Türkiyə XİN: Vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq

 

Ermənistanın oktyabrın 26-da elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanda cəbhə bölgəsindən uzaqda mülki yaşayış yerlərini hədəfləyən davamlı hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına atmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada deyilir: “Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatları Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri iki yaşında uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq”.

Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üç atəşkəsin hər birinin Ermənistan tərəfindən pozulması xatırladılan açıqlamada “bu pozuntulara həmsədrlərdən hər hansı reaksiya gəlməməsini mənalı hesab edirik” ifadəsi yer alıb.

 

Azərbaycan.-2020.- 28 oktyabr.- S.7.