Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb
Bakı
Beynəlxalq Enerji Xartiyası Forumu 40-a yaxın ölkənin yüksək səviyyəli
dövlət rəsmiləri,
beynəlxalq təşkilat,
enerji şirkətləri,
maliyyə institutları,
araşdırma mərkəzləri,
eləcə də dövlət qurumlarının
təmsilçiləri, ekspertlər
və mediadan ibarət 190-a yaxın nümayəndə ilə
videokonfrans formatında
baş tutub.
Energetika
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, "Enerji istehsalı, nəqliyyat, istilik və soyutma sahələrində
bərpa olunan enerji mənbələrinə
keçid: müasir çağırışlar və
meyllər" mövzusuna
həsr edilən Forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak və Avropa Komissiyası Enerji Baş Direktorluğunun Enerji Siyasəti üzrə Direktoru xanım Kristina Lobilla Borrero açılış
nitqi ilə çıxış ediblər.
Forum Energetika nazirinin
müavini Elnur Soltanovun moderatorluğu ilə Enerji Xartiyası Müqaviləsinə
üzv və müşahidəçi ölkələrin,
eləcə də beynəlxalq təşkilatların
yüksək səviyyəli
nümayəndələrinin çıxışları ilə
davam edib.
Albaniya,
Rumıniya, Böyük
Britaniya, Ukrayna və İran İslam Respublikasından olan dövlət rəsmiləri müzakirə
olunan məsələlər
üzrə öz baxışlarını səsləndirərək,
Forum iştirakçılarına səmərəli müzakirələr
arzulayıblar. İqtisadi
Əməkdaşlıq Təşkilatının
baş katibi Hadi Süleymanpur çıxışında digər
məsələrlə yanaşı,
Dağlıq Qarabağ
münaqişəsinə diqqət
çəkərək, Ermənistanın
Azərbaycanın enerji
və nəqliyyat infrastrukturuna hücumları
ilə bağlı dərin narahatlığını
bildirib və bu cür aqressiv
yanaşmanın ümumi
regional enerji təhlükəsizliyi
üçün zərərli
ola biləcəyini qeyd edib, davam
edən münaqişə
dövründə canlarını
fəda edən şəhidlər üçün
Azərbaycan Hökumətinə
və Azərbaycan xalqına başsağlığı
verib. Davamlı sosial-iqtisadi hədəflərə
çatmaq üçün
bölgədəki sülhün
və sabitliyin əhəmiyyətini vurğulayaraq,
Azərbaycan Respublikasının
suverenliyinə, ərazi
bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına
əsaslanan münaqişənin
sülh yolu ilə həllinə dəstəyini ifadə edib.
Forumun "Bərpa olunan enerji mənbələrinə dəstək - hüquqi, texniki və maliyyə aspektləri" adlı növbəti sessiyası Enerji Xartiyası Katibliyindən Kanat Botbayevin moderatorluğu ilə baş tutub. Sessiya Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Avropa Günəş Enerjisi Assosasiyası, həmçinin Avstriya Respublikasının aidiyyəti nazirliyindən olan nümayəndələrin çıxışları ilə davam edib. Bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyaya çağırış və imkanlarla bağlı məsələlər nəzərdən keçirilib, müasir siyasətlər, layihələr və texnologiyaların dünyada enerji sektorunun gələcəyini necə formalaşdıracağına dair müzakirələr aparılıb.
Energetika nazirinin müavini, Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyevin moderatorluğu ilə keçirilən "Enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi" adlı son sessiyada isə Yaponiyanın Xarici İşlər Nazirliyi, Kopenhagen Enerji Səmərəliliyi Mərkəzi və Beynəlxalq Enerji Xartiyasından olan nümayəndələrlə yanaşı, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov da çıxış edib. Zaur Məmmədov Azərbaycanda enerji səmərəliliyinin təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, sahə üzrə hazırlanan qanun layihələrinə və bu qanun layihələrinin qəbulunun sahənin tənzimlənməsində mühüm əhəmiyyətə malik olduğunu, qanunlarda nəzərdə tutulan tədbirlərin bilavasitə və ya dolayı yolla səmərəliliyin təmin edilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Z.Məmmədov çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması və nəticədə dinc əhali arasında həlak olanların və yaralananların olduğunu Forum iştirakçılarının nəzərinə çatdırıb.
Forum Energetika nazirinin müavini Samir Vəliyevin və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakın yekun nitqləri ilə öz işini yekunlaşdırıb.
Xatırladaq
ki, Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi
dövründə keçiriləcək Beynəlxalq Enerji
Xartiyası Forumu və Beynəlxalq Enerji Xartiyasının
31-ci Nazirlər görüşünün bu ilin dekabr
ayında ölkəmizdə təşkil edilməsi nəzərdə
tutulur.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.5.