənmi? O silahları istehsal edən ölkələrin
vətəndaşları bilirlərmi ki, bir ay ərzində
onların nə qədər malı
batıb? Biz onların nə qədər
silahlarını məhv etmişik? Bir nəfər
jurnalist bu sualı vermir mənə. Maraqlı
deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik
ki, bütün bu illər ərzində Azərbaycan
haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi.
İndi Xarici mətbuat da, Azərbaycan xalqı
da görür ki, mən bütün bu suallara cavab verirəm
və necə lazımdır. Onların səviyyəsinə
də düşmürəm. Heç vaxt.
Necə lazımdır cavab verirəm də,
susurlar da. Çünki cavab verə bilmirlər.
Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə
gəlmisən? Sual vermir. Elə
bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən
ki? Jurnalistlərə mənim hörmətim
böyükdür. Buna görə ondan
istifadə edirlər. Mən onlarla belə
mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa
bilərəm onlarla. Bax, budur reallıq.
Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz
reallığı dəyişdirdik.
İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam.
Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Dünən mən artıq bu barədə Azərbaycan
xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri
bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm.
Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə,
bu kəndlərdə yaşamış sakinlərə xoş
xəbər çatdırmaq mənim üçün
böyük şərəfdir. Düzdür, o kəndlərdən
bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan
xalqının da, dövlətinin də buna gücü
çatacaq. Təki torpağımız azad olsun. Təki
bayrağımız işğaldan azad edilmiş bütün
torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin,
zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad
edirik. Həm döyüş meydanında, həm siyasi
müstəvidə özümüzü təsdiqləmişik,
dünyaya təsdiqləmişik. Azərbaycan xalqını
qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi
təsdiqləmişik. Heç bir təzyiq bizə təsir
edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan
döndərə bilməz. Çünki haqq yolundayıq,
yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Əziz
həmvətənlər, mən hələ müharibənin
ilk günlərində sizə söz vermişdim ki, biz
düşməni torpaqlarımızdan qovacağıq, sona qədər
qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan.-2020.- 27 oktyabr.- S.1-2.