İlham Əliyev: “Zəngilan bizimdir!”

 

Bu il Zəngilanın işğalının ildönümü keçirilməyəcək

 

Ömrümün 36 ilini yarılamışam. Bu yaşa qədər bircə dəfə də olsun Zəngilanı yuxuda görməmişdim, gəzməmişdim... Ora mənim üçün yalnız uşaqlıq xatirələrimdən və qohum-əqrabaların həsrət, sevgi dolu söhbətlərindən boylana bildiyim əlçatmaz, doğma ata-ana yurdu idi...

Amma oktyabrın 4-nə keçən gecə ilk dəfə Zəngilan yuxuma girdi. Bəlkə də həmin gün Azərbaycan əsgərinin o torpağa ayaq basdığı ilk gün idi, bilmirəm. Gördüm, qohumlarla yamyaşıl bir təpəyə qalxıram. Deyirəm, bu, mənim Zəngilanla ilk tanışlığımdı...

Oyanıb pəncərəyə boylandım ki, hələ çox erkən olsa da, payıza xas olmayan parlaq Günəş boylanır... Necə ki, hələ bir həftə əvvəl Vətən həsrətimizə, ölmüş ümidlərimizə, o yerlərə yenidən ayaq basa bilmək arzularımıza gün doğmuş, işıq salınmışdı. Mən məhz o gün bütün qəlbimlə inandım ki, Zəngilanla, sözün əsl mənasında, tanış olacağım o an yaxındadı. Həmin uşaqlıq xatirələrimi hafizəmdə canlandırmağa çox az qalıb...

 

Silinməz xatirələr

 

Yaxınlarım bilir, son illər yaddaşım sözümə çox baxmır. Tarixləri, hadisələri, olub-keçənləri uzun müddət yadımda saxlaya bilmirəm. Beynimdən silinib gedən o qədər zaman dilimi var ki...

Bircə Zəngilanla bağlı yaşantılarım ömrüm boyu mənə sadiq qalıb. Ən əziz, toxunulmaz, silinməz xatirələr kimi beynimin bir küncündə elə ilişib möhkəmlənib ki, heç kim, heç nə onları ordan çəkib çıxara bilməyib...

Xatirələr dediyim də əslində o qədər çox deyil. 8 il ərzində bir uşağın yalnız yaydan-yaya tətilə getdiyi rayonda yaşadıqları və yadında saxladıqları nə ola bilər ki?! O günlər hafizəmə çəkilən rəngli fotolar və qısa videolar... Zaman-zaman beynimdə həmin kadrların üstünü silib yenidən qaytarıb yerinə qoymuşam. Çünki o yeri başqa heç nəylə doldura bilməmişəm...

Zəngilana gedən qatarın ahəngdar səsi... Kupedə yuxarı yerdə uzanıb seyr etdiyim ulduzlar. Bu vaxta qədər hər dəfə yayda başımı qaldırıb səmaya baxanda yada saldığım kadr... Görəsən bunlar həmin ulduzlardı?!

Göy darvazadan başlayan, müxtəlif meyvə ağacları ilə bəzənən böyük həyətimiz. Həyətdə su krantının, iri tut, fındıq ağacının yeri, alça ağacına dırmaşıb təzə donumu cırmağım, hətta o donun rənginin narıncısı, evin arxa otağının pəncərəsindəki şəbəkənin al-əlvan naxışlı şüşələri belə gözümün önündədi. Elə həmin otaqdan həyətə düşəndə qarşına çəhrayı qızılgül kolu çıxırdı... O rəngdə, o gözəllikdə, o ətirdə qızılgül gördümmü sonralar? Bəlkə hə, bəlkə də yox. Amma bütün güllər arasında məhz o gülü axtardım...

Həyətdəki talvarda nənəm lavaş salırdı. Lavaşın arasına soyutma yumurta qoyub dürmək edib, bizə verərdi. İlahi, o necə dadlı dürmək idi?! Elə bil dadı hələ də damağımdadı. İndi də evimizdə səhər yeməyinin ən ləzzətli təamı lavaş-yumurta dürməyidi. Amma vallah, o dürmək qədər ləzzətli deyil...

Kənddə bir gecə əmimgildə qalmağım, səhərə qədər ağlayıb rayondakı evə getmək istəməyim, bostanda kal yemişi xiyar adıyla qoparıb yeməyim... Bu yaşıma qədər bostana girib tam yetişməmiş yemişə baxmaq istəmişəm ki, görüm doğrudan da xiyara bənzəyir, ya yox? Ancaq baxa bilməmişəm. Elə bilmişəm baxsam, o xatirəm birdəfəlik silinib gedəcək...

Bir kadr da yadımdadı. Rayonda nənəmlə dayımın evi bir-birinə yaxın idi. Tez-tez dayımgilə gedib qızı ilə oynayırdıq. Yaxınlıqda balaca bir təpə vardı. Təpənin başına qalxıb, oradan üzüaşağı sürüşərdik. Hərdən də bizdən yaşca böyük olan dayım qızı təpənin o biri üzündən həyətləri görünən qonşunu göstərib, "ermənidi, gəlir, qaçın”, - deyib bizi qorxudardı. Bu zaman o enişi hövlnak elə qaçırdıq ki...

Demə, biz hələ müharibənin, düşmənin nə olduğunu dərk eləmədiyimiz yaşımızda ermənilərin necə qorxunc məxluqlar olduğunu anlayırmışıq... Böyüklərimiz isə bunu nəinki bilir, hətta şahidiolurdular.

 

Zəngilanda son gün...

 

Söz vədəsinə çəkər, düz 27 il əvvəlin bu günləri tək Zəngilan əhli yox, elə ana təbiət də bu əsrarəngiz diyarın düşmən caynağına keçməsinə ağlayırdı. Göy üzü bu müsibətə duyuq düşmüş kimi, yerdəki müharibəyə də öz savaşı ilə cavab verirdi. Çaxan ildırımın, şimşəyin işığı silahların işığına qarışmışdı. Göydən yağış, yerdən güllə yağırdı... Buludların axıtdığı damlalar el-obasını, yurdunu məcbur qoyub gedən əhalinin göz yaşlarına qarışmışdı... Ana təbiət daha bir yurdunun - Zəngilanın əsir düşməyinə öz dililə fəryad qoparır, ağlayırdı...

Artıq rayon ermənilər tərəfindən tam mühasirəyə alınmışdı. Sözlə təsvir edilməsi mümkün olmayan faciəvi vəziyyət yaranmışdı. Hamıya şiddətli döyüş getdiyi üçün təcili şəkildə evləri tərk etmək elan olunmuşdu. Araz çayının sahilinə gedib, İrana keçməli, iki gün ərzində döyüş səngiyəndən sonra yenidən rayona qayıdacaqları deyilmişdi. Elə bu inamla da hər kəs evinin qapısını bağlayıb, açarı da özüylə götürmüşdü. Ciblərində evlərinin açarı, ürəklərində qayıtmağa ümid hissi ilə Araz çayına pənah gətirmişdilər... Amma sən demə, o gün zəngilanlıların Zəngilanda keçirdikləri son gün imiş...

Üç tərəfdən mühasirədə olan Zəngilan beş gün Ermənistan və Dağlıq Qarabağdakı düşmən qüvvələri ilə qeyri-bərabər döyüşə sinə gərdi. Ciddi müqavimətə baxmayaraq, vəziyyət saatbasaat ağırlaşırdı. Çünki düşmən döyüşə əlavə qüvvələr cəlb edir, təzyiqi artırırdı. Dörd gün ərzində əsasən Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün - oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yardı. Hadisələrin gedişi göstərirdi ki, burada Xocalı, Şuşa ssenarisinə oxşarlıq var. Lakin Zəngilan döyüşçüləri qeyri-bərabər qüvvə ilə Azərbaycanda ikinci Xocalı soyqırımının baş tutmasına imkan vermədilər. Zəngilanda ordupolis əhalinin təhlükəsizliyi üçün borcunu axıradək yerinə yetirdi. Şimal, şərq və qərbdən hücum edən düşmənə qarşı qəhrəmancasına döyüşən Zəngilan alayı on minlərlə yerli sakinin İran ərazisindən mühasirədən çıxarılmasına nail oldu. Zəngilanlılar şəhid övladlarını elə döyüş paltarlarında müqəddəs qanları axa-axa dəfn etməyə məcbur olub, əsir düşməmək üçün uşaqlarını, quruca canlarını götürüb Araz çayının kənarına yığıldılar. Ulu Öndər Heydər Əliyevin İran İslam Respublikasının rəhbərləri ilə danışıqlar aparması, Araz çayının üzərindəki bəndin bağlanması rayon əhalisini azğın suların ağuşunda can vermək kimi ağır bir sonluqdan xilas etdi...

 

27 illik nisgil bitdi

 

O gün zəngilanlılar yanan evlərinə baxa-baxa, ürəklərindən qara qanlar axa-axa güllük, gülüstanlıq olan el-obalarını tərk etdilər. İllərlə dar, şəraitsiz yataqxanalarda, zirzəmilərdə yurd həsrəti çəkə-çəkə o zəngin torpağa yenidən geri qayıdacaqları ümidilə yaşadılar. Sonradan dövlət tərəfindən hər bir şəraitlə təmin olunan təmirli mənzillərə köçsələr də, vətən nisgili bir an belə səngimədi, o torpağı bir gün belə unutmadılar. Ləhcələrində, adət-ənənələrində, xatirələrində, söhbətlərində Zəngilanı yaşatdılar. "O gün olsun Zəngilana qayıdaq” arzusu dillərindən, ürəklərindən düşmədi. Hər il o məşum günü - oktyabrın 29-unu Zəngilanın işğalının növbəti ildönümü kimi keçirib qaysaq bağlayan yaralarını yenidən qanatdılar. Amma bu il Zəngilanın işğalından növbəti il ötmədi. İşğalın 27-ci ilinin tamamına 9 gün qalmış Zəngilan şəhəri erməni işğalından azad edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 20-də Azərbaycan xalqına müraciəti zamanı 27 ildir gözlədiyimiz bu müjdəni verdi: "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.

 

Zəngilərin zəngin alanı

 

İşğala məruz qalan ən sonuncu rayonumuz olan Zəngilan zəngin təbii sərvətlərə, füsunkar təbiətə malikdir. Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab olunur. Buradakı mağaralartarixi abidələrlə zəngin olan dağlar - Əsgülüm və Süsən dağları ərazidə ibtidai insanların yaşayışından xəbər verir. Bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr, məişət qabları sübut edir. "Zəngilan” toponimionun qədim türk yurdu olduğunu təsdiqləyir. Belə ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə "sanqi” şəklində qeyd edilmiş zəngilər, əsasən, Qərbi Azərbaycanda - İrəvan mahalı ərazisində yaşayıblar. Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Zəngilan rayonunun adı da həmin qədim oğuz boyunun adından götürülüb və "Zəngilan” şəklində müasir dövrümüzə gəlib çıxıb. Digər bir versiyaya görə, qədim İpək yolunun üzərində yerləşən bu bölgə zəngin alan (türk sözüdür, mənası ərazi, sahə deməkdir) olaraq Zəngilan adlandırılıb.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünastarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Şəhərin əsl adı Pirçivan olub.

Zəngilanın ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olub. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılıb. Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları onun tərkibinə verilir: yeni bölgüyə əsasən Zəngilanın ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci il sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilir. 1929-cu ildə ZSFSR-in qərarı ilə Zəngilanın Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına verilir.

Son iki yüz ildə vahid sərhədə malik olmayan Zəngilan yalnız 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş əraziyə sahib olur. 1967-ci ildə Zəngilana şəhər statusu verilir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə ( oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd var.

Zəngilan həm də Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malikdir. Sahəsi 707 kvadratkilometr olan Zəngilan şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində - Arazboyu hissədə yerləşir. Azərbaycanın bu dilbər guşəsi həm tarixiliyi, həm də coğrafi mövqeyi, torpağı, iqlimi ilə seçilir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, gözoxşayan meşələri var. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılıb. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüksəklikdə) var ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları mövcuddur.

 

Erməni terroruna məruz qalan çinarlar yurdu

 

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Oxçu çayının hər iki sahilində Karst mağaraları var. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılıb. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalpalp çəmənliklərinə keçir. Zəngilan rayonunda dünyada ikinci, Avropada birinci olan nadir çinar meşələri, zəngin tikinti daşı, gil, mərmər və s. materiallar var. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir.

Rayon əhalisinə 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası xidmət göstərib. Eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanaları, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası əhalinin xidmətində idi. Zəngilanda 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası fəaliyyət göstərib. Rayonun geniş mədəniyyət müəssisələri şəbəkəsi vardı: 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi.

Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd Şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd Şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.

Zəngilanda 107 hektar sahəsi olan, Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları vardı.

Təəssüf ki, işğal dövründə ermənilər tərəfindən Zəngilanın tarixi abidələri kimi, meşələri də böyük ekoloji terrora məruz qalıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib. Topmeşə sahəsinin qoz, Şərq çinarı kimi qiymətli ağacları tamamilə qırılaraq işlik materialı kimi daşınıb, 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılıb. Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törədib, burada 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin TopŞükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınıb. Tikintimebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılıb. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun viran edildiyiöz təsdiqini tapıb. Qızıl, qara mərmər yataqları, təbaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı düşmən tərəfindən talan edilib. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq təmizlənmədən Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları birbaşa Oxçuçaya buraxılır.

 

Biz evimizə qayıdırıq!

 

Ancaq daha bitdi... İşğal da sona yetdi, terror da, təbiətə təcavüz ...

27 il öncə doğma yurd-yuvasını odun-alovun içində qoyub gələn zəngilanlılar bu gün sevinc göz yaşlarına boğularaq evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər... İllərdir həsrət qaldıqları, ürəklərində qor olan, xiffətini çəkdikləri doğma yurdlarına böyük qayıdışın tezliklə başlaması arzusu ilə yaşayırlar...

Ev-eşiklərinin erməni vəhşiləri tərəfindən dağıdıldığını, yandırıldığını bilə-bilə, illərdir tullamağa qıymadıqları, ən qiymətli əşya kimi qoruyub saxladıqları açarlarla viran qalmış evlərinin qapısını yenidən açmaq vaxtı gəlib çatıb...

Artıq 27 illik məşəqqətli ayrılığın vüsal günü yetişib...

Artıq vətənlə bağlı bütün arzuların, xəyalların, ümidlərin, xatirələrin gerçəyə dönmə zamanı başlayıb...

Artıq Azərbaycan öz "ürəyinəqovuşub...

Artıq çinarlar diyarı Zəngilanda Azərbaycanın şanlı, müqəddəs bayrağı dalğalanır...

Bayrağın, azadlığın mübarək, Zəngilan!

Başını dik tut, çinar əzəmətli, dağ vüqarlı yurdum!

Biz evimizə qayıdırıq! Gözlə bizi, Zəngilan! Gözlə, bizi Qarabağ!

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 22 oktyabr.- S.1; 6.