Ermənistanın qətnamələri icra etməməsi, ilk növbədə, qətnamələrin qəbul olunmasında iştirak edən dövlətlərə hörmətsizlikdir

 

Bu gün bizi sülhə çağıran ölkələrə baxsaq, bunların içərisində, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin olması bir daha bunu deməyə əsas verir ki, təminatsız sülh heç bir vəchlə qəbul edilən deyil. ATƏT-in Minsk qrupunun üzvü olan 3 dövlət 28 ildir ki, heç bir nəticə əldə etmədən “vasitəçilik missiyasını” həyata keçirir. Bu günə qədər saysız-hesabsız səfərlər, nəticəsi olmayan görüşlər və nəhayət, münaqişənin 28 ildir ki, dondurulmuş vəziyyətdə qalması, təbii ki, Ermənistanın maraqlarına uyğun idi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib: Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan və Ermənistanın tarixi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var, lakin Ermənistan bu vaxta qədər bu qətnamələri icra etməyib. Dəfələrlə Birləşmiş Millətlər Təşkilatına müraciətlər edilərək bu qətnamələrin icrasının təmin edilməsi ilə bağlı tələblərə baxmayaraq, ilk növbədə, BMT TŞ-yə üzv olan dövlətlər öz qətnamələrinə hörmətsizlik edən Ermənistanı həmin qətnamələri yerinə yetirməyə məcbur etmədilər. Halbuki, BMT mütəmadi olaraq öz qətnamələrini icra etməyə qadir bir təşkilat idi. Ermənistanın bu özbaşınalığına və qanunsuz davranışlarına görə ona mütləq qaydada sanksiyalar tətbiq edilməli idi. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistanı qınamaqla kifayətləndi və bu sahədə heç bir ciddi addım atmadı.

Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin bu qaydada - həll edilməmiş qalması ilə razılaşmadı və artıq ortaya ən sərt şəkildə, ədalətli mövqeyini qoydu. Rəşadətli ordumuz tərəfindən Ermənistanın həyata keçirdiyi hərbi təxribatların qarşısı qətiyyətlə alındı və həmin andan etibarən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatları başladı. Ordumuz düşmən tərəfindən yaradılmış təmas xəttini məhv etdiuzun illərdir davam edən status-kvo çox qısa bir müddət ərzində yox edildi.

Apardığımız uğurlu əməliyyatlardan qorxuya düşən Ermənistanın baş naziri müxtəlif ölkələrin rəhbərlərinə müraciət edərək düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək göstərilməsini xahiş etməyə başladı. Lakin müraciət etdiyi ölkələrin bir çoxu ona bu məsələnin Azərbaycanın haqq işi olmasını, öz əraziləri daxilində və beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi əməliyyatlar aparmasını bildirərək ədalətli mövqe ortaya qoydular.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlətlər isə öz ermənipərəst mövqelərini aşkar şəkildə ortaya qoydular. Təbii ki, onların apardıqları bu cür qeyri-obyektiv, ədalətsiz siyasət bütün dünyaya bəlli oldu. Artıq heç kəs Ermənistan tərəfinin cəfəngiyatlarına inanmır, onların irəli sürdüyü iddiaların absurd olduğunu bildirir.

Hər kəsə bəllidir ki, Azərbaycan hər bir sahədə, o cümlədən hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Təkcə ehtiyatda olan və səfərbərliyə ilkin mərhələdə cəlb edilə biləcək vətəndaşlarımızın sayı ümumilikdə Ermənistan əhalisinin sayından daha çoxdur. Bu səbəbdən də bizim kiminsə yardımına ehtiyacımız yoxdur. Azərbaycanın dünyanın bir çox ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edir, ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atır.

Təkcə Azərbaycan Ordusunun Ermənistana vurduğu ziyanın məbləği hazırda milyardlarla hesablanır. Belə olduqda, nəinki Cənubi Qafqazın, hətta dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanın bu gün bu qədər silah-sursatının olması məntiqsizdir. Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət olaraq ələ keçirilən silah-sursat faktiki olaraq Ermənistanın bir dövlət olaraq sıradan çıxmasını bir daha göstərir. Artıq məğlub olduğunu başa düşən Ermənistan atəşkəs üçün yalvarır.

Azərbaycan isə, öz növbəsində, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu hər zaman bəyan edib. İstər hərb, istərsə də sülh yolu ilə həll edilməsindən asılı olmayaraq, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bir daha dünyanın diqqətinə çatdırdı.

Bu günə qədər 3 dəfə humanitar atəşkəsin elan olunmasına baxmayaraq, hər üç halda atəşkəsin tələbləri Ermənistan tərəfindən pozulmuşdur. Buna baxmayaraq, biz üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalaraq sülhün təmin olunması istiqamətində zəruri addımları atırıq. Düşmənin atəşkəs rejimini dəfələrlə pozması barədə aidiyyəti təşkilatlara dərhal məlumat veririkkimin təcavüzkar olmasını bir daha diqqətə çatdırırıq. Bu gün yenidən atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutmağa davam edir. Şanlı Ordumuz isə qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, düşmənə lazımi cavabı verir.

Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz zəfər yürüşünü davam edəcək, istər diplomatiyada, istərsə də döyüş meydanında ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. Qələbə əldə edildikdən sonra isə bizə dost olan dövlətlərlə əlaqələrimiz daha da möhkəmlənəcək və qardaşlığımız daimi olacaqdır”.

 

Azərbaycan.-2020.- 27 oktyabr.- S.6.