Həsrətə son qoyuldu
1993-cü il avqustun 31-də havadarlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmış Qubadlı şəhəri rəşadətli ordumuz tərəfindən azad edildi. Nəhayət, 27 ildən çox davam edən həsrətdən sonra - oktyabrın 25-də Azərbaycanın daha bir dilbər diyarı erməni faşistlərindən və muzdlu terrorçulardan təmizləndi.
Qubadlı rayonunda 1 şəhər və 93 kənd var. Sahəsi 802 kvadratkilometr, əhalisi təxminən 40 min nəfərdir. Zəngilan, Cəbrayıl, Laçın, Xocavənd və Ermənistanın Gorus, Qafan rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazarçayın sahilində yerləşir.
Qubadlı rayonunun təbiəti olduqca zəngindir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdı. Rayonda 13,2 min hektar meşə sahəsi vardı. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər gözəlliyi idi. Çox təəssüflər olsun ki, hazırda əldə olunan məlumatlara əsasən, Qubadlı meşələri işğalçılar tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınmışdır.
Rayon ərazisindən iki böyük dağ çayı keçir - Həkəri, Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürür. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli, Şəki, Sisyan, Taxtakörpü, Daşlıdərə, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir.
Qubadlının bir hissəsi aran olsa da,
əsas hissəsi dağlıqdır. Rayonun Hərtiz və Səngər dağlarındakı
şəfalı bulaqları
can dərmanıdır. Qubadlılılar işğalacan əsasən
heyvandarlıqla, tütünçülüklə
və taxılçılıqla
məşğul olmuşlar.
Şəhərdə 62 idarə və müəssisə var idi. Burada Asfalt zavodu,
Quşçuluq fabriki,
Daş karxanası, Texniki-təchizat idarəsi,
Tikiş fabriki, "Neftqazavtomat” təcrübə
zavodu və başqa istehsal müəssisələri fəaliyyət
göstərirdi. Qubadlı şagirdləri
21 orta, 26 səkkizillik,
15 ibtidai məktəb,
bir əyani-qiyabi orta məktəbdə təhsil alırdılar.
Xanlıq kəndindəki
126 ¹-li orta texniki peşə məktəbində hər
il 300 nəfər
şagird müxtəlif
peşələrə yiyələnirdi.
Qubadlı rayonunda 33 səhiyyə və 111 mədəni-maarif, eləcə
də 125 ticarət,
96 ictimai-iaşə, 25 məişət
xidməti və 21 rabitə müəssisəsi
əhaliyə xidmət
edirdi.
Rayonun ərazisi
tarixi abidələrlə
zəngindir. Kiçik ölçülü yerüstü
daş abidələrin
çox az
bir hissəsi rayonun tarix-diyarşünaslıq
muzeyinə gətirilmişdi.
Ümumiyyətlə, tarix-diyarşünaslıq muzeyində 5000-ədək nadir eksponat qorunurdu.
İşğaldan keçən 27 il ərzində rayon ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin
tarixi və mədəni abidələr
demək olar ki, bütünlüklə
ciddi dağıntılara
məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal
edildiyi gündən erməni vandalları tərəfindən dağıdılıb
və yandırılıb.
1993-cü il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnaməyə əsasən, erməni silahlı qüvvələri işğal etdikləri Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən geri çəkilməli, həmçinin hərbi əməliyyatları dayandırmalı və atəşkəs imzalanmalı idi. Lakin ermənilər bir sıra xarici dövlətlərin hərbi-siyasi və maliyyə dəstəyi sayəsində iyrənc əməllərindən əl çəkməyib, uzun illər Azərbaycan xalqına qarşı təxribatlar törədiblər. Qubadlı rayonunun ərazisində 100-dən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr mal-qara və donuz tövləsinə çevrilib. Bir sözlə, barbar ermənilər rayonun ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa, hamısını məhv etməyə çalışmışlar.
Xalqa müraciətində Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: "Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Əziz
həmvətənlər, mən hələ müharibənin
ilk günlərində sizə söz vermişdim ki, biz
düşməni torpaqlarımızdan qovacağıq, sona qədər
qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Rizvan HİLALOĞLU
Azərbaycan.-2020.- 28 oktyabr.- S.8.