Qarabağ
münaqişəsinə qədər dövlət
qeydiyyatına alınan 700-dən artıq tarix
və mədəniyyət abidəsi erməni vandalizminin
qurbanına çevrilib
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Mədəniyyət nazirinin
birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini
icra edən Anar Kərimov bildirib.
Anar
Kərimov deyib: “O cümlədən Cəbrayıl rayonunda 11
və 15 aşırımlı Xudafərin körpüləri
(VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar
və Xudavənd məbədləri (XIII əsr), Ağdam
rayonunun Xaçın Türbətli kəndində məqbərə
(XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən
qədim sakinlərinin yaşayış məskənlərindən
biri - Azıx mağarası, Şuşa Dövlət
Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına
çevrilib.
Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonda
706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən
çox (2625 ədəd) tarix və mədəniyyət abidəsi
var. Dövlət qeydiyyatına alınan
abidələrdən 6-sı dünya əhəmiyyətli
memarlıq, 5-i dünya əhəmiyyətli
arxeoloji, 119-u ölkə əhəmiyyətli
memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli
memarlıq, 23-ü yerli əhəmiyyətli
bağ-park, monumental və
xatirə, 22-si yerli əhəmiyyətli
arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi
sənət nümunələridir”.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.4.