Erməni
işğalçıları dinc əhalinin
qətliamını davam etdirirlər
Bu dəfə
hədəf Bərdənin Qarayusifli kəndi
oldu
Xəbər verildiyi kimi, oktyabrın 27-də saat
16:40 radələrində Bərdə rayonunun
cəbhə xəttindən uzaq məsafədə
yerləşən Qarayusifli kəndi Ermənistan
silahlı qüvvələrinin çoxsaylı atəşinə
məruz qalıb. Bununla Ermənistan ordusu öz faşist xislətinə sadiq
qalaraq növbəti cinayət əməli
törədib.
Düşmənin bu cinayəti də faciə ilə nəticələnib. Raket atəşləri 5 nəfərin ölümünə, 14 nəfərin isə yaralanmasına səbəb olub. Həlak olanlar arasında 7 yaşlı Aysu da var. Aysunun 3 yaşlı bacısı Tahirə isə qəlpə yarası alıb. Yaralılar Bərdə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onu da təəssüflə qeyd etmək lazımdır ki, yaralananların üçü azyaşlı uşaqdır. Xəstəxanada yaralılara baş çəkdik, həkimlərlə görüşdük. Həkim Zaur Əliyev məlumat verdi ki, yaralılara yüksəksəviyyəli tibbi yardım göstərilmişdir. Cərrahi əməliyyatlar edilmiş, zəruri tədbirlər görülmüşdür. Kəllə-beyin zədəsi alan bir nəfər neyrocərrahiyyə şöbəsinə göndərilmişdir. Digər yaralıların vəziyyəti orta ağır durumdadır.
Qəlpə yarası alan Qarayusifli kənd sakini Zərqələm Alıyeva: "Raket partlayanda həyətdə idim. Güclü dalğadan yerə yıxıldım. Elə bir göy uçub yerə tökülürdü. Özümə gələndə hiss etdim ki, yaralanmışam. Xeyli qan itirmişdim. Dərhal xəstəxanaya çatdırdılar. Sağ olsun həkimlərimiz, bizə çox canıyananlıqla baxırlar. Ölümdən qorxmuram. Vətənə canım qurban olsun. Amma həlak olan, yaralanan uşaqların halına acıyıram. Bizə ən böyük təsəlli, yaralarımızın məlhəmi qəhrəman oğullarımızın döyüş meydanında çaldığı zəfər, torpaqlarımızı işğaldan azad etmək uğrunda savaşda qazandığı qələbələrdir”.
Lazım
QULİYEV
Azərbaycan-2020.- 29 oktyabr.- S.6.