Azərbaycanın
Baş prokuroru Türkiyənin Baş Ombudsmanı ilə
görüşüb
Oktyabrın 21-də Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev Ombudsman Səbinə
Əliyevanın dəvəti əsasında ölkəmizdə
səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı
Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə
Respublikasının Baş Ombudsmanı Şərəf
Malkoç ilə görüşüb.
Baş Prokurorluğun mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi
salamlayan Baş prokuror Kamran Əliyev tarixən
xalqlarımızın milli köklərə söykənən
münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər
sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək,
bu əlaqələrin Türk xalqının dahi öndəri
Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz,
sevinci sevincimizdir” və Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”
kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin
prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib
Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən
xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə
əlaqələrinin etibarlı strateji əməkdaşlıq
səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq
prinsiplərinə əsaslandığını xüsusi
vurğulayıb.
Baş prokuror sentyabrın 27-dən
başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
dinc əhalisinə qarşı törətdikləri cinayət
əməlləri barədə məlumat verərək
bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və
xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə
öz mənəvi dəstəklərini nümayiş etdirməklə
bir millət, iki dövlət olduğumuzu bir daha bütün
dünyaya göstərib.
Qeyd edilib ki, Ermənistan
Respublikasının rəhbərliyinin göstərişi ilə
4, 11 və 17 oktyabr tarixlərində mülki əhalinin
sıx yaşadığı Azərbaycanın ikinci
böyük şəhəri olan Gəncə şəhəri
beynəlxalq səviyyədə qadağan edilmiş “Skad” raket
qurğusundan atəşə tutulub. Nəticədə
ümumilikdə 63 nəfər həlak olub. Onlardan 18-i
qadın, 8-i uşaq olub, 292 nəfər yaralanıb. Onlardan
69-u qadın, 32-si uşaq olub, 1981 yaşayış evinə,
90 çoxmərtəbəli binaya və 386 mülki infrastruktur
obyektinə külli miqdarda ziyan dəyib.
Diqqətə
çatdırılıb ki, Ermənistan tərəfindən
Azərbaycanın işğal olunmuş ərazilərində
aparılan döyüş əməliyyatlarına xarici
ölkələrin muzdlu döyüşçülərinin
cəlb edilməsi, həmçinin dünya terror tarixində
həmişə ön sırada olan “ASALA” terror təşkilatının
üzvlərinin də iştirak etmələri müəyyənləşdirilib.
Eyni zamanda, işğal olunmuş ərazilərimizdə
bir neçə xarici şirkətlərin qanunsuz
sahibkarlıq fəaliyyəti ilə məşğul
olması müəyyən edilməklə, bu və digər
cinayət faktları ilə bağlı Baş Prokurorluq tərəfindən
cinayət işləri başlanıb və müvafiq sənədləşdirmə
aparılmaqla təqsirkar şəxslərin beynəlxalq
müstəvidə ifşa edilərək cəzalandırılmalarını
təmin etmək məqsədilə bütün mümkün
olan tədbirlər görülməkdədir.
Səmimi görüşə görə
təşəkkürünü bildirən Şərəf
Malkoç Ermənistanın təxribat xarakterli əməllər
törədərək dinc əhalinin sıx
yaşadığı məntəqələrin qəsdən
və hədəfli şəkildə atəşə
tutulması ilə bağlı törədilən cinayət əməllərinin
dünya ictimaiyyətinə çatdırılması ilə
əlaqədar bəyanatla Birləşmiş Millətlər
Təşkilatı və insan hüquqlarının müdafiəsi
üzrə beynəlxalq təşkilatlar qarşısında
çıxış edəcəyini xüsusi
vurğulayıb.
Şərəf Malkoç bir millət,
iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan
xalqının yanında olduğunu bildirib və onun haqq
işini hər zaman olduğu kimi dəstəklədiklərini
diqqətə çatdırıb.
Görüşdə
qarşılıqlı maraq kəsb edən mövzular ətrafında
faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının
Ombudsmanı Səbinə Əliyeva da görüşdə
iştirak edib.
Azərbaycan.- 2020.- 22 oktyabr.- S.9.