Birinci vitse-prezident Mehriban
Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan
xalqı yeni tarix
yazır
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya
Agentliyinə müsahibə
verib.
AZƏRTAC müsahibəni
təqdim edir.
- Hər
vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın
bir sıra şəhərlərinin və
yaşayış məntəqələrinin
işğaldan azad edilməsi münasibətilə
Sizi öz adımızdan və oxucularımızın adından
təbrik etmək istərdim.
- Bütün xalqımızı bu əlamətdar hadisələr
münasibətilə təbrik
edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı
xəbərlər gəlir.
Bizim əsgərlər və zabitlər döyüş
tapşırıqlarını şərəflə yerinə
yetirirlər. Onlar uğurlu
əməliyyatlar keçirərək,
bir-birinin ardınca şəhərləri və
digər yaşayış
məntəqələrini işğaldan
azad edir, strateji yüksəklikləri
tuturlar. Uzun fasilədən,
təqribən 30 ildən
sonra biz hamımız
Azərbaycan əsgərinin
doğma torpaqlarımızda
bayrağımızı sancmasını
qürurla müşahidə
edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin
bərpasıdır, çünki
bunlar bizim əzəli, tarixi torpaqlarımızdır.
Mübaliğəsiz demək olar ki, bu gün
Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin
tarixini!
Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət
başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan
azad edilməsi naminə birləşməyə
çağırışını gənclərimizin necə
qətiyyətlə və
mərdliklə qəbul
etmələrini görürəm.
- Sizin
söylədiyiniz hər
bir kəlmə xalqımızın istəyi
ilə həmahəngdir
və əməllərdə,
hərəkətlərdə misli görünməmiş
fəallıq doğurur.
Sizin müraciətinizdən dərhal
sonra həmvətənlərimizin
erməni yalanlarını
və böhtanlarını
ifşa etməyə yönəlmiş səyləri
buna parlaq sübutdur.
- İnformasiya
məkanında fəallıq
göstərmək barədə
çağırışıma qoşulan hər kəsə təşəkkür
etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq
ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları
bölgəsini deyil, həm də informasiya məkanını
əhatə edir.
Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının
feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü
haqqında həqiqəti
bütün mümkün
platformalarda beynəlxalq
ictimaiyyətə necə
çatdırdıqlarını görürəm. Onların haqq
səsi tarixin saxtalaşdırılması hallarını
aşkar etməyə
və tamamilə əsassız, açıq-aydın
yalan, təhrikçi
materialların yayılmasının
qarşısını almağa
kömək edir.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinə təşəkkür edirəm,
onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində
bugünkü Azərbaycan
reallıqlarını dünyaya
çatdırmaq mümkün
olur.
Əllərinə bayraq götürərək
təcavüzkara etirazlarını
bildirən və Ermənistanın işğalçı
mahiyyətini beynəlxalq
ictimaiyyətə göstərən
xaricdə yaşayan soydaşlarımızı qeyd
etməmək mümkün
deyil. Azərbaycan xalqı ilə
həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini
nümayiş etdirən
dünyadakı bütün
dostlarımıza minnətdaram.
Bu gün
biz hamımız cəbhədə
baş verənlər
barədə fikirlərlə
yaşayırıq. Azərbaycan xalqı
öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə
də biz bütün
hərəkətlərimizdə və fəaliyyətimizdə
həmişəkindən daha
çox həmrəyik.
Şübhəsiz, bizim əsgərlərimiz
bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların
arxasında bütün
Azərbaycan xalqı dayanır.
- Mehriban
xanım, Siz bəyanatlarınızda dəfələrlə
qeyd etdiyiniz kimi, hətta düşmənin mülki
əhaliyə qarşı
vəhşicəsinə təxribatlarına
baxmayaraq, xalqımız
inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir.
- Təəssüf
ki, erməni tərəfi məqsədyönlü
şəkildə nəinki
beynəlxalq konvensiyaların
tələblərini pozur,
hətta əxlaq normalarını tapdalayır.
Gəncə, Mingəçevir,
Tərtər, Bərdə,
Ağdam, Ağcabədi,
Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin
dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana
qarşı məkrli
siyasətini açıq
ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə
atəşə tutmaq
olardı? Gecə vaxtı,
sakinlər yatarkən
Gəncə şəhərini
raket atəşinə
necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər,
uşaqlar, qadınlar
həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir
ki, Yerevanın sülhdə marağı
yoxdur, o, yalnız münaqişənin eskalasiyasını,
onun regional qarşıdurmaya
çevrilməsini arzu
edir.
Lakin Ermənistanın heç
bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları,
nə dinc vətəndaşlara vəhşicəsinə
hücumları, – heç
nə Azərbaycan xalqının iradəsini
sındıra bilməz. Birlik, həmrəylik,
bir-birinin dərdinə
şərik olmaq və qarşılıqlı
dəstək nümayişi
müəyyən mənada
heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə
dair Azərbaycan xalqının ismarıcıdır.
Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə
qəddarlığı kəskin
pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik
Şurasının erməni
işğalçı qüvvələrini
Azərbaycana qarşı
təcavüzü dayandırmağa
çağıran qətnamələrinə
etinasızlığa son qoymalıdır.
Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü
olmayıb. Biz dinc
əhaliyə hücum
etmirik. Bizim işimiz haqq
işidir. Bizim ordumuz
əzəli Azərbaycan
torpaqlarını işğaldan
azad edir. Bizim əsgərlər qəhrəmanlıq
və igidlik göstərərək Vətən
uğrunda şərəflə
döyüşür, öz
adlarını Azərbaycanın
tarixinə yazırlar.
Mən bütün yaralıların
tezliklə sağalmalarını
arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə,
doğmalarına dərin
hüznlə başsağlığı
verirəm. Vətən naminə
şəhid olmuş igid övladlarımıza
Allah rəhmət eləsin.
Onların qanı yerdə
qalmayacaq və qalmır. Düşmənə layiq olduğu
cavab verilir.
Mənim tapşırığımla Heydər
Əliyev Fondu həlak olanların ailələrinə lazımi
kömək göstərir. Yaralı əsgərlərin
sağalması və
normal həyata qayıtması
üçün nə
mümkündürsə edilir.
Bu gün bizim
bütün yaralı
əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün
yenidən döyüş
əməliyyatları zonasına
yola düşmək istəyirlər. Budur Azərbaycan
xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.
- Mehriban
xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi
birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı
mübarizədə bir
növ şüara çevrilmiş "Biz birlikdə
güclüyük!” cümləsini
hamımız xatırlayırıq.
Demək olarmı ki, bu gün
həmin cümlə xüsusi məna kəsb edir?
- Bu, şübhəsiz
belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə
bu ilin yadda
qalacağı bütün
çağırışları və çətinlikləri
dəf edə bilərik.
Siz koronavirus pandemiyasını
xatırlatdınız və
mən bu məsələyə bir qədər ətraflı
toxunmaq istərdim. Biz bu günədək vaxtında
və hərtərəfli
düşünülmüş tədbirlər sayəsində
dünyanın bir çox ölkələrinin
üzləşdiyi faciəli
ssenaridən xilas ola bilmişik.
Ekspertlərin fikrincə,
bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən
az sayda
itki ilə başa vurmuş dövlətlər sırasındadır.
Biz epidemiya ilə
mübarizənin bütün
aspektlərini koordinasiya
edən peşəkar
komanda yaratmağa, zəruri texniki və insan resurslarını
birləşdirməyə müvəffəq
olduq. Tətbiq edilmiş karantin
tədbirləri koronavirusun
yayılma sürətini
azaltmağa kömək
etdi. Biz birlikdə Vətənimizi
bu xəstəliyin təhlükəli surətdə
yayılmasından qoruya
bildik.
Təəssüf ki, çoxsaylı ölkələrə və
xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ
də ciddi təhlükə mənbəyidir,
bütün dünyada
pisləşməkdə olan
statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə
hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı
məhdudiyyətlər yenidən
qüvvəyə minir.
Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.
Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq.
Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz
daha diqqətli olacağıq.
Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq.
Əminəm ki, biz bu
vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut
edəcəyik ki, gücümüz
birlikdədir!
Azərbaycan.- 2020.- 23 oktyabr.- S.1; 4.