Karantin qaydalarına əməl etmək vətəndaşlıq borcudur

 

Koronavirus hələ də dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır. Bu ilin onuncu ayı COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparmaqla başa çatır. Lakin hələ də infeksiyanın sürətlə yayılmasının qarşısını tam almaq mümkün olmayıb. Əksinə, virus daha da aqressiv şəkildə dünyanı ağuşuna almağa davam edir.

Yoluxma sayı ilə bağlı ümumi statistika hər ötən gün artaraq 45 milyona yaxınlaşır. Son beş gündə isə planetdə koronavirusa yoluxanların sayı gündəlik 400 mindən çox artır. Bu, pandemiyanın başlamasından bəri yoluxmanın ən uzunmüddətli intensiv artımıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, son sutka ərzində virusa yoluxanların sayı 435 min 528 nəfər olub. 22 oktyabrda 442 min 890, 23 oktyabrda 460 min 538, 24 oktyabrda 478 min 700, 25 oktyabrda isə 441 min 268 nəfər koronavirusa yoluxub.

 

 

Hökumət tərəfindən hər cür imkanlar səfərbər edilib

 

 

Dünyanın əksər ölkələri virusu lokallaşdırmaq üçün karantin rejimləri tətbiq edir. Tibb mütəxəssisləri də COVID-19 peyvəndinin tapılıb kütləvi istehsalına başlanmasına qədər virusa qarşı ən effektiv mübarizə üsulunu karantin rejiminin tətbiqində, fiziki məsafə saxlamaqda, maska taxmaqgigiyenik qaydalara ciddi riayət etməkdə görürlər.

Azərbaycandan da yan keçməyən qlobal təhlükəyə qarşı mübarizənin əsasında məhz bu üsullar dayanır. İnfeksiya dünyada yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti mühüm qabaqlayıcı tədbirlərə start verib. ÜST-nin tövsiyələrini nəzərə alaraq, hələ xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət problemin ciddiliyini anlayaraq vətəndaşların sağlamlığının qorunmasına yönəlik addımlar atmağa başlayıb.

Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün dövlət tərəfindən hər cür imkanlar səfərbər edilib, mümkün effektiv və zəruri tədbirlər ardıcıllıqla, planlı şəkildə həyata keçirilib. Birbaşa Azərbaycan Prezidentinin rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb.

 

 

Karantin qaydalarına riayət edilməməsi yoluxmanı artırır

 

 

Təəssüf ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVİD-19-a gündəlik yoluxmaölüm halları artıb. Düzdür, yumşaldılmalardan sonra yoluxmanın artması gözlənilən idi, mütəxəssislər bunu əvvəldən proqnozlaşdırırdılar. Bunu havaların soyuması, respirator virus infeksiyalarının artması, immunitetin zəifləməsi kimi real, obyektiv faktorlarla əsaslandırırdılar. Amma bəzi insanların karantin qaydalarına ciddi riayət etməməsi də yoluxmanı artıran səbəblər arasında xüsusi vurğulanır.

Etiraf edək ki, bir aydır torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən Vətən müharibəsi koronavirus pandemiyasını unutduraraq arxa plana keçirdi. Cəmiyyətdə təhlükəli virusun yox olması kimi təəssürat, arxayınlıq yarandı. Nəticədə sosial məsafənin gözlənilməməsi, maskadezinfeksiya vasitələrindən istifadə edilməməsi, dayanacaqlarda, ictimai nəqliyyatda karantin qaydalarına əməl olunmaması halları kütləviləşdi. Bunlar isə öz növbəsində xəstəliyin daha da sürətli yayılmasına zəmin yaratdı. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verdi.

 

 

Preventiv tədbirlər vasitəsilə özümüzü qorumalıyıq

 

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, yeni növ koronavirus da, mövsümü qrip də yuxarı və aşağı tənəffüs yolları xəstəliyidir. Bunlar fərqli viruslar olsa da, temperatur, öskürək, tənəffüs çatışmazlığı, qızdırma, halsızlıq, boğaz ağrısı kimi kliniki əlamətlərə görə oxşardır və hər iki xəstəlikdə ağciyərin tutulması baş verir. Lakin yeni növ koronavirus üçün xarakterik olan əlamət iybilmə və dadbilmə hissinin itməsidir. Bu iki əlamətin olması koronavirus infeksiyasından şübhələnməyə əsas verir. Ona görə də yalnız klinik əlamətlərə görə dəqiq diaqnoz qoyula bilməz, çünki yoluxma halı laboratoriya şəraitində alınan yaxmanın mikrobioloji analizi nəticəsində təsdiq edilə bilər.

V.Əliyev payız mövsümü tənəffüs yolu infeksiyalarının artmasını mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etmək və belə şəraitdə infeksiyanın ötürücülük şəraitinin və təmasların çoxalması ilə əlaqələndirib: "Ona görə də karantin rejimi yumşaldılanda da həmişə qoruyucu tədbirləri zəiflətməmək barədə xəbərdarlıq edirdik. Hansısa bir dərmandan istifadə etməklə koronavirusdan qorunmaq olmaz. Hələlik peyvənd də tam təsdiq edilməyib, ona görə preventiv tədbirlər vasitəsilə özümüzü qorumalıyıq. Maska taxılması, sosial məsafə saxlanılması, antiseptik vasitələrdən istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsi təkcə COVID-19 üçün deyil, digər respirator infeksiyalar üçünvacibdir”.

V.Əliyev əlavə edib ki, ölkəmiz bir aydır, haqq savaşındadır. Xalqımızın diqqəti əsasən bu savaşa yönəldiyinə görə infeksiyaya qarşı mübarizə bir qədər arxa plana keçib: "Bəzi hallarda bu səbəbdən sayıqlıq hissi bir qədər zəiflədi və bundan istifadə edən koronavirus infeksiyası yayılmaqda davam etdi. Əlbəttə, yalnız tədbirli davranmaqla təhlükəli virusun qarşısını almaq mümkündür. Ona görə də indiki vaxtda qaydalara daha ciddi əməl etmək lazımdır, çünki bu sahədə sayıqlığın itirilməsi orduya, zabit və əsgərlərə də sirayət edə bilər. Bunu nəzərə alaraq qaydalara daha ciddi əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir”.

COVID-19-a yoluxma hallarının kütləviləşməsi hazırki müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla ön cəbhədə döyüşən hərbçiləri də xəstəliklərdən qorumuş olarıq. Unutmayaq ki, hazırda Azərbaycan iki cəbhədə savaş aparır. Gözəgörünən düşmənlə - erməni terrorçuları ilə və gözəgörünməz düşmənlə - koronavirusla. Əsgərlərimiz bizi silahla qoruyur, biz isə onları maska ilə qorumalıyıq. Gözəgörünməz düşmənə qarşı mübarizə silahımızı yerə qoymamalıyıq. Sadə qoruyucu tədbirlərə - maskadan istifadəyə, əl gigiyenasına diqqət və sosial məsafəyə riayət etməklə qalib gəlməliyik.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 28 oktyabr.- S.1;11.