Pandemiya və müharibə Ermənistanın iflasını sürətləndirir

 

Azərbaycanın qələbəsi işğalçı ölkədə bütün istiqamətlərdə tənəzzülü dərinləşdirib

 

Ermənistanda müharibə məğlubiyyəti və pandemiya fonunda baş verən son hadisələr bu ölkənin sosial-iqtisadi həyatında olduğu kimi, siyasi fonda da problemlərini dərinləşdirib. Xüsusən Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi xaosun formalaşmasına səbəb olub, proseslər daha gərgin mərhələyə qədəm qoyub.

Məğlubiyyətlərə görə sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanşı isə vəziyyəti gündən-günə ağırlaşdırır. Ermənistanın "İravnuk” qəzeti yazır ki, müharibədə ərazilər itirilir, ölkənin daxili siyasi həyatında qarşıdurma dərinləşir və vətəndaşlar məyus vəziyyətdədirlər.

Etibarlı mənbələrə istinad edən qəzet bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin N.Paşinyana qarşı hələ tam olaraq ciddi işə keçməməsinin səbəbi davam edən müharibədə hökumətin daha çox səhvlər buraxmasını gözləmək və baş nazirə ilin sonunda sarsıdıcı sürpriz hazırlamaları ilə əlaqədardır.

Müxalif cəbhədə birləşib sürpriz hazırlayanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyanonun Respublikaçılar Partiyası yox, həm də Robert Koçaryanın komandası və yeni hökumətin gəlməsindən sonra narazı qalan oliqarxlardır: "Əgər müharibə dayanmasa, koronavirus pandemiyası fonunda bərbad vəziyyətə düşən sosial-iqtisadi həyatda az da olsa nəzərəçarpan nəticələr olmasa, Nikol Paşinyan hakimiyyəti öz mövqelərini və sosial dayaqlarını tam itirəcək. Əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir - ilin sonunda Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı formatda və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir”.

"4rd.am” saytı yazır ki, davam edən müharibə hakimiyyət dəyişikliyi nəticəsində hətta millət vəkili olmuş insanların belə siyasi təcrübəsinin olmadığını, onların böhran vəziyyətlərinə dözmədkilərini, emosiyalara tabe olduqlarını göstərdi: "Ermənistanda siyasi sistem hakimiyyət dəyişikliyindən sonra faktiki olaraq dağıldı və bu gün yalnız Nikol Paşinyan var. Müharibə isə onun siyasi çöküşünü sürətləndirir. Gedişat onu göstərir ki, hökumətdə və parlament fraksiyasında hamı ona qarşı çıxmağa başlayacaq”.

Ermənistandakı reallıq ondan ibarətdir ki, müharibə və koronavirus Paşinyan hakimiyyətinin reytinqini sıfıra endirib. Eyni zamanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirərək sosial gərginliyi də artırıb. Ölkənin sosial problemlərin aradan qaldırılması üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması da baş verən proseslər fonunda daha çox diqqəti çəkir.

Bu günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini insanların müharibədən yayınmaq üçün saxta COVID-19 arayışı almaları zəbt edib. Paylaşımlarda qeyd olunur ki, cəbhəyə gedib döyüşmək istəmədiklərinə görə imkanı olanlar 1000-2000 dollar arası pul ödəyərək saxta arayışlar alırlar.

Ermənistanda hər gün koronavirusa minlərlə yeni yoluxma qeydə alınır. Bu isə Qarabağda ölmək istəməyən ermənilərə əlverişli fürsət yaradıb. Belə ki, ölkədə koronavirusa yoluxma barədə saxta arayışlar alaraq ordudan yayınma halları baş verir. "4rd.am” saytı yazır ki, Ermənistan xüsusi xidmət orqanları koronavirusa yoluxma bəhanəsi ilə Qarabağda döyüşmək istəməyən bir nəfəri həbs edib. Məlumatda bildirilir ki, həmin vətəndaşın atası tibb müəssisəsinin həkimi və laborantı ilə dil taparaq oğlunun koronavirusa yoluxduğu barədə oktyabrın 23-də saxta arayış alıb. Arayış başqasının bioloji nümunəsi əsasında verilib. Bununla da həmin adam oğlunu bir müddət səfərbərlikdən yayındırıb.

Lakin Ermənistanda saxta arayış alanların sayı kifayət qədər çoxdur və onların hamısını həbs etmək ölkədəki dərin problemlər fonunda mümkün deyil. Onu da qeyd edək ki, Qarabağda döyüşmək üçün könüllülərin sayı da kəskin azalıb və indi hakimiyyət orqanları yerli administrasiyaların rəhbərləri qarşısında hərəyə bir batalyon təşkil etmək öhdəliyi qoyub.

Bu arada N.Paşinyan ermənilərə döyüşmələri üçün yalvarmağa başlayıb. O, sosial şəbəkədə qadınlara müraciət edərək deyib ki, onlar ərlərini və oğullarını saxlamamalıdırlar. Özünə gəldikdə isə, Paşinyan vəzifəsini bəhanə edib.

Ümumiyyətlə, cəbhədə gedən döyüşlər bu ölkənin ordusundakı acınacaqlı durumun hökm sürdüyünü ortaya çıxarıb. Ermənistanda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən mənbə kimi baxırlar. O da vurğulanır ki, ölkənin müdafiə nazirliyi heçbütün itkilər haqda məlumat vermir və əksəriyyətini gizli saxlayır. Eyni zamanda müharibə fonunda hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində cinayətlər və fərarilik baş alıb gedir.

Beləliklə, Ermənistan işğalçı siyasətinin nəticəsi olaraq çox ciddi siyasi və iqtisadi tənəzzülə qədəm qoyub. Azərbaycan cəbhədəki qələbələri ilə yalnız işğal altındakı torpaqlarını azad etmir, həm də Ermənistanda cəmiyyət həyatının hər bir sahəsini tənəzzülə uğradır. Ona görə üfüqdə Ermənistan üçün ümidverici heçgörünmür.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 28 oktyabr.- S.1;7.