Ramin Quluzadə: “Erməni təxribatları bütün
regionda İKT-nin
inkişafına əngəl törədir”
Beynəlxalq Telekommunikasiya
İttifaqı (BTİ) və
Vyetnamın birgə təşkilatçılığı ilə “ITU Virtual Digital World 2020” beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində
“dəyirmi masa” keçirilib.
BTİ-yə
üzv olan çoxsaylı ölkənin
İKT üzrə rəsmilərinin
qatıldığı videotədbir
“COVID-19” pandemiyası zamanı
və sonrakı dövrdə rəqəmsal
texnologiyaların rolu mövzusunu ehtiva edib.
Tədbir BTİ-nin Baş katibi
Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış
nitqləri ilə başlayıb.
“COVID-19” pandemiyasının
qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı
“dəyirmi masa”da Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.
Nazir çıxışında ölkəmizdə
“COVID-19”la mübarizə və
pandemiyanın təsirini
minimuma endirmək üçün görülmüş
işlər barədə
müfəssəl məlumat
verib.
Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb.
Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.
“Pandemiya dövründə təhsil üzrə “Connected schools” və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə “Connected Government” layihələrinin tətbiqinə başladıq”, – deyə Ramin Quluzadə qeyd edib.
Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: “Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq”.
Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb.
Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.
Azərbaycan.- 2020.-24 oktyabr.- S.4.