Əsgər anası tezliklə bütün Qarabağın işğaldan azad ediləcəyi günü gözləyir

 

Ermənistanla 168 kilometr həmsərhəd olan Qazax rayonu uzun illərdir düşmənin təxribatları ilə üz-üzədir. Sərhəd kəndləri az qala hər gün Ermənistan tərəfindən atəşə məruz qalır. Lakin bütün çətinliklərə baxmayaraq, qazaxlılar mətinlik nümayiş etdirərək öz ata-baba yurdlarını tərk etməyi ağıllarına belə gətirmirlər.

Artıq müzəffər Azərbaycan Ordusu yaşanan bu çətinliklərin arxada qalacağına ümid yaradır. Qarabağ cəbhəsində qazanılan uğurlar nəticəsində düşmən işğal etdiyi şəhər, kənd və qəsəbələrimizdən geri çəkilir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan döyüş meydanında Azərbaycan Ordusunun gücü qarşısında tab gətirmir. Zabit və əsgərlərimiz göstərdikləri qəhrəmanlıqla bütün dünyaya sübut edirlər ki, Azərbaycanın məqsədi işğalçıları torpaqlarımızdan qovmaqdır.

Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının bütövlüyünü bərpa edən zabit və əsgərlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək indi hər birimizin müqəddəs borcu olmalıdır. Çünki ön cəbhədə vuruşan igid Vətən oğulları arxa cəbhədə olan ailəsindən nigaran qalmamalıdır.

"Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir” deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gizir Xəyyam Cəfərovun Yuxarı Salahlı kəndində yaşayan anasını ziyarət etmişdir. Hərbçi anası Nəcibə Cəfərovanın evində olan RİH başçısı ordumuzun Qarabağda əldə etdiyi qələbələrdə onun övladının da payı olduğunu deyərək buna görə ananı təbrik etmiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və onun timsalında bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyinə əminlik ifadə etmişdir. Vətənpərvər övlad böyüdən anaya ürək sözlərini çatdıran rayon rəhbəri verdiyi tərbiyəyə, övladına aşıladığı Vətən sevgisinə görə ona minnətdarlığını bildirmişdir. Hərbçi anasının qayğıları ilə maraqlanan R.Babaşov hərbçilərimizə göstərilən diqqət və qayğının bundan sonra da davamlı olacağını qeyd etmişdir.

Əsgər anası övladı ilə qürur duyduğunu bildirmişdir. Nəcibə xanım oğlunun timsalında bütün hərbçilərimizə böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan bayrağının tezliklə Qarabağın hər yerində dalğalanmasını arzulamış, həmin böyük tarixi günün çox yaxında olduğunu dilə gətirmiş, hərbçi anası kimi ona göstərilən qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə razılığını ifadə etmişdir.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 28 oktyabr.- S.9.