Vicay Colli: Hindistan Azərbaycanla həmrəydir

 

Hindistanın hakim Bharatiya Canata Partiyasının rəhbər üzvü, İCAPP Daimi Komitəsinin üzvü doktor Vicay Colli Baş Nazirin müavini, YAP-ın Sədr müaviniİcra katibi Əli Əhmədova işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə ilə həmrəy olduğu barədə məktub göndərib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partıyasının mətbuat xidmətindən məlumat verilib.

Məktubda qeyd olunur ki, sizin İCAPP Daimi Komitəsinin üzvü kimi mənə yolladığınız, Ermənistanın siyasi və hərbi rəhbərliyinin dinc vətəndaşlarınıza qarşı insanlıq əleyhinə cinayətləri barədə məlumatlandıran məktubunuzu almışıq.

Doktor Vicay Colli məktubunda bildirir: “Məktəblilər də daxil olmaqla 60 mülki şəxsin ölümünə, 250-dən çox insanın yaralanmasına, 2000-dən artıq evin dağıdılmasına səbəb olan cinayətkar hücumlar qəzəb doğurur və qeyri-insanidir.

Bu cür qəddar əməllər insanlığa qarşı cinayətdir. Razılaşırıq ki, bu əməllər beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və Əlavə protokollarını, həmçinin oktyabrın 10-da qüvvəyə minən humanitar atəşkəsin prinsiplərini pozur.

Biz Ermənistan hərbçiləri tərəfindən mülki əhaliyə qarşı bu cür terror hücumlarını pisləyirik. Yeni Azərbaycan Partiyası ilə həmrəyliyimizi ifadə edirik”.

Qeyd edək ki, doktor Vicay Colli Hindistanın hakim Bharatiya Canata Partiyasının Tripura ştatı departamentinin rəhbəri, sonra isə BJP-nin Xarici əlaqələr üzrə məsul şəxsi olub. Hazırda o, partiyada rəhbər şəxs, eyni zamanda, BJP-nin təmsilçisi kimi İCAPP Daimi Komitəsinin üzvüdür.

 

Azərbaycan.-2020.- 27 oktyabr.- S.6.