“Siz onların Gəncədə
etdiklərinin şəkillərini
görmüsünüzmü?”
Prezident İlham Əliyevin
ABŞ-ın "Fox News” televiziya kanalına müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının "Fox News” televiziya kanalına
müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Sabahınız xeyir.
- Sizin də sabahınız xeyir.
- Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.
- Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq.
- Mən də ümid edirəm. Ölkəniz
gözəldir. Mən Formula 1-i sevirəm, Zaha Hadidin memarlıq
üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtınızı
müasirləşdirməklə gözəl iş
görmüsünüz.
- Təşəkkür
edirəm.
-Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə
regionun üzləşdiyi mürəkkəb məsələləri
təfərrüatı ilə və səlis izah edirsiniz.
Mən kifayət qədər açıq,
qısa və mahiyyət üzrə suallar verməliyəm ki,
onlara mümkün qədər çox cavab ala bilək.
Mən tamamilə anlayıram ki, bunlar 100 illər
bundan öncəyə təsadüf edən mürəkkəb
məsələlərdir.
- Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə
görə baş verdiyini və bizim gələcəkdə nələri
görmək istəyimizi izah etməyə
çalışacağam.
-
Çox gözəl. Biz bunda çox
maraqlıyıq. Bir çox məlumatlara görə,
sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində
Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən
növ diplomatik çərçivə var idi, insanlarda bu
münaqişənin həll edilməsi ilə bağlı
ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə
başladı. Nəyə görə Siz indi hərəkətə
keçməyə qərar verdiniz?
-
Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan
olmamışdır. Bu vaxta kimi heç bir
ölkənin rəsmi nümayəndəsi bu məsələni
bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan
olmuşdur və məqsəd danışıqlar prosesini
tamamilə pozmaq idi. Onlar az və ya
çox eyni hərəkəti iyul ayında da etmişdilər.
O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində
bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər.
Sonra onlar avqustda hərbi mövqelərimizə
nüfuz etmək, mülki şəxslərimizə və hərbi
qulluqçularımıza hücum etmək üçün
diversiya qrupu göndərdilər. Sentyabrın
27-də onlar ağır silahlarından artilleriya
bombardmanına başladılar və hücumun ilk
saatlarında bizdə mülki şəxslər və hərbi
qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər
öldürülmüşdür və demək olar ki, 300 nəfər
mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan
idi, biz özümüzü müdafiə etməli və
cavab verməli idik. Bizim cavabımız
çox adekvat olmuşdur və nəticədə biz işğal
olunmuş ərazilərin mühüm hissəsini azad edə
bildik.
- Lakin
kimin atəşi birinci açmasından asılı olmayaraq,
hər iki tərəf bu dövrdə dərhal
döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən
erməni qüvvələrini çıxarmaq istəyirsiniz və
bu, münaqişəni həll etmək üçün yeganə
cavab ola bilər. Sentyabrın
27-sinə qədər olan aylarda Azərbaycanda gedən
müharibə haqqında çoxlu söhbətlər gəzirdi.
Siz etiraf etməlisiniz ki, müharibəni
başlamaq imkanını axtarırdınız.
- Mənim
dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun idi. 1993-cü ildə Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə
Ermənistandan açıq şəkildə tələb
olunurdu ki, qoşunlarını Azərbaycanın işğal
olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal
çıxarsın. Əfsuslar olsun ki, 27 il
ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərdən
çıxarılmasını istədiyimizi deyəndə mən
hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim
dediklərim Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğundur.
- Cənab Prezident, hüquqi müstəvi və
reallıqlar var. Dağlıq Qarabağda və regionda
reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin
bütün keşməkeşli yollarından keçdikdən
sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər
siz oraya daxil olsanız, yenə də erməniləri
çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz
və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın
müstəqilliyinin saxlanılması, Ermənistanın
Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri
qaytarması. Siz diplomatiya yolunu nəzərdən
keçirirsinizmi?
-
Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz
doğru deyil. Çünki vasitəçilər
tərəfindən - Amerika Birləşmiş
Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa
müstəqillik verilməsi ilə bağlı bizə
heç bir plan təqdim olunmayıb. Bu qədər.
Sülh planında təklif var idi ki...
- Muxtariyyət.
- Xeyr,
xeyr. Əsla. Sülh
planında təklif, bənd var ki, Dağlıq
Qarabağın ətrafında yerləşən işğal
olunmuş bütün ərazilərin, - bu o ərazilərdir
ki, orada azərbaycanlılar yaşamışdır və 700
mindən çox azərbaycanlı bu ərazilərdən
etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana
qaytarılması deyilir. Sizin haqqında
danışdığınız reallıqlar, Ermənistanın
təcavüzkar separatizmi və azərbaycanlıların etnik
təmizlənməsi nəticəsində yaranmış
reallıqlardır. Bütün azərbaycanlılar
Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl
orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında
olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər
qovulmuşdur. Mənim dediyim....
- Cənab
Prezident, 1994-cü ildə Siz müharibədə məğlub
oldunuz. İndi 2020-ci ildə isə Siz
müharibədə qalib gəlmək üçün
müharibəyə yenidən başlamaq istəyirsiniz.
- Biz
müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən
olmuşdur. Birincisi, Azərbaycanda daxili
qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.
- Lakin mənim
sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə
yenidən başlamaq istəyirsiniz? 20 il
idi ki, sakitlik idi.
- İkincisi bu, Ermənistana açıq xarici dəstək
üzündən baş vermişdir. Biz müharibəyə
başlamamışıq. Biz, sadəcə,
cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsi əsasında edirik. Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsi hər
bir ölkənin özünümüdafiə hüququnu təmin
edir. Bizim etdiyimiz odur ki, biz
özümüzü müdafiə edirik və biz Azərbaycanın
beynəlxalq səviyyədə tanınan ərazilərini erməni
işğalından azad edirik. Bundan
artıq heç bir şey etmirik. Erməni
xalqına gəldikdə, mən dəfələrlə
demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər
bizim vətəndaşlarımızdır, biz onların qeydinə
qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla
yanaşı, ləyaqət, sülh içində
yaşayacaqlar.
- Cənab
Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin,
Rusiyanın, İranın, Amerika Birləşmiş
Ştatlarının, Avropa İttifaqının, NATO-nun
çağırışlarına müqavimət göstərirsiniz?
Atəşkəs üçün
çağırışlara nəyə görə
müqavimət göstərirsiniz və faktiki olaraq elan
olunmuş atəşkəsi pozursunuz? Mən
bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin,
yaralıların mübadiləsi üçün atəşkəs
tələb edəcəkdir. İndi atəşkəs
üçün yaxşı vaxt deyilmi?
- Biz atəşkəsə
hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici
İşlər nazirimiz, Ermənistanın Xarici İşlər
naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs
barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan
ərazisindən Azərbaycanın ikinci ən böyük
şəhərinə, toqquşmaların baş verdiyi ərazidən
çox uzaqda yerləşən Gəncəyə ballistik
raketlə hücum edərək 10 mülki şəxsi qətlə
yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu
oldu və 15 insan qətlə yetirildi. Beləliklə,
Ermənistan...
- Lakin Siz də atəşkəsi pozmusunuz.
- Xeyr,
xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə
razılaşmışdıq. Birinci dəfə
ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə
ballistik raket atdılar. İkinci dəfə
atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan
onu pozdu. Azərbaycanın atəşkəsi
pozması barədə sübut yoxdur.
- İcazənizlə belə bir sual verim. Bu gün
Dövlət Katibi Sizin Xarici İşlər nazirinizə sual
versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz,
daha bir cəhd istəyirsiniz? Siz daha bir dəfə
cəhd edərsiniz?
- Bəli,
biz hazırıq. Mən bunu dəfələrlə
açıq demişəm. Biz bu gün atəşkəsi
razılaşdırmağa hazırıq. Lakin, eyni
zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika
Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən
işlənib hazırlanmış əsas prinsiplərə
sadiqdir. İki gün bundan əvvəl Ermənistanın
baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin
diplomatik həlli yoxdur.
- Bununla
bağlı müəyyən şərtlər
olmalıdır. Siz heç bir əlavə
şərtsiz atəşkəsə sadiq
olarsınızmı?
- Biz atəşkəs
istəyirik, biz torpaqlarımızın
qaytarılmağını istəyirik. Ermənistan
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə,
ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh
planına uyğun olaraq torpaqları boşaldacağına
dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.
- Cənab
Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri,
evləri, yaşayış məntəqələrini,
mağazaları hədəfə alması ilə bağlı
ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək
texnologiyalı silahlarınızla çox mühüm bir kilsə
də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb.
- Biz
mülki şəxslərə hücum etmirik. Ermənistanın
Gəncə şəhərinə qarşı onlarca
adamın həlak olduğu ballistik raketlərlə törətdiyi
amansız hücumdan, terror aktından sonra biz açıq
şəkildə dedik ki, qisas alacağıq, lakin
döyüş meydanında. Biz mülki
şəxslərə hücum etmirik. Biz
dini məkanlara hücum etmirik. Şuşada
kilsədə baş verənlər ya səhv olub, - mən
artıq buna açıq şəkildə münasibət
bildirmişəm, - ya da bu, bizi günahlandırmaq
üçün ermənilərin özləri tərəfindən
törədilib.
- Lakin, cənab
Prezident, biz Dağlıq Qarabağın paytaxtının
görüntüləri olan videoları, səhnələri
görmüşük, orada bütün əhali zirzəmilərdə
yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən
bir artilleriya səsləri eşidilir, mülki şəxslərin
yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf
adlandıra bilməzsiniz.
- Qondarma
"Dağlıq Qarabağ respublikası”nın paytaxtı
Xankəndidə hərbi hədəflər olub və bizim
oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl
olub. Ondan sonra biz Dağlıq Qarabağda
heç bir mülki şəxsə və ya şəhərə
hücum etməmişik. Lakin onlar hücum
ediblər. Siz onların Gəncədə
etdiklərinin şəkillərini
görmüsünüzmü?
- İcazə verin, aydınlıq gətirim, Siz
sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri
hədəfə alırdınız?
- Xeyr, biz
qondarma "Dağlıq Qarabağ respublikası”nın
paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə
alırdıq, çünki hərbi bazalar, hərbi
infrastruktur şəhərdə yerləşir.
- Sizin
Türkiyə istehsalı olan dronlarınız, İsrail
istehsalı olan hərbi avadanlığınız, Rusiya
istehsalı olan yüksək texnologiyalı avadanlığınız
var. Necə ola bilər ki, Siz bundan istifadə
edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz?
- Xeyr,
bizim dronlarımız, - bu şəkillərin çoxu
internetdə var, baxa bilərsiniz, - Ermənistan
tanklarını və başqa silahları necə məhv
edir. İndiyədək bizim dronlarımız
230-dan çox tankı məhv edib. Biz
onların 6 ədəd S-300 hava hücumundan müdafiə
sistemini, yüzlərlə zirehli texnikasını məhv
etmişik. Biz dronlardan mülki şəxslərə
qarşı istifadə etmirik. Bu,
yanlış məlumatdır.
- Gəlin,
əsgərlər, döyüşdə olan qoşunlar barədə
danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr,
həmçinin "New York Times”ın müstəqil jurnalistləri
qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən
toplanmış və gətirilmiş yüzlərlə
suriyalı silahlı Sizin müharibədə
döyüşür. Niyə Sizin müharibədə
- Azərbaycanda Türkiyənin dəstəklədiyi
suriyalı silahlılar döyüşür?
- Bu, daha
bir feyk xəbərdir. Mən təəssüf
edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən,
açıq şəkildə buna münasibət bildirən
yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar
verdilər. Mən sübutlar, dəlillər
tələb etdim və hələ də tələb edirəm.
Müharibə 20 gündən çoxdur ki,
yenidən başlayıb, indiyədək nə Rusiya, nə də
Fransa tərəfindən bizə heç bir dəlil və ya
sübut təqdim olunmayıb.
- Dəlil
"New York Times”dadır. Sizi beş
gün əvvəlki məqaləyə yönləndirə
bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə
yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə
sərhədinin o biri tərəfində geri qaytarılaraq
Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər
ki, onlar Sizin ordunuzla birlikdə
döyüşmək üçün Azərbaycana
getmişdilər.
-Siz Prezident Trampın "New York Times”ı necə
adlandırdığını bilirsiniz,
xatırlayırsınız? Feyk xəbərlər.
Bu, feyk xəbərdir. Heç
bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil
verin, sadəcə....
-
Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir
neçə qeyri-mütəşəkkil silahlı nəyinizə
lazımdır?
– Bəli,
tamamilə doğrudur.
-Sual
olunur niyə?
- Bizim
onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə
danışıram. Nizami orduda 100 min əsgər,
üstəgəl bir neçə gün ərzində biz bəlkə
də bundan 3 dəfə çox əsgər cəlb edə
bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız
yoxdur. Bu, sadəcə, ölkəmizin
nüfuzuna xələl gətirmək və döyüş
meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini
azaltmaq məqsədi daşıyan feyk xəbərdir.
- Cənab
Prezident, gəlin bunun zamanı məsələsinə
qayıdaq. Niyə biz hərbi əməliyyatları
indi görürük? Niyə
toqquşmalar görürük? Sizin
hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər
deyirlər ki, Siz bu müharibədən ölkənizin
daxilindəki problemlərdən, sosial məsələlərdən,
iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti
yayındırmaq üçün pərdə kimi istifadə
edirsiniz. Siz, sadəcə, ola bilsin
ki, bundan bir çox müxtəlif məsələlərdən
narazı olan kütlənin diqqətini vətənpərvər
döyüşə çəkmək üçün
istifadə edirsiniz.
- Xeyr,
xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz
dünyada ən yaxşılardan biridir. On
ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən
azdır. Siz bunu öz ölkəniz və
ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz.
Azərbaycanda işsizlik səviyyəsi 7
faizdir. Bunu öz ölkənizlə
müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi
5 faizdir. Yenidən bunu müqayisə edin.
Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən nümunə kimi
göstərilir. Biz 30-dan çox ölkəyə
dəstək - maliyyə dəstəyi, humanitar dəstək
göstərmişik. İqtisadiyyatımız
sabitdir. İqtisadiyyatımız
davamlıdır. Sizin dediyiniz kimi, bəzi
daxili problemləri ört-basdır etmək üçün
müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin
içində olan Ermənistanın diqqəti
yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət
partiyasının liderini həbs edən Ermənistanın
baş naziridir. O, iki sabiq prezidenti təqib edir.
- Lakin, cənab
Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan
haqlarının pozulması, söz azadlığının
sıxışdırılması ilə bağlı bəzi
ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə,
həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi
ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da
ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi
insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini
yayındırmaq üçün deyil?
- Xeyr,
korrupsiya var və biz buna qarşı mübarizə
aparırıq. Biz geniş iqtisadi islahatlar
proqramı təqdim etmişik. Son vaxtlarda
bir çox insanlar, bir çox hökumət rəsmiləri və
yüksək rütbəli rəsmilər korrupsiya ittihamı
ilə həbs olunublar. Korrupsiya hər yerdə
var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən
bir daha sizin öz ölkənizə diqqət çəkmək
istəyirəm, orada mühüm vəzifələri ata və
oğul tutmuşdu. Buş ailəsi, Klinton
ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox
başqa ölkələrdə. Beləliklə,
bu, ABŞ-da baş verənlərdən fərqlənmir.
- Lakin
onların hamısı demokratik və şəffaf şəkildə
seçilmişdilər.
- Bəli,
xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə
seçilmiş Buş.
- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.
- Bilirəm.
Mən hazırlıqlı adamam.
- Gəlin
indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə
Dövlət Katibi Pompeonun nə etməyini görmək istəyərdiniz?
Dövlət Katibi Pompeo və ABŞ-la
bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar
kifayət qədər bu məsələ ilə məşğul
olmayıblar. Bilirəm ki, Rusiya kifayət
şəkildə cəlb olunub. Türkiyə
müxtəlif yollarla cəlb olunub, hətta İran yardım
təklif edir. ABŞ kifayət qədər iş
görübmü? Siz ABŞ-ın daha çox iş görməsini
görmək istəyərdinizmi? Siz rəsmi
Vaşinqtonun nə etməyini istəyərdiniz?
-
Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən
biri olaraq tərəflərə razılığa gəlməyə
yardım etmək üçün ATƏT-in mandatına
sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır.
Bu, mənim nə istədiyimə, ya da Ermənistanın
baş nazirinin nə istədiyinə əsaslanmamalıdır.
O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün
başqa ölkələr tərəfindən Azərbaycanın
ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət
Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi,
baş nazir Paşinyanın nümayəndəsinə desin ki,
"diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və
təhlükəlidir. İkincisi, Ermənistanın
baş nazirinin "Qarabağ Ermənistandır” kimi bəyanatları
təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən
çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər.
Onlar ermənilərlə azərbaycanlılar
arasında Dağlıq Qarabağ ərazisində sülh
şəraitində birgəyaşayışa razılıq
verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək
cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı
xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün
bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri
Rusiyadan Azərbaycana qarşı döyüşmək
üçün qoşun göndərməyi xahiş etmək
olub. Bu, çox təhlükəlidir.
- Bu məsələ
ilə bağlı Dövlət Katibi Pompeonun tənqidi fikirləri
var. O, açıq şəkildə deyir ki, əlbəttə,
ABŞ-ın və Türkiyənin bir çox sahələrdə
ortaq maraqları var. O deyir ki, Türkiyənin Sizin səylərinizi
dəstəkləməyi problemə səbəb olur, məsələni
daha da alovlandırır. Sizin buna münasibətiniz necədir?
– Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın
müttəfiqimiz və dostumuzdur. Biz qürurlu
və xoşbəxtik ki, belə böyük ölkə bizim
tərəfdaşımızdır. Hər
bir ölkənin dostu və müttəfiqlərinin
olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri
var.
– Ancaq Türkiyə müharibəyə
çağırış edir. Türkiyə deyir ki,
hərbi yol lazımdır.
– Xeyr, qətiyyən!
Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və
bu, kifayətdir. Çünki Türkiyə
deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və
Azərbaycan tək deyil. Ola bilsin ki, bu,
münaqişəyə müdaxilə etmək və öz
maraqlarını təmin etmək istəyən hər kəsə
bir mesajdır.
– Bir
müddət əvvəl Sizinlə söhbət edərkən
mühüm bir fikir irəli sürmüşdünüz,
Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə
demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın
diplomatik həllinin olduğuna inanırsınızmı?
– Bəli,
inanıram. Əks halda mən 17 il ərzində
danışıqlarda iştirak etməzdim. Siz
deməyə çalışırsınız ki, müharibəni
mən başlamışam. Əgər müharibəyə
mən başlamışamsa, niyə 17 il
gözləyirdim. Azərbaycan Ordusu artıq
azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir.
Ermənistan Dağlıq Qarabağ ətrafındakı
əraziləri boşaltmalıdır. Azərbaycanlılar
həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə
sülh və ləyaqət şəraitində
yaşamalıdırlar. Bizim mövqeyimiz
bundan ibarətdir.
– Beləliklə,
Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll
elementi var?
– Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün
dayansın və biz danışıqlar masasına keçək.
Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan
və qurbanlara səbəb olur. Ona görə
də, substantiv danışıqlara, – bütün bu illər
ərzində Ermənistanın etmək istədiyi kimi
imitasiyaya yox, - substantiv danışıqlara nə qədər
tez başlasaq, həll yolu bir o qədər tez tapılar.
Həll yolu Azərbaycanın ərazi
bütövlüyünə əsaslanır.
– Ölkənizin,
regionun hüdudlarından kənarda olan bəzilərinin
narahatlıqları var. Bəlkə də bu, Sizi də narahat
etməlidir ki, mövcud hüdudda olan münaqişə
regional problemə çevrilə bilər. Türkiyənin
real maraqları var, Rusiyanın real maraqları var,
İranın real maraqları var. Siz həm iqtisadi, həm də
siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi
başlamasına rəvac verdiyiniz bu regional burulğanda
mövqeyinizin itirilməsini riskə
atmırsınızmı?
–
Münaqişə ərzində bizim bütün səylərimiz
aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi
daşıyıb. Biz münaqişə
genişlənsin deyə münaqişənin hər hansı
formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik.
Ermənistanın etmək istədiyi məhz
budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan
münaqişə bölgəsinə hərbçilər
göndərməyi xahiş etdilər. Bu,
tamamilə səmərəsiz və beynəlxalq hüquqa
ziddir. Biz başqa ölkələrin
müdaxilə etməsini istəmirik.
– Lakin Ermənistanda artıq Rusiyanın hərbi
bazası var, bu, qeyri-qanuni deyil.
- Bəli,
o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini
xahiş edirdilər. Biz bu barədə
bilirik. Ona görə də bizim
mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri
və bütün ölkələr münaqişədə
birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və
mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri
Ermənistanı inandırmalıdırlar ki, - ümidvaram ki,
bu gün Vaşinqtonda bu, baş verəcək, - təcavüzə
son qoysun, atəşkəsə sadiq olsun və torpaqları
boşaldacaqlarına dair öhdəlik götürsün.
Onlar bunu etmirlər.
- Körfəz
müharibəsi zamanı belə fikir var idi ki, bütün
bunlar neftə görədir. Döyüş
bölgəsinin təqribən 50-60 mil
yaxınlığında Sizin neft kəmərləriniz, enerji
kəmərləriniz var. Siz çox mühüm enerji kəmərləri
və qovşaqlarının bu və ya digər dərəcədə
zərər çəkə biləcəyindən
narahatsınızmı? Faktiki olaraq bu, bəlkə də,
Sizin ordunuzu bu müharibəni aparmağa
vadar edir?
– Əslində, biz narahatıq. Çünki biz Ermənistanın
yüksək rütbəli rəsmilərinin bəyanatlarını
eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o
cümlədən kəmərlərə və Bakının
Səngəçal qəsəbəsində ən
böyük neft-qaz terminalına hücum edəcəklər.
Belə bir hadisə Ermənistanın bizə
hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın
enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin
15 kilometrliyində baş vermişdi. Beləliklə,
Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını
pozmaq Ermənistanın planları idi.
– Beləliklə,
hazırda Sizin etdikləriniz bu cür təhdidlərə son
qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək
üçündür?
– Xeyr, biz
özümüzü müdafiə edirik. Bilirsiniz
ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz
2006-cı ildə istismara verilib və heç bir fasilə
olmadan işləyir. Bizim Azərbaycandan
Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara
verilib. Azərbaycanı avropalı
istehlakçılarla birləşdirən böyük kəmərin
yəqin ki, bir neçə aya, hətta daha tez
açılması planlaşdırılır. Ona görə də, kəmər artıq
qorunduğu halda, niyə biz kəməri qorumaq
üçün müharibəyə başlamalıyıq.
Kəməri dayandırmaq və Azərbaycana
iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.
- Siz Prezident Trampın və onun administrasiyasının
münaqişə ilə bağlı söylədiklərindən
məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı,
o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı
çox böyük erməni diasporunu öz tərəfinə
çəkmək istəyir. Burada siyasi elementlər
də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən
yaxşı gəlir?
–
Düşünürəm ki, Prezident Trampın münaqişənin
həlli ilə bağlı gördüyü işlər beynəlxalq
münasibətlərə tam uyğundur. Biz
bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini
tam dəstəkləyirik. Biz
görürük ki, ABŞ-ın mövqeyi
balanslaşdırılmışdır və bu, belə də
olmalıdır. Çünki ABŞ vasitəçidir.
Prezident Trampın Türkiyə ilə
bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən,
mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə
də digər həmsədrlər tərəf
tutmamalıdırlar. Biz çox böyük erməni
icmasının təkcə Amerikada deyil, həmçinin
Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu,
çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul
olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə
fəaliyyət göstərdiyini və onların göstərə
biləcəyi təzyiqin səviyyəsini başa
düşürük. Lakin, eyni zamanda, Prezident
Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə
mənim tərəfimdən deyil, xalqımız tərəfindən
də dəstəklənir.
– Cənab
Prezident, Siz siyasəti bilirsiniz və hesab edirəm ki, Amerika
siyasətini də bilirsiniz. On gündən sonra
mühüm prezident seçkisi keçiriləcək.
Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən
edərkən, Sizcə "bəlkə diplomatik uğur ola bilər” ideyası Vaşinqtondakı siyasətçilərin
ağlındadır və bunu nəzərə alaraq, prosesi irəli
aparmaq üçün hər hansı motivasiyanı normal qəbul
edirsiniz?
–
Düşmənçiliyə son qoymaq üçün istənilən
motivasiya bizim tərəfimizdən dəstəklənir.
Düşünürəm ki, bu gün Vaşinqtondakı
görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə
sadiq olsun, bizə hücum etməyi dayandırsın və
qoşunları geri çəkəcəyinə dair öhdəlik
götürsün.
- Sizcə
bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair
siyasət ilə əlaqəlidir?
- Mən
bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri
səslərini Amerika üçün ən yaxşı nədir
yanaşmaları və ehtimalları əsasında verəcəklər.
Düşünmürəm ki, Qarabağ
münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir.
Ola bilsin onların əksəriyyəti, hətta
bu haqda bilmirlər. Lakin, əlbəttə
ki, Amerika super gücdür, o, bu münaqişənin həllində
çox mühüm söz sahibidir. Bizim
mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq
bitərəf olmağa davam etməlidir, yenə də və
daha da çox hər iki tərəfi ortaq qərara
yaxınlaşdırmağa çalışmalıdır.
- Növbəti
iki dəqiqədə müsahibəni
yekunlaşdıracağımıza görə icazə verin,
bununla bağlı bir söz deyim. Nəyə
görə bu, Amerika Birləşmiş Ştatlarını
maraqlandırmalıdır? Hesab edirəm
Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti
Dağlıq Qarabağı xəritədə tapa bilməzlər.
Lakin Sizin üzləşdiyiniz strateji məsələlər,
siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər
indi ABŞ insanları ilə danışsaydınız və
desəydiniz ki, bağışlayın, bilirəm ki, Sizi
qarşıda prezident seçkiləri gözləyir, beysbol
üzrə final yarışları gözləyir, lakin Siz bu
məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə
görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən
keçirməliyik?
- Mən
deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş
Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə
bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi
qulluqçularımızı Əfqanıstanda
saxlayırıq və bununla sülhməramlı əməliyyatlara
öz töhfəmizi veririk. Bizim gündəliyimizdə
enerji təhlükəsizliyi kimi mühüm məsələ
var. Amerika Birləşmiş Ştatları Azərbaycanın
enerji təchizatı marşrutlarını şaxələndirmək
səylərini həmişə dəstəkləmişdir.
Amerika Birləşmiş Ştatlarının
güclü dəstəyi ilə biz önəmli layihələri
tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş
Ştatlarının çox güclü tərəfdaşlıq
münasibətləri var. Amerika Birləşmiş
Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən
də dostuq. Ona görə burada sülhün
olması Amerika Birləşmiş Ştatlarının
marağındadır. Azərbaycan müstəqilliyini
gücləndirərək müstəqillik yolunda irəliləməyə
davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat,
enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş
Ştatlar üçün, Birləşmiş Ştatlar isə
Azərbaycan üçün mühüm tərəfdaşdır.
- Beləliklə,
Sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və
sair nöqteyi-nəzərdən 3-5 min mil məsafədə
bizim üçün də yaxşı ola
bilər.
- Bəli,
Amerika super gücdür. Məsafənin
heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir,
dünyəvi, dost müsəlman ölkəsi bizim
dostlarımız üçün də böyük bir
aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri
Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı
dəstəkləmişdir. Sizə deyə bilərəm
ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız
bəlkə də, ən yüksək səviyyədədir.
Ümid edirik ki, bu gün Vaşinqtondakı
görüş Ermənistanı təcavüzü
dayandırmağa, işğalı dayandırmağa
inandırmaq üçün önəmli olacaqdır və
sonra da torpağımıza sülh gələcəkdir.
- Bu
müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş
Ştatlarında Ermənistanı çox dəstəkləyirlər.
- Bəli.
- Orada
xristian dininə, kilsələrə dəstək var. Diaspora
görə uzun illər bundan öncə Türkiyənin
onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz
ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə
qarşı yaxşı emosional münasibət var.
- Bəli,
mən bunu bilirəm.Mən əvvəl də demişəm
ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni
lobbi təşkilatları fəaliyyət göstərir.Lakin
beynəlxalq münasibətlərə aid məsələlərə
baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər,
xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, -
ailədə nahar yeməyində ola bilər.
Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın
beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən
işğal olunmuş əraziləri var. İşğala son
qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri,
varlı insanları Dağlıq Qarabağdakı ermənilər,
onların yoxsulluq içində necə yaşaması
maraqlandırmır.
- Yəqin
ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar,
lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinə qayıdaq.
Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni
seçilmiş prezident ola bilər. O,
vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız
olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı
münaqişəyə necə münasibət göstərəcək?
- Bəli,
mən vitse-prezident Baydenlə dörd il
bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən
təşkil olunan Nüvə Sammitində
görüşmüşəm. Mənim cənab
Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən
cəlb olunduğunu gördüm. Biz ikitərəfli
münasibətlərimizin bir çox məsələlərini,
əlbəttə, o cümlədən Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasını da müzakirə
etdik. Sizə deyə bilərəm ki, Obama
administrasiyası Dağlıq Qarabağ məsələsində
çox fəal idi. Buna görə mən
əminəm ki, cənab Bayden və onu dəstəkləyən
insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən
çox yaxşı xatirələrim var.
- Sizcə
o, Sizin mövqeyinizi dəstəkləyəcək?
Yoxsa o, Ermənistanı dəstəkləyəcək?
Çox güman ki, o, müharibəyə
qarşı çıxacaq. Yəqin ki, o,
atəşkəs üçün, diplomatiya üçün
çağırış edəcək. Sizcə,
bu, normal yanaşma olacaq?
- Hesab
edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və
Rusiyada erməni lobbi təşkilatlarını nəzərə
alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət
ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri
münaqişə ilə bağlı bitərəf
qalsınlar və tərəf tutmasınlar. Əslində,
onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf
tutsalar, vasitəçi ola bilməzlər.
Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə
də bitərəf və obyektiv olmağı gözləyirik.
-Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdə tuturam. Ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərinin əvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs, indi necə? Əlavə on minlərlə insan öldürüləcək? Daha çox dağıntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necə görürsünüz?
- İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə...
-Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz?
- Bəli, əlbəttə ki.
- Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz?
- Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?
-Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?
- Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür.
-Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.1;5.