Ermənistan yeni
humanitar atəşkəs rejimini
pozaraq Tərtərə “Smerç”
raketləri atıb
Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriyadan, o cümlədən “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq rayon ərazisinə, ümumilikdə, 160-dan çox mərmi, eləcə də 4 “Smerç” raketi düşüb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Tərtər rayonunda düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutduğu ərazilərə gedərək, sakinlərlə həmsöhbət olub. Düyərli kənd sakini İsgəndər Həsənov bildirib ki, dünən axşam saatlarında düşmən kəndi artilleriya atəşinə tutub. Raketlərdən biri onun evinin yanına düşərək yerə sancılıb. Dünən axşam saatlarında kəndə çıxmışdım. Elə bu zaman kəndimiz atəşə tutuldu. Evə gələndə gördüm ki, raket həyətimizdə yerə sancılıb, xoşbəxtlikdən partlamayıb. Düşmənin bu təxribatları bizi qorxutmur. Bilirik ki, müzəffər ordumuz tezliklə qələbə qazanacaq.
Kənd sakini Nazim Quliyev düşmənin təxribatlarına baxmayaraq hamıda böyük ruh yüksəkliyi olduğunu deyib: “Düşmənin artilleriya atəşi nəticəsində kənddə çoxlu dağıntılar var. Dünən axşam növbəti atəş zamanı partlayışın təsirindən mənim evimə də zərər dəydi. Ancaq biz ruhdan düşmürük. Ordumuza, Prezidentimizə güvənirik. Mənim iki oğlum da hazırda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edir. Ordumuz işğal altında olan şəhər və kəndlərimizi azad edir. Əminik ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək”.
Tərtər şəhərinə düşən
“Smerç” raketi isə
bir evi tamamilə
dağıdıb. Şəhər sakini Elxan İbadov deyib: “Axşam
saatlarında partlayış oldu. Raket qonşumuzun evini dağıtdı. Digər
qonşuların evlərinə də zərər dəyib.
Yaxşı ki, ölən və yaralanan olmadı”.
Azərbaycan.-2020.- 28 oktyabr.- S.5.