Ombudsman: Ermənistan
beynəlxalq hüququn norma
və prinsiplərini növbəti dəfə kobud
şəkildə pozub
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin
Bərdəni raket atəşinə tutması ilə
bağlı açıqlama yayıb.
Ombudsman aparatından AZƏRTAC-a bildirilib ki, açıqlamada deyilir: “2020-ci il oktyabrın 26-da saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur.
Ermənistan
silahlı qüvvələri tərəfindən ikinci
gündür ki, Bərdə rayonu ərazisində mülki əhalinin
sıx məskunlaşdığı yaşayış məntəqələrinin
beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından
növbəti dəfə istifadə edilməklə atəşə
tutulması çoxsaylı insan tələfatı və
dağıntılar baş verməsi ilə nəticələnib.
Təəssüflə bildiririk ki, 2020-ci il oktyabrın 28-də saat 13:00 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib.
Təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkməyən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror aktı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasını müddəalarını bir daha kobud şəkildə pozub.
Ermənistanı daha da azğınlaşdıran, sülh və insanlıq əleyhinə yönəlmiş yeni-yeni qatı cinayət əməlləri törətməyə sövq edən əsas amillərdən biri də həmin işğalçı dövlətin ötən dövr ərzində Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətlərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, ölkəmizin ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının hüquqi vəziyyətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsi ilə bağlıdır.
Bir
daha dünya ictimaiyyətinə səslənərək
bildiririk ki, Ermənistan tərəfindən müntəzəm
şəkildə törədilməkdə davam edən qəddar,
qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın,
beynəlxalq müharibə cinayətlərinə yol vermiş
işğalçı Ermənistan dövlətindən beynəlxalq
hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə
əməl etməyi, mülki əhalinin həyat və
sağlamlığı üçün ciddi təhlükə
yaradan cinayətkar əməllərdən çəkinməyi,
Ermənistan silahlı qüvvələrinin işğal etdikləri
Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində
təqsirkar olan şəxslərin cəzalandırılması
ilə bağlı təsirli tədbirlər görülməsini
ədalət və insanlıq naminə tələb edin”.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.