Fuad Ələsgərov:
Azərbaycan Avropa Məhkəməsinə
müraciət edərək, Ermənistan barəsində təminat
tədbirlərinin tətbiq olunmasını tələb edib
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov
AZƏRTAC-a müsahibəsində Ermənistanın müharibə
cinayətləri ilə bağlı Azərbaycan hökumətinin
Avropa Məhkəməsinə müraciətini şərh
edib.
Müsahibəni təqdim edirik.
-Məlum olduğu kimi, Ermənistan tərəfi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət göndərmiş və Azərbaycan Hökuməti, öz növbəsində, buna cavab vermişdir. Bu barədə məlumat verməyinizi xahiş edirik.
-Bəli, artıq qeyd etdiyiniz kimi, Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktı törətdikdən dərhal sonra siyasi riyakarlıq nümayiş etdirərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin müraciətinə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydası əsasında həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə və öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə məlumat verməyə dəvət etmişdir.
Avropa Məhkəməsinin bu dəvəti ilə əlaqədar olaraq Azərbaycan Hökuməti 2020-ci il oktyabrın 13-də Məhkəməyə müvafiq məlumat təqdim etmişdir.
Məlumatda vurğulanır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı Azərbaycan Respublikası İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam və qəti şəkildə riayət edir və heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri təcavüzkar ordu və hərbi birləşmələrə qarşı əməliyyat keçirərək yalnız legitim hərbi obyektləri hədəfə alır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də bu istiqamətdə bəyanatlar vermişdir.
Eyni zamanda, Avropa Məhkəməsinə Ermənistanın öz Konvensiya öhdəliklərinə əməl etməməsi, onun silahlı münaqişə başlayandan bu günədək Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarla mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə məlumat verilmişdir.
Avropa
Məhkəməsinə təqdim edilmiş məlumata, həmçinin
Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkilinin Ermənistan tərəfindən
beynəlxalq humanitar hüququn norma və prinsipləri, Cenevrə
konvensiyaları, xüsusilə müharibə zamanı
mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust
tarixli Konvensiya, BMT-nin Uşaq Hüquqları Konvensiyası və
insan hüquqları sahəsində digər sənədlərin
müddəalarının kobud şəkildə pozulması
barədə hesabatları əlavə edilmişdir.
Azərbaycan tərəfi Avropa Məhkəməsinə bu məlumatı təqdim etməklə dövlətimizin beynəlxalq təşkilatların üzvü kimi öz beynəlxalq öhdəliklərinə tam riayət etdiyini, Ermənistanın isə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən əl çəkmədiyini bir daha göstərmişdir.
-Azərbaycan Hökuməti necə, Ermənistanla bağlı Avropa Məhkəməsinə müraciət edibmi?
-2020-ci il oktyabrın 27-də Azərbaycan Hökuməti Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan Respublikası barəsində təminat tədbirlərinin tətbiq edilməsini tələb etmişdir. Bu müraciət Ermənistanın şikayətindən fərqli olaraq ciddi xarakter daşıyır və Ermənistan tərəfindən Konvensiya öhdəliklərinin pozulması barədə kifayət qədər əsaslı sübutlara söykənir.
Müraciətdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və kəndlərin, habelə mülki infrastrukturun artilleriya atəşinə məruz qoyulduğu, bunun nəticəsində 69 vətəndaşımızın qətlə yetirildiyi, 326 mülki şəxsə xəsarət yetirildiyi, minlərlə yaşayış evlərinə və mənzillərə bərpaolunmaz ziyan vurulduğu, eyni zamanda, beynəlxalq neft boru kəməri, su kəməri, Mingəçevir su anbarı və digər iqtisadi infrastruktur obyektlərinin hədəfə alındığı göstərilmişdir. Bunlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Ombudsmanı, Baş prokurorluğu, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən toplanmış mötəbər sübutlar, foto və videomateriallar təqdim edilmişdir. Yeri gəlmişkən, məlumat verim ki, qeyd edilən faktlar üzrə Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən 43 cinayət işi başlanmışdır.
Ermənistan
Respublikası, həmçinin öz silahlı qüvvələrini,
hərbi texnikasını Azərbaycan ərazisinə göndərməklə,
xarici ölkə vətəndaşlarını Azərbaycan ərazisində
hərbi əməliyyatlarda iştiraka cəlb etməklə,
Qarabağ ərazisindəki cinayətkar rejimə maliyyə,
siyasi və digər yardım göstərməklə öz
Konvensiya öhdəliklərini kobud şəkildə
pozmaqdadır.
Bütün
bunları nəzərə alaraq Azərbaycan Respublikası
öz müraciətində Avropa Məhkəməsindən tələb
etmişdir ki, Ermənistan öz ərazisindən və Azərbaycanın
işğal olunmuş ərazilərindən Azərbaycanın
yaşayış məntəqələrinin və mülki
infrastrukturunun artilleriya atəşinə tutulmasının,
işğal olunmuş ərazilərdə cinayətkar dəstələrə
hərbi, siyasi, maliyyə və digər dəstək verilməsinin,
silahlı qüvvələrinin, hərbi texnikasının və
muzdluların Azərbaycan ərazisinə göndərilməsinin
dərhal dayandırılması, öz silahlı qüvvələrinin
Azərbaycan ərazisindən dərhal
çıxarılması barədə təminat tədbirlərini
müəyyən etsin.
Ümid
edirik ki, Avropa Məhkəməsi Azərbaycanın müraciəti
ilə bağlı ədalətli qərar qəbul edəcək.
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş
Komandan cənab İlham
Əliyevin vurğuladığı kimi, ədalət
və beynəlxalq hüquq bizim tərəfimizdədir! Biz
zəfər çalacağıq!
Azərbaycan.-2020.- 29 oktyabr.- S.5.