Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib

 

Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qonaq qismində iştirak ediblər.

Nazir müavini çıxışında Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyi planlaşdırması və müharibəyə hazırlaşması barədə xəbərdarlıq etdiyini bildirib.

İntiqam Babayev vurğulayıb ki, BMT-nin 75 illiyinə həsr edilmiş sessiyada Prezident İlham Əliyev Ermənistanı öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozduğunu diqqətə çatdırıb. Bununla da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun ərazi bütövlüyünün bərpası kimi şərəfli missiyanı yerinə yetirir. Hazırda işğal altındakı ərazilərimizin bir hissəsi və mühüm strateji yüksəkliklər azad edilib. Döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmən ballistik raketlərdən istifadə edərək dinc əhalini hədəfə almaqla müharibə cinayətləri törədir.

Nazir müavini çıxışının sonunda soy kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasının üzv dövlətlərinin gənclərini Azərbaycanın haqq səsinin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərməyə çağırıb.

İclasda çıxış edənlər Azərbaycanı dəstəklədiklərini, ölkəmizin haqq səsinin dünyaya çatdırılması üçün müvafiq fəaliyyətin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürüblər. Həmçinin Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olunub.

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.

 

Azərbaycan.- 2020.- 22 oktyabr.- S.9.