Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu

 

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin atdığı mərmilərdən beşi rayonun Qazyan kəndinə düşüb, vətəndaşlara məxsus evlərə ziyan dəyib. Kənd sakini Yasin Cəfərov bildirib ki, Ermənistan ordusu hər gün olduğu kimi, oktyabrın 26-da səhər saatlarında da kəndi artilleriya atəşinə tutub. “Düşmən gecə də, səhər də kəndə artilleriyadan atəş açıb. Səhər saat 9-a işləmiş həyətdə toyuqlara dən verirdim. Elə bu zaman mərmilərdən biri evimin həyətinə düşərək partladı. İki mərmi isə qonşunun evinə düşdü. Gördüyünüz kimi, evimizə ziyan dəyib”.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

 

Azərbaycan.-2020.- 27 oktyabr.- S.8.