Səngəçal terminalı
- düşmənə göz dağı
Neft kəmərlərimizi hədəfə alan erməni terrorçuları artıq neçə dəfə raketlərdən atəş açaraq məqsədlərini gerçəkləşdirməyə çalışmışlar. Raketlər Yevlax rayonunun Aran qəsəbəsində Bakı-Tbilisi-Ceyhan (BTC) və Xızı rayonunda - Sitalçay yaxınlığındakı ərazidə Bakı-Novorossiysk neft kəmələrinə tuşlanmışdı.
Lakin raketlər ölkəmizin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir. Odla oynamaqdan çəkinməyən erməni faşistləri Azərbaycanı ixrac kəmərlərinə, həmçinin Səngəçal terminalına hücum edəcəkləri ilə hədələyirlər.
Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Belə ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından çıxarılan neft, qaz və kondensat sualtı xətlərlə terminala çatdırılır.
Bu nəhəng obyekt hazırda hər gün 1,2 milyon barel neft və kondensatı, həmçinin 81 milyon standart kubmetrə yaxın "Şahdəniz” qazını texniki emaldan keçirmək gücünə malikdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.
Düşmənin gözü Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu əlbəttə, götürmür. O millətin paxıllığı, həmişə nailiyyətlərimizə kölgə salmaq cəhdi də var. Bir də axı Ermənistan ölkəmizin həyata keçirdiyi bütün qlobal layihələrə dalandan baxır.
Məlumdur ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir. Bu ölkə regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Bir sözlə, Ermənistan öz günahları və cinayətləri ucbatından bu sahədə də çıxdaş edilib.
Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir. Ermənistan bütün işlərə kənardan seyrçi kimi baxır. Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl demişdir ki, Ermənistanı enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq!
İndi mənfur qonşularımız bizə hədə-qorxu gəlmək istəyirlər ki, neft-qaz kəmərlərimizə hücum edəcək, Səngəçalı oda qalayacaqlar. Onların güddüyü bu üzdəniraq məqsədlərdən Prezident İlham Əliyevin bir sıra xarici KİV-ə müsahibələrində də bəhs olunmuşdur.
Fransanın "Figaro” qəzetinə müsahibəsində dövlətimizin başçısı bildirmişdir ki, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü dəfə hərbi təxribat olmuşdur: "Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik Boru Kəməri demək olar ki, tamamlanıb”. Cənub qaz dəhlizi” təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi”.
Xatırladaq ki, ölkəmiz neft, qaz və ixrac layihələrini çoxsaylı xarici tərəfdaşları ilə birlikdə həyata keçirir. Məsələn, BTC üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçir. Bu layihədə 11 dünya şöhrətli şirkət tərəfdaşlıq edir. Odur ki, BTC-ni hədəfə almaq, ona zərər yetirmək təkcə Azərbaycanın deyil, həmin şirkətlərin təmsil etdiyi ölkələrin hər birinin iqtisadiyyatına zərbə vurmaq deməkdir. Üstəlik, BTC ilə yanaşı, Azərbaycanın və Gürcüstanın ərazisi boyu "Cənub qaz dəhlizi”nin seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəməri uzanır. Buradan eləcə də Bakı-Supsa neft kəməri keçir. Bu layihələrdə də bizim çoxsaylı tərəfdaşlarımız var. Sözügedən boru xətlərinin hamısının başlanğıcı Səngəçaldadır.
Erməni vandalları düşünməlidirlər ki, təkcə Azərbaycanın deyil, bu layihələrin bütün səhmdarlarının qarşısında cavab verməli olacaqlar. Onların məqsədi, eləcə də həmin tərəfdaşlarımızla bizim aramızda nifaq salmaqdır.
Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdur: "Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər”.
Prezidentdən müsahibə alan jurnalistlər qeyd ediblər ki, Azərbaycan nəinki enerji, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişdir. Bu mövzuda səsləndirilən sualların cavabında dövlətimizin başçısı vurğulayıb ki, hazırda biz Xəzər dənizinin digər tərəfindəki - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. İnfrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə, başlanğıcda enerji infrastrukturu dayanır. Belə ki, neft və qaz kəmərlərimiz mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə isə, artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.
Son illər Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Qonşularının düşməni olan, onların torpağına iddia edən, tarixi saxtalaşdırmağa çalışan ermənilər bütün bunlardan kənarda qaldığından bizim qurub-yaratdıqlarımız onlar üçün göz dağına çevrilib.
Flora SADIQLI
Azərbaycan.-2020.- 29 oktyabr.- S.10.