Azərbaycanın Baş prokuroru ilə türkiyəli həmkarları arasında telefon danışığı olub

 

Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül, Baş prokuroru Bekir ŞahinAli Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik edib, onlara firavanlıq arzularını çatdırıb.

Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türkiyə xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxaraq dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Kamran Əliyev Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc almaqla dünya ölkələrinə nümunə olduğunu vurğulayıb, qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə etməsi və Vətən müharibəsi dönəmində ən yüksək mənəvi dəstəyinin xalqımız üçün olan əhəmiyyətindən söz açıb.

Baş prokuror Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayətlər, o cümlədən oktyabrın 27-də və 28-də mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atıldığını və nəticədə 25 nəfərin həlak olması, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi barədə həmkarlarını məlumatlandırıb.

Türkiyəli həmkarları, öz növbəsində Ermənistanın Azərbaycana yönəlmiş terror əməlləri ilə əlaqədar həlak olanların ailələrinə və xalqımıza dərin hüznlə başsağlığı verərək yaralananlara Allahdan şəfa diləyiblər.

Ermənistanın Azərbaycana yönəlmiş terrorçu hücumlarına görə cavab verməli olduğunu bildirən həmkarlar Ermənistanın oktyabrın 27-də və 28-də Bərdə şəhərinin dinc sakinlərini hədəfə alaraq raket zərbələri endirməsini kəskin pisləyib, Türkiyənin daim Azərbaycanın yanında olacağını diqqətə çatdırıblar.

Kamran Əliyev və türkiyəli həmkarları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Azərbaycan.- 2020.-30 oktyabr.- S.3.