Baş Prokurorluq Bərdə şəhərinin atəşə tutulması ilə bağlı bəyanat yayıb

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bərdə şəhərinin atəşə tutulması ilə bağlı bəyanat yayıb.

 

Baş Prokurorluqdan AZƏRTAC-a daxil olan məlumata əsasən bəyanatda deyilir:

 

"27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin

 

SİYAHISI:

 

1. 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

2. 1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

3. 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

4. 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

5. 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

6. 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

7. 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

8. 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

9. 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

10. 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

11. 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

12. 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

13. 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

14. 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

15. 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

16. 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

17. 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

18. 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

19. 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

20. 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

21. 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

 

Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.