İran Prezidentinin xüsusi
nümayəndəsi: Mülki şəxslərə
atəş açmaq hərbi cinayətdir
Azərbaycanın Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulması və nəticədə mülki insanların həlak olması beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Ərakçı Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Tehran bu hadisəni şiddətlə qınayır və belə hallara son qoyulmasını tələb edir.
A.Ərakçı Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair İranın təkliflər irəli sürdüyünü diqqətə çatdıran A.Ərakçı qeyd edib ki, dövlətlərin ərazi bütövlüyünün qorunması İranın xarici siyasətinin əsas prinsipidir. İran həmişə Azərbaycan ərazilərinin işğal altında qalmasına müxalif olub.
Azərbaycanın İran ilə sərhəd rayonlarının işğaldan azad olunmasının şad xəbər olduğunu bildirdi. Bu bölgədə İran ilə Azərbaycan birgə “Xudafərin” və “Qız qalası” su bəndi inşa edirlər. Artıq ölkələrimiz su bəndlərindən və onların üzərində tikilən Su Elektrik Stansiyasından səmərəli istifadə edəcəklər.
A.Ərakçı Moskva, Yerevan və Ankaraya da səfər edəcəyini bildirib.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.