Arzular çin olur
Torpaqlarımızın 30 il
işğal altında
olduğunu bütün
dünya bilirdi. Bilirdi, amma səsini çıxarmırdı, susurdu.
Amma biz bundan sonra susa
bilməzdik. Tarix və gələcək
nəsil bunu bizə bağışlamazdı.
Bu gün işğal
altındakı ərazilərimiz
Ali Baş Komandanın
qətiyyəti və
müzəffər ordumuzun
gücü sayəsində
azad edilir. Hər gün
cəbhədən gələn
xəbərləri hər
bir Azərbaycan vətəndaşı səbirsizliklə
gözləyir və zəfər yürüşümüzün
hər addımını
alqışla qarşılayır.
Oktyabrın 25-də Qubadlı rayon mərkəzini
və bir neçə yaşayış
məntəqəsini ordumuzun
azad etməsi xəbəri qubadlılıların
məskunlaşdığı Sumqayıtda böyük coşquya səbəb oldu. Səhər açılar-açılmaz Sumqayıt şəhərində
yerləşən Qubadlı
Rayon İcra Hakimiyyəti
binasının qarşısına
insanlar axışdı.
Sifətlərdəki sevinc o qədər
böyük idi ki, onu sözlə
ifadə etmək çətindir. Qocalı-cavanlı hamı bir-birini təbrik edir, qələbə şüarları
səsləndirirdi.
Onlara yaxınlaşıb
fikirlərini öyrənmək
üçün müraciət
etdik. Sevinci gözlərində parlayan
Allahverdi Haxverdiyev dedi:
- Yurdumuzun işğal olunduğu anlar gözlərimizin önündədir.
Ötən müddətdə içimizdə qövr edən həsrət illər ötdükcə
sönmür, əksinə,
közərirdi. Çoxumuz yuxularımızda
o yerləri dolanır,
ayıldıqda bunun yuxu olduğu üçün təəssüflənirdik.
Vətən müharibəsi başlayandan
ordumuzun zəfər yürüşünü izləyir,
döyüşçülərimizin qələbə marşını
alqışlayırdıq. Televiziya ekranından Ali Baş Komandan İlham Əliyevin Qubadlının
azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladıq.
Mən o
yerlərin havasını
udub, suyundan içmişəm. İçimdə
həmişə bir
hiss daim məni ora çəkib. Azad edilmiş ərazilərdə
ermənilərin vandallığını
görəndə əvvəl
təəssüfləndim. Sonra düşündüm
ki, biz qurub-yaradan xalqıq, az
zaman kəsiyində hər şeyi yoluna qoyacağıq.
İslam Abbasov yunan-Roma güləşi üzrə
dünya və Avropa çempionudur. Hər bir qələbəsini doğma Azərbaycana həsr edən İslam sevincini bizimlə belə bölüşdü:
- Mən heç vaxt Qubadlıda olmamışam. Amma atam o yerlər
barəsində bizə
o qədər danışıb
ki, mən özümü o torpaqları
görmüş kimi sanıram. Hər il rayonumuzun
işğal günü
anılanda atam nə zamansa qələbə gününü
qeyd edəcəyimizi deyirdi. Bu qələbələr
xalqımızın var
olduğunu sübut edir. Fərəh hissi böyük
sevgidən yaranır və insan onu
uzun müddət unutmur. Gördüyün işdə, qazandığın
uğurda fərəh
hissi səninlə olur. Torpaqlarımızın azad edilməsi
ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə bizə yaşatdığı ən
böyük fərəhdir.
Namiq Abasov Qubadlı rayon Gənclər
və İdman İdarəsinin rəisidir. Daim gənclərlə bir yerdə olan N.Abasov qələbə duyğularını bizimlə
paylaşdı:
- Rayonumuzun işğaldan azad edilməsi ilə 27 ilin həsrəti bitdi. Bu gün qubadlılı
gənclər döyüş
bölgəsində düşmənlə
üzbəüzdür. Arxada qalan gənclərimiz isə könüllü kimi cəbhəyə getməyə hazırdır.
Bu bir sevgidir
ki, onu heç
nə ilə əvəz etmək mümkün deyil. Ordumuzu və Ali Baş Komandan İlham Əliyevi Allah qorusun.
Tam qələbəni Ali Baş Komandanın dilindən eşidəcəyimiz
günü gözləyirik.
O günə isə az qalıb!
Rasim Hüseynov
bizimlə söhbətinə
keçməzdən əvvəl
göz yaşlarını
saxlaya bilmədi. Yalnız
bir qədər sonra öz sevincini
ifadə etdi:
- Mən Sumqayıtda doğulub böyümüşəm. Ailəmiz 1960-cı illərdə atamın işi ilə əlaqədar Qubadlıdan Sumqayıta köçüb. Rəhmətlik atam həmişə gənclik illərindən danışanda içindəki nisgili gizlədə bilmirdi. O yerlərin bulaqlarından, dağ havasını udan sağlam əqidəli insanlarından söz açardı. Bir dəfə dedik ki, bura bəyəm pisdir? Kişinin qaşları çatıldı və bizə cavab verdi ki, insan harda doğulub böyüyürsə, həmin yerlərin zaman daşıyıcısına çevrilir. Əgər o yurda axirətdə də köçmürsə, ruh incikliyi yaranır. Yalnız azad torpaqlarda ruh dincəlir. Ali Baş Komandanımız və ordumuz bu günlər neçə nisgilli ruha rahatlıq verdi. Bu qələbələrin arxasında birliyimiz dayanır. Allah daha böyük qələbələri tariximizə yazmaqda Ali Baş Komandanımıza, əsgərlərimizə yardımçı olsun! Bir də istərdim ki, o yerlərin bərpasında bizlər gedib çalışaq. Bu savaşda gənclərimiz döyüşür. Vallah, məni də aparın cəbhəyə demişəm, deyiblər olmaz. Amma indi evdə sakit oturmaq zamanı deyil.
Nəriman Həmidov Qubadlının ağsaqqallarından biridir. Üzündən nur tökülən bu insan öz fikirlərini bizimlə də bölüşdü:
- Bizim Qubadlı camaatımız mərddir. 1993-cü ildən bəri çətinliklərə dözüb, amma qəlbində vətən sevgisi sönməyib. Bu duyğu həmişə bizimlə olub və yolumuza şəfəq saçıb. Bir qədər geriyə qayıtmaq istəyirəm. Doğulub böyüdüyüm Qubadlı rayonu Qarabağın gözəl məkanlarındandır. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilanla həmsərhəd olan rayonumuz tarixi-mədəni, dini abidələrlə zəngindir. Burada IV əsrə aid "Gavur dərəsi” ibadətgahı, "Qalalı” və "Göyqala” abidələri, "Dəmirçilər türbəsi” və digər tarixi abidələr var. Yəqin ki, erməni qəsbkarları həmin abidələri talan edərək dağıdıblar. Keçən illər ərzində bir an da olsun qəlbimizdən yurd sevgisi azalmayıb. Məskunlaşdığımız rayonlarda daim torpaqlarımızın azad olacağı günü səbirsizliklə gözləmişik. Rayonumuzun gənclərini öz torpaqlarını sevmək hissi ilə böyütmüşük. Son günlər Ermənistanın törətdiyi təxribata cavab verən ordumuz uğurlu əks-hücumu ilə ona yerini göstərir. Ali Baş Komandanın və ordumuzun sayəsində bütün Azərbaycanın gözlədiyi gün yaxınlaşmaqdadır. Qubadlının işğaldan azad edilməsi xəbəri hamımızın içində bir sevinc günəşi kimi parladı. Yağı düşmən layiqli cəzasını almalıdıır. Qubadlı sakinləri son nəfərinə kimi Ali Baş Komandanla, ordumuzla birlikdədir. Biz, qocalı-cavanlı hamımız müzəffər ordumuzun qələbəsini yaxınlaşdırmağa hazırıq. Bir nəfər kimi silahlanıb cəbhəyə getməyə hazırıq. Qoy zəfər bayrağımız bütün Qarabağda dalğalansın!
Bura toplaşan
insanların içində gənclər daha
çox idi. Onlardan biri Aytac Kazımlı idi:
- Sumqayıtda doğulub-böyüsəm
də, əslən Qubadlıdanam. Yaşadığım və böyüdüyüm
mühit həmişə
vətən sevgisi, dövlətə inam, keçmişdən gələn
kökümüzün qorunmasını
bizə miras kimi aşılayıb.
Rayonumuzun işğaldan azad
edilməsi xəbəri
hamı kimi məni də sevindirib. Ali təhsilimi başa vurduqdan sonra işləməyə öz
rayonumuza gedəcəyəm.
Hamı öz gücü daxilində doğma yurda xidmət etməlidir.
Akif ƏLİYEV
Azərbaycan.-2020.- 28 oktyabr.- S.8.