Ədliyyə Nazirliyi
nüfuzlu beynəlxalq təşkilatlara
müraciətlər ünvanlayıb
BMT-nin dəstəyi ilə yaradılmış
və dünyanın
140 dövlətini birləşdirən
Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyasının
(IAACA) vitse-prezidenti kimi
Azərbaycan Respublikasının
Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin
işğalçı Ermənistanın
ölkəmizə qarşı
törətdiyi hərbi
təxribatları və
müharibə cinayətləri
barədə məlumatlandırılması
məqsədilə Assosiasiyanın
prezidenti, Qətərin
Baş prokuroru Dr. Ali
Al Marriyə müraciət
ünvanlayıb.
Nazirlikdən APA-ya verilən
məlumata görə,
müraciətdə Ermənistanın
hərbi təcavüzü
nəticəsində əzəli
tarixi torpağımız
Dağlıq Qarabağın
və ətraf yeddi rayonun işğal
olunması, Azərbaycan
əhalisinin etnik təmizləməyə məruz
qalaraq bir milyon soydaşımızın
qaçqın və məcburi köçkünə
çevrilməsi qeyd
edilib.
Bildirilib
ki, münaqişənin
ATƏT-in Minsk Qrupu çərçivəsində
danışıqlar yolu
ilə həllini müxtəlif bəhanələrlə
uzadan, BMT Təhlükəsizlik
Şurasının erməni
silahlı qüvvələrinin
işğal altında
olan ərazilərimizdən
dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən
status-kvonu davam etdirərək 30 ildir torpaqlarımızı işğal
altında saxlayır.
Ermənilər bu ərazilərin
zəngin təbii ehtiyatlarını istismar edərək qeyri-qanuni iqtisadi fəaliyyət göstərir, qanunsuz məskunlaşdırma həyata
keçirir, tarixi, mədəni və dini abidələrimizi məhv edir, məscidlərimizdə heyvanlar,
xüsusilə müsəlmanların
hisslərinə toxunan
donuz saxlayırlar.
Bütün bunlarla beynəlxalq
hüquq normalarını,
o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq
işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi
qeyd olunaraq düşmənin hərbi
təxribatlarını intensivləşdirdiyi
bildirilib.
Müraciətdə bu məsələlərin
BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiq
faktlarla dünya ictimaiyyətinin diqqətinə
çatdırıldığı vurğulanıb.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı birləşmələrinin yaşayış
məntəqələrimizə və dinc əhaliyə
qarşı başladığı
hərbi təxribatlara
cavab olaraq ölkəmiz BMT Nizamnaməsinin
51-ci maddəsinə uyğun
olaraq özünümüdafiə
hüququna əsaslanmaqla
işğalçını sülhə məcbur etmək məqsədilə
əks-hücum əməliyyatları
həyata keçirir.
Doğma
torpaqları uğrunda
və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan ordumuzun uğurlu əks hücumunu görən Ermənistan tərəfinin
qəsdən və məqsədyönlü şəkildə
ağır artilleriya qurğularından, xüsusilə
beynəlxalq hüquq normalarına əsasən
istifadə olunması
qadağan edilmiş kasset bombaları ilə hərbi əməliyyatlar aparılan
yerdən onlarla, yüzlərlə kilometr aralıda yerləşən
insanların sıx məskunlaşdığı Gəncə,
digər dinc şəhər və rayonlarımızı, o cümlədən
oktyabrın 28-də Bərdəni
dəfələrlə atəşə
tutduğu, nəticədə
21 nəfərin həlak
olduğu, 70 insanın
isə yaralandığı
diqqətə çatdırılıb.
Bütövlükdə isə,
bu günədək təkcə hərbçilərimiz
deyil, eyni zamanda qadın, uşaq və ahıllar olmaqla 94 dinc sakinin həlak
olduğu, 380-dən çox
mülki şəxsin
yaralandığı, 2.700-dən artıq yaşayış
binasının və
mülki obyektin dağıdıldığı və ya ciddi
ziyan dəydiyi qeyd olunub.
Razılaşdırılmış humanitar atəşkəs rejiminə dəfələrlə
məhəl qoymayan Ermənistanın qeyri-insani
siyasətindən əl
çəkmədiyi, dinc
əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını
davam etdirdiyi, həlak olanların və sayının artdığı vurğulanıb.
Müraciətdə Gəncəyə səfər
etmiş Qətərin
Azərbaycandakı səfirinin
dinc insanlara qarşı törədilmiş
müharibə cinayətlərini
pislədiyi, Qətərin
ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə dəstəyi minnətdarlıqla
qeyd edilib.
Bundan əlavə, münaqişəyə
xarici ölkələrdən
olan hərbi muzdluları cəlb edən Ermənistan tərəfindən, həmçinin
Çikaqo Konvensiyasının
tələbləri pozularaq
humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana
silahların daşınması
vurğulanıb, bununla
əlaqədar Azərbaycan
tərəfindən Beynəlxalq
Mülki Aviasiya Təşkilatına müraciət
olunduğu barədə
məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan döyüş meydanında
açıq üstünlüyə
malik olmasına baxmayaraq, insanların həyatını qorumaq naminə qan tökülməsini istəmir
və razılaşdırılmış
prinsiplər çərçivəsində
sülh danışıqlarının
aparılmasının tərəfdarıdır.
Nazir beynəlxalq nüfuza malik olan peşəkar hüquqşünas və prokuror kimi müharibə cinayətlərinin qarşısının alınması naminə öz səylərini əsirgəməyəcinə, IAACA-da təmsil olunan çoxsaylı dövlətlərin mötəbər nümayəndələrinin səslərini bütün dünyaya ucaldacaqlarına ümidvar olduğunu bildirib.
Ədliyyə Nazirliyi tərəfindən həmçinin, birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınması, 11-i uşaq olmaqla onlarla dinc vətəndaşların həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verilib, habelə ordudan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqları cəlb etməsi faktları diqqətə çatdırılıb. Bununla da Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulanıb.
Eyni zamanda, BMT-nin digər ixtisaslaşmış qurumu və fəal tərəfdaşımız olan Dünya Bankına müraciət göndərilib. Bildirilib ki, respublikamızın dinc əhalisi və mülki obyektləri dəfələrlə Ermənistanın terror və hərbi təxribatlarına məruz qalır, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsinə dair birgə layihə həyata keçirdiyimiz Gəncə və digər yaşayış bölgələrimizə raket zərbələri endirilib, məhkəmə binalarına ciddi ziyan dəyib.
Bundan əlavə, nazirliyin sıx əməkdaşlıq etdiyi, dünyadakı yüksək nüfuzu və həyata keçirdiyi nəcib missiya nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə) müraciətlər olunub və onların qeyd olunan məsələlərdə laqeyd qalmayacaqlarına, insanların həyatını və sağlamlığını qorumaq naminə qan tökülməsini dayandırmaq və sülhü bərpa etmək üçün səslərini ucaldacaqlarına ümidvar olduğu bildirilib.
Nazirlik
tərəfindən analoji müraciətlər, uzun illər əməkdaşlıq
edilən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına
(GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı
Fonduna (IRZ) da ünvanlanıb.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.