Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin
dövlət və hökumət başçılarına məktublar
ünvanlayıb
Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
AZƏRTAC
xəbər verir ki, bununla əlaqədar, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi
Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət
və hökumət başçılarına məktublar
ünvanlanıb.
Məktublarda
BMT Təhlükəsizlik Şurasında keçirilmiş
müzakirələr zamanı göstərdikləri prinsipial
mövqeyə görə sözügedən ölkələrə
təşəkkür ifadə olunub.
Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.
Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.
Sonda isə ikitərəfli
münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində
çoxtərəfli əməkdaşlığımızın
uğurla inkişaf edəcəyinə
əminlik ifadə olunub.
Azərbaycan.-2020.- 27 oktyabr.- S.3.