İran Prezidentinin xüsusi elçisi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları barədə məlumatlandırılıb

 

Oktyabrın 28-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müaviniİran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə İran arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlığı vurğulayıb, gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən son gərginliyi ətraflı şəkildə müzakirə ediblər.

Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan baş nazirinin bölgədə gərginliyin artırılması məqsədini güdən, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verib. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri həyata keçirdiyini bildirib.

Nazir Ceyhun Bayramov xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəfə alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar da daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd edib.

Nazir Prezident İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğulayıb.

Xüsusi elçi Seyid Abbas Arağçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha diqqətə çatdırıb, mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığını ifadə edib.

Nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə həmsöhbətinə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə ediblər.

 

Azərbaycan.-2020.- 29 oktyabr.- S.4.